beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zövcə ilə yaxşı davranmaq

Əbu Hureyrə (r.a)) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mömin kişi mömin qadına nifrət etməsin. Əgər bir xüsusiyyətindən xoşu gəlməsə, digər xüsusiyyətindən razı qalar.” Müslim rəvayət etmişdir. ( Müslim: Süd vermə ? 1469. Əhməd: 2/329.)

ŞƏRH

ŞƏRH

Peyğəmbər (s.a.v) bununla kişini qadını ilə yaxşı davranmaq üçün ən böyük səbəbə yönəltmiş və ona riayət etməyə çağırmışdır. O (s.a.v), möminə öz zövcəsi ilə pis davranmağı qadağan etmişdir. Bir işin qadağası isə, onun əksinin əmridir. Peyğəmbər (s.a.v) mömin kişiyə zövcəsində olan gözəl əxlaqi keyfiyyətlərə, özünə uyğun gələn xüsusiyyətlərə diqqət yetirməyi əmr etmiş və bunları zövcəsinin xoşagəlməz xüsusiyyətlərinə qarşı qoymağı tapşırmışdır. Əgər ər qadınında olan gözəl əxlaqi keyfiyyətlər və sevdiyi yaxşı xüsusiyyətlər barədə düşündükdən sonra, onu əsəbiləşdirən və pis davranışına səbəb olan işlərə baxsa görəcək ki, bunlar müqayisədə bir-iki məsələdir. Zövcəsində sevdiyi xüsusiyyətlər isə həddən artıq çoxdur. Əgər kişi ədalətli yanaşarsa, qadının pis xüsusiyyətlərinə göz yumar. Çünki onlar qadının yaxşı xüsusiyyətləri arasında itib batır.

Bu cür davranışla yoldaşlıq davamlı olur, vacib və bəyənilən haqlar öz sahibinə çatdırılır. Zövcəsində xoşuna gəlməyən bir xüsusiyyət olduqda, onu düzəltməyə və dəyişməyə çalışmalıdır.
Qadınının yaxşı işlərinə göz yumub, bütün diqqətini eyiblərinə yönəldən kişi, zövcəsi ilə insafsız davranmış olar. Onun ailə həyatında xoşbəxt olması demək olar ki, mümkün deyildir.

İnsanlar bu məsələdə üç qismə bölünürlər:
Ən ali məqam sahibi, gözəl əxlaqi keyfiyyətlərə və sevdiyi yaxşı xüsusiyyətlərə diqqət verən və bütün pisliklərə göz yumandır.
Ən aşağı dərəcə sahibi, birincinin tam əksində olan kimsədir. Belə insan gözəl əxlaqdan məhrum olmuş, müvəffəqiyyəti əldən vermiş, zəif imanlı adamdır. Yəni, heç vaxt yaxşı xüsusiyyətləri nəzərə almaz, ancaq pisliklərə diqqət yetirər. Bir çox hallarda isə, belə kimsələr zənnə və fərziyyələrə qapılaraq məsələni böyüdürlər. Bu adamlar real həyatdan göründüyü kimi, kiçik bir işi olduqca böyüdürlər.
Üçüncü qisim insanlar bu iki işin ikisinə də diqqət yetirir və onları müqayisə edirlər. Bundan sonra zövcəsi ilə nəticəyə uyğun davranırlar. Bu qrup insanlar insaflı sayılsalar da, kamillikdən məhrum olmuşlar.

Peyğəmbərin (s.a.v) yönəltdiyi bu ədəb qaydalarına riayət etmək və ünsiyyətdə olduğumuz hər bir fərdlə bu üsulla davranmaq lazımdır. Bu, insana çoxlu dini və dünyəvi fayda gətirər. Həmin şəxs qəlb rahatlığı tapar, vacib və bəyənilən işləri yerinə yetirməyə imkan əldə etmiş olar. İnsanın kamil olması mümkünsüzdür. Öz eyiblərini nəzərə alan və başqalarının ona qarşı etdikləri xoşagəlməz hərəkətlərinə göz yuman insan, ləyaqət sahibi ola bilər. Bu halda onun üçün gözəl əxlaqlı, əməlisaleh və səmimi olmaq asanlaşacaqdır. Allah müvəffəq edəndir.


Tarix: 05.05.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar