beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər halımıza şükür edək

Varlı bir adam kasıb bir ailənin bütün ehtiyaclarını ödəməyi öz üzərinə götürür. Hər ayın başlanğıcında bazarlıq edib, onlara verir və bu işindən mənəvi zövq alır. Onun hər gəlişi bu ailə üçün sanki bir bayram olur. O, ailənin azyaşlı uşaqlarını da unutmur, hər dəfə onlara xüsusi hədiyyələr alır. Bir müddət sonra ailənin kasıblığından əsər-əlamət qalmır. Varlı adamın qayğısı onları o qədər əhatə edir ki, ailə artıq çatışmazlıq hiss etmir. Aylar keçdikcə ailədə vəziyyət dəyişir. Artıq onlar ailəni hamiliyə götürən adama sifarişlər verməyə başlayırlar: “Gələn dəfə gələndə filan şeyi də gətir, qonşularımız filan
paltarı geyinir, bizə də ondan al”.

Hətta bəzən mərhəmətli varlının gətirdiklərini bəyənməyib, ona şikayət də edirlər. Varlı adam isə bütün bunları Allah rizası üçün etdiyinə görə onların şikayətlərini xoş qarşılayır və yardım etməkdə davam edir. Ancaq zaman keçdikcə varlının da səbri tükənir. Görür ki, bu nankor ailə artıq bəzi şeyləri zibil qutusuna atır. O adam xeyirxahlığından əl çəkmir, ancaq bu xeyirxahlığın qədrini bilən başqa bir ailəaxtarır...

Əslində bu hekayə hər birimiz üçün ibrətdir. Düşünək, ətrafımızdakı nemətlərə nəzər salaq. Sadalamaqla bitməz bu nemətlər. Sanki görünməyən bir əl durmadan bu nemətləri qapımıza qədər gətirir. Hər an bu nemətlərin əhatəsində həyatımızı davam etdiririk.

Hər gün günəş doğur, ətrafa işıq saçır, bizi isidir. Bəlkə də, bu, hər gün, hər an olduğu üçün qədrini bilmirik. Bunun qədrini bilmək üçün bir gün günəşin çıxmadığını düşünək. Kimin gücü çatar günəşi çıxarmağa? Yağış yağmasa, torpaq toxumu bağrına alıb cücərtməsə, bitkilər meyvə verməsə, külək əsməsə, fəsillər dəyişməsə, nələr baş
verər?

Təbiət hadisələrini bir kənara qoyaq, özümüzü düşünək. Ürəyimiz: “Yoruldum, artıq döyünmək istəmirəm”, - desə, ciyərlərimiz, böyrəklərimiz birgünlük tətilə çıxmaq istəsə, yaşamaq mümkün olarmı?

İnsan kiçildilmiş kainatdır. Yəni kiçik bədənimizdə, dar çərçivədə böyük sistem işləyir. Bu sistemin davamlılığını təmin edən kimdir? Əgər bu sistemin çalışması bizim həyatımızın zəmanətidirsə, demək ki, bu, çox böyük təşəkkür tələb edir.
Bu nəhənglikdə sistemi idarə edənin bizim təşəkkürümüzə, şükrümüzə ehtiyacı varmı? Əlbəttə ki, yox. Əksinə, biz Ona təşəkkür etməyə məcbur və məhkumuq. Nemətlərindən istifadə etdiyimiz, qayğısı olmadan həyatda bir an belə qala
bilməyəcəyimiz bütün sistemlərin Sahibinə hər halda ehtiyacımız var. Ona şükür etmək üzərimizə düşən borcdur. O, şükür edənlər üçün nemətlərini daha da artıracağını vəd edir. Onun mərhəməti o qədər genişdir ki, şükür etməyənlərin belə, nemətlərini əlindən almır.

Bəs necə şükür etməliyik? Əvvəla, qəlbimizlə. Sonra dilimizlə. Daha sonra isə bütün orqanlarımızla. Qəlblə şükür etmək nemətlərin yalnız Ondan (c.c.) gəldiyini bilməkdir, kainata ibrət nəzəri ilə baxıb, çeşid-çeşid nemətləri görməkdir. Dillə
şükür qəlbimizlə duyduğumuzu dilimizlə ifadə etməkdir, “hər şeyi alnımın təri ilə qazandım” deməməkdir, “cüzi zəhmətimin müqabilində Allahın mənə verdiyi ruzidir”
deməkdir.

Orqanlarımızla şükür nemətləri israf etməmək və nemətdən məqsədinə uyğun faydalanmaqdır. Zibil qutusuna atdığımız çörək parçalarını, yemək qırıntılarını düşünək. Bunlar əslində şükürsüzlüyün ifadəsidir. Qabımıza yeyə biləcəyimiz qədər
yemək qoyaq. Səhhətimiz üçün şükür etmək istəyiriksə, xəstəxanalara, maddi vəziyyətimiz üçün şükür etmək istəyiriksə, vəziyyəti bizdən ağır olanlara, yaşadığımıza şükür etmək istəyiriksə, küçələrdə qurulan yas çadırlarına, gəncliyimizə şükür etmək istəyiriksə, yeriməkdə belə, çətinlik çəkən qocalara baxaq. Bir şeyi əsla unutmayaq ki, istənilən halımız şükür tələb edir.


Tarix: 12.04.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar