beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xalidin (r.a) İraqa (Zətus Səlasil döyüşünə) göndərilməsi:

Xalidin (r.a) İraqa (Zətus Səlasil (1) döyüşünə) göndərilməsi:

Əbu Bəkr (r.a) Xalid ibn əl-Validə (r.a) məktub yazıb İraqa getməsini əmr edir. Xalid də İraqa tərəf hərəkət etdi. Farsların sərkərdəsi Hörmüz müsəlmanlara qarşı döyüşmək üçün böyük qoşun hazırlamışdı. Xalid (r.a) öz adamları ilə farsların qoşunu qarşısında Kazimə (Hal-hazırda bu yer Kuveyt dövlətində yerləşir.) deyilən yerdə düşərgə saldı. Xalid (r.a) piyada Hörmüz tərəfə irəlilədi və bir-iki zərbədən sonra Xalid (r.a) onu yerə yıxdı. Bu zaman Hörmüzun mühafizəçiləri onu Xalidin (r.a) əlindən xilas etmək üçün irəli atıldılar. Bunu görən əl-Qaıqa ibn Amr (r.a) onların qarşısını kəsərək hücumu yatırdı. Beləliklə, farslar məğlub oldular. Müsəlmanlar axşama qədər mübarizəni davam etdirərək onların silah-sursatını və mallarını ələ keçirdilər.

Şam döyüşləri:

Əbu Bəkr əs-Siddiq (r.a) Ərəbistan yarımadası ilə bağlı işlərin icrasını bitirdikdən sonra qüvvələrini İraqa tərəf yönəldərək Xalid ibn əl-Validi (rşa) oraya göndərdi və Amr ibn əl-Asa (r.a) bir məktub yazdı. Məktubda deyilirdi: "Ey Abu Abdullah! Mən sənin dünya və axirət həyatın üçün daha xeyirli olan bir işi seçmək qərarına gəldim. Əgər indiki vəziyyətinin sənə daha sevimli olduğunu düşünürsənsə, mənim fikrimdən imtina edə bilərsən!"
Amr ibn əl-As (r.a) məktubun cavabında belə dedi: "Mən İslam oxlarından biriyəm. Sən isə bu oxları cəm edən və yayından atan Allah bəndəsisən. İndi isə bax ən çətin və ən təhlükəli hədəfi seç və məni oraya at!"
Bu razılığı eşidən Əbu Bəkr (r.a) vilayətlərə sərkərdələr və əmirlər təyin etməyə başladı. Bu bölgülər belə idi:
a. Yezid ibn Əbi Sufyanı ən böyük dəstə ilə Dəməşq vilayətinə təyin etdi.
b. Əbu Ubeydə ibn əl-Cərrahı Hums vilayətinə təyin edti.
c. Amr ibn əl-Ası Fələstinə təyin etdi.
Sonra Yezid ibn Əbu Sufyana dəstək olaraq Şurahbil ibn Həsənəni və İkrimə ibn Əbu Cəhli onun yanına göndərdi.
Yərmuk döyüşündə iştirak edən ən görkəmli səhabələr aşağıdakılardır:
Əbu Ubeydə ibn əl-Cərrah, əz-Zubeyr ibn əl-Əvvam, Abdullah ibn Məsud, Əbu-d-Dərda, Əbu Hureyrə, Şurəhbil ibn Həsənə, Amr ibn əl-As, Əbu Sufyan ibn Hərb, Yezid ibn Əbu Sufyan. Allah bütün səhabələrdən razı olsun!

Yərmuk döyüşü:(Müsəlmanlarla bizanslılar arasında baş verən döyüş. )

Bu döyüşdə müsəlman ordusunun sayı iyirmi yeddi min, xaçpərəst ordusunun sayı isə yüz iyirmi min idi.
Valilər baş verən bu böyük hadisə haqda Əbu Bəkrə xəbər çatdıraraq ondan əlavə kömək istədilər. Əbu Bəkr (r.a) isə onlara belə yazdı: "Hamınız birləşin və bir ordu olun! Siz Allahın köməkçilərisiniz. Allah Ona kömək edənlərə kömək olar. Ona qarşı küfr edənləri isə zəlil edər. Siz sayınızın azlığından deyil, edəcəyiniz günahlar ucbatından məğlub ola bilərsiniz. Özünüzü günahlardan qoruyun!" Sonra Əbu Bəkr (r.a) dedi: "Allaha and olsun, xaçpərəstləri şeytanın vəsvəsəsindən Xalid ibn əl-Valid ilə yayındıracam". Sonra Xalidə (r.a) xəbər göndərib ona İraqdan Şama tərəf getməsini və ora çatdıqda bütün qoşuna əmirlik etməsini tapşırdı. Xalid öz yerinə Musənnə ibn Harisəni təyin edib tələsik doqquz min beş yüz nəfərlik bir qoşunla Şama tərəf yollandı. Şama tez çatmaqdan ötrü özü ilə Nafi ibn Umeyrə ət-Taiy adlı bələdçini götürdü və yolu qısaltmaq üçün əvvəllər bu istiqamət üzrə istifadə edilməyən yollardan keçdi, vadilər aşaraq uzun yol qət etdi.
Bu yol çox çətin və susuz vadilərdən ibarət idi. Su tükəndikdə dəvələri kəsib suları atlara verdilər ( Dəvənin bədənində içərisində su ehtiyatı olan tuluq olur. Onlar dəvələri kəsib tuluqdakı suyu istifadə edirdilər.). Beləliklə, Xalid Şama beş gün ərzində çatdı. Yola çıxmadan öncə bir nəfər bədəvi ərəb Xalidə demişdi: "Əgər səhəri fılan ağacın yanında qarşılasan, sən və səninlə olanlar qurtulmuş olarsınız. Əgər deyilən ağaca yetişə bilməsən, sən və səninlə olanlar həlak olarsınız". Onlar səhər vaxtı həmin ağaca çatdıqda, Xalid  dedi: "Səhər açılanda camaat gecə getdikləri yola sevinəcəklər". Bu söz daimi çəkilən bir misal oldu.
Ərəb xristianlarından olan bir nəfər səhabələrin vəziyyətini öyrənmək üçün gecə pusquya çıxmışdı. O, səhabələrin vəziyyətini gördükdən sonra belə deyirdi: "Mən gecələri rahiblik, gündüzləri süvarilik edən bir tayfa gördüm. Allaha and olsun, onların şahzadələri oğurluq etsəydi, onun da əlini kəsər, zina etsəydi, onu da daşqalaq edərdilər". Bizanslıların sərkərdəsi ona dedi: "Allaha and olsun, əgər sənin dediklərin doğrudursa, onda yerin altı üstündən daha xeyirlidir".
Xalid (r.a) İraqdan gəldikdə ərəb xristianlarından bir nəfər onun qarşısına çıxıb dedi: "Bizanslılar çox, müsəlmanlar isə azdırlar".
Xalid dedi: "Vay sənin halına! Sən məni bizanslılarlamı qorxudursan?! Qoşun insanların sayı ilə deyil, qələbə ilə çoxalar və məğlubiyyətlə azalar. Allaha and olsun, bizanslıların saylarının artması məni maraqlandırmır, mən Əşqərin (Əşqər: Peyğəmbərin  atının adı idi. Xalid (r.a) İraqdan gələrkən bu at xəstələnmişdi.)sağalmasını istəyirəm.
Bizans qoşunun başçısı Mahan Xalidi görüşə çağırdı. Xalid ibn əl-Valid (r.a) görüşə getdikdə Mahan dedi: "Biz bilirik ki, sizi öz diyarınızdan çıxarmağa məcbur edən aclıq və qıtlıqdır. Gəlin mən sizin hər birinizə on dinar, paş-paltar, yemək-içmək verim, siz də öz ölkənizə qayıdın. Gələn il biz sizə eyni şeyləri göndərərik".
Xalid (r.a) dedi: "Bizi ölkəmizdən sənin dediklərin çıxarmamışdır. Biz qaniçənlərik və eşitmişik ki, bizanslıların qanından daha ləzzətli qan yoxdur. Biz buna görə gəlmişik".
Sərkərdələr ayrıldıqdan sonra igid İslam döyüşçüləri meydana atılıb döyüşü qızışdırdılar.
Bizanslılar xaçları göyə qaldırıb ildırım vahiməli səslə irəli atıldılar. Keşişlər və komandirlər onları döyüşə həvəsləndirirdilər. Onların sayı həddindən artıq çox, silahları misilsiz idi. Müsəlmanlar bir nəfər kimi bizanslıların üzərinə hücuma keçdilər. Bizans qoşunu çox davam gətirməyib pərən-pərən düşdü və meydandan qaçdı. Döyüş müsəlmanların tam qələbəsi ilə bitdi.
Yərmukdakı qəhrəmanlıq nümunələri:
İkrimə ibn Əbu Cəhl (r.a) Yərmuk döyüşü olan gündə ayağa qalxaraq dedi: Mən (İslamı qəbul etmədən öncə) Peyğəmbərə (s.a.v) qarşı bir çox yerlərdə döyüşmüşəm. İndi sizin (bizansların) qarşınızdanmı qaçacam?!" Sonra uca səslə: "Ölümə imza atmaq istəyən kimdir" – deyərək haray çəkdi. Əmisi əl-Haris ibn Hişam, Dirar ibn əl-Əzvər və onlarla bərabər müsəlmanların dörd yüz süvarisi ona qoşuldu və şiddətli döyüş apardılar. Onların çoxu bu döyüşdə şəhid oldu.
Tarixçilər deyirlər ki, onlar döyüşü bitirdikdə su istədilər. Suyu götürən hər bir döyüşçü öz qardaşını özündən önəmli sayaraq suyu içmədən qardaşına ötürürdü. Belə olduğu halda onların heç biri də su içmədi və hamısı həlak oldu.
Müsəlmanlar Yuhənna kilsəsini tutdular. Onu iki yerə bölüb yarısını məscid, yarısını isə kilsə kimi saxladılar. Həmin məscid bu gün Dəməşq məscidi adlanır. ( Təbərinin "Tarix", İbn Kəsirin "əl-Bidayə və-n-Nihayə" kitabı. Hicrətin 13-cü ilində baş verən hadisələr.)

(1) Bu yerin Zətus-Səlasil adlandırılmasına səbəb, fars süvarilərinin oradan çox keçməsi ilə əlaqədardır. ("Əl-Bidayə vən Nihayə" 6/349). Bu Zətus-səlasil adlı döyüş Peyğəmbərin (s.av) vaxtında baş verən eyni adlı döyüşdən fərqlidir.


Tarix: 04.05.2013 / 11:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar