Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osman ibn Səid Əmri

Əbu Əmr Osman ibn Səid Əmri - İmam Mehdinin xüsusi nümayəndəsi.

Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O,siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur,şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Əskəriyə (ə) çatdırırdı. O,etimadını necə lazımdısa doğrultmuş,şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (ə) və İmam Əskərinin (ə) da, nümayəndə və yaxın dostlarından olmuşdur.

Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqinin (ə) yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?" İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır."

Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqinin (ə) vəfatından sonra İmam Əskərinin (ə) yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir. O,sizə nə desə, bilin ki, mənim tərəfimdən demiş, sizə nə çatdırsa, bilin ki, mənim tərəfimdən çatdırmışdır."

İmam Əskəri (ə) vəfat etdikdə də, zahirdə ona qüsul verib kəfənə tutduqdan sonra dəfn etmiş şəxs Osman ibn Səid olmuşdu. Həmçinin, bir gün bir dəstə şiənin gözü qarşısında İmam Əskərinin (ə) göstərişi ilə Yəmən şiələrinin göndərdiyi şəri vergiləri təhvil alan şəxs Osman ibn Səid idi. İmam Əskəri (ə) şiələrin qarşısında öz hərəkəti ilə Osman ibn Səidə olan hörmət və etibarın nə dərəcədə böyük olmasını göstərərək buyurmuşdur: "Şahid olun ki, Osman ibn Səid mənim, oğlu Məhəmməd isə oğlum Məhdinin (ə) vəkili (naibi) olacaqdır." Eyni zamanda qırx nəfər şiənin İmam Əskəri (ə) ilə görüşünün sonunda o Həzrət onlara buyurdu: "Osman ibn Səid nə deyirsə, qəbul edin, onun əmrinə tabe olun, sözünə qulaq asın. O, sizin İmamınızın nümayəndəsidir və ixtiyar sahibidir."

Osman ibn Səidin vəfat etdiyi tarix məlum deyil. Bəziləri ehtimal vermişlər ki, o, hicrətin iki yüz altımış-iki yüz altımış yeddinci illəri arasında vəfat etmişdir. Bəziləri isə onun iki yüz səksəninci ildə vəfat etdiyini qeyd edir.


Tarix: 26.02.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Maraqlı melumatlar
loading...