Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: NƏZİR

Tərifi:
Nəzirin icazəli olması:
Nədənsə asılı nəzir etməyin qadağan olunması:
Hansı hallarda nəzir doğru və ya qeyri məqbul sayılır?
Nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olan:
Nəzir edəndən sonra vəfat edən:

NƏZİR
Tərifi: Nəzir sözünün kökü "əl-İnzar" sözüdür. Bu söz ərəb dilində, xəbərdarlıq etmək, qorxutmaq mənasını verir.
Şəriət istilahında isə, hansısa işin baş verməsinə görə vacib olmayan bir şeyi özünə vacib etməkdir.

Nəzirin icazəli olması:
Uca Allah buyurur: «(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin...»[1].
Digər ayədə isə belə buyurur: «Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!»[2]
Uca Allah başqa bir ayədə nəzir edib nəzirini yerinə yetirənləri mədh edərək demişdir: «Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, etdikləri nəziri yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar»[3].
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin. Kim Allaha asi olmağı nəzir edibsə, asi olmasın»[4].

Nədənsə asılı nəzir etməyin[5] qadağan olunması:
Abdullah ibn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəzir etməyi qadağan etmiş və demişdir: «Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq onunla paxıldan mal çıxarılır»[6].
Səid ibn əl-Haris, İbn Ömərdən (Allah ondan razı olsun) belə eşitdiyini deyir: «Məgər onlara nəzir etmək qadağan olunmayıb? Həqiqətən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq nəzirlə paxıldan mal çıxarılır»[7].

Hansı hallarda nəzir doğru və ya qeyri məqbul sayılır?
Allaha yaxınlaşmaq üçün deyilən nəzir doğru və məqbul sayılır, onu vermək vacibdir. Aişənin: «Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin!» – hədisi, buna dəlalət edir.
Asilik üçün edilmiş nəzir məqbul sayılmır. Amma buna görə and kəffarəsi vermək vacibdir.
Aişə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Asilik üçün edilən nəzir məqbul sayılmır. Belə nəzirin kəffarəsi andın kəffarəsi kimidir»[8].
Mübah işlər üçün edilən nəzirlər sayılmır və buna görə kəffarə də yoxdur.Buna, piyada həcc etməyi, yaxud günəşin altında dayanmağı və s. bu kimi işləri nəzir deməyi misal olaraq göstərmək olar.
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin oğlanlarına dirsəklənərək onların köməyi ilə çətinliklə getdiyini gördü və soruşdu: Ona nə olub? Oğlanları dedilər: Ey Allahın elçisi, onun nəziri var. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Ey qoca, miniyinə min. Allahın sənə və sənin nəzirinə ehtiyacı yoxdur»[9].
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkədə, günəşin altında dayanmış bir kişi ilə qarşılaşdı və dedi: Bu nədir? Orada olanlar dedilər: O, oruc tutub gecəyə qədər kölgədə dayanmayacağını, danışmayacağını və oturmayacağını nəzir edib. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Ona deyin, "qoy danışsın, kölgədə dursun, otursun və orucunu davam etsin"[10].

Nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olan:
Kim itaət olan bir şeyi nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olarsa and içmək kəffarəsi verməlidir.
Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Nəzirin kəffarəsi andın kəffarəsi kimidir»[11].

Nəzir edəndən sonra vəfat edən:
Kim nəzir edib nəzirini yerinə yetirmədən öncə ölərsə, qəyyumu onun əvəzinə nəziri yerinə yetirir.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Səd ibn Ubadə (Allah ondan razı olsun) anasının nəzirə niyyət edib, sonra vəfat etmə səbəbi ilə nəzirini yerinə yetirməməsi haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu. O isə belə dedi: «Onun əvəzinə nəziri sən ver»[12].

* * *


[1] əl-Bəqərə: 270.
[2] əl-Həcc: 29.
[3] əl-İnsan: 7.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6565. Buxari: 11/ 581/ ? 6696. Əbu Davud: 9/ 113/ ? 3265. Tirmizi: 3/ 41/ ? 1564. Nəsai: 7/ 17. İbn Macə: 1/ 687/ ? 2126.
[5] Məsələn, kimsə deyir ki, əgər oğlum bu il evlənərsə bu qədər sədəqə edəcəyəm və s. bu kimi nəzirlər asılı, yəni hansısa işdən asılı nəzir sayılır. (tər.)
[6] Buxari: 11/ 576/ ? 6693. Müslim: 3/ 260/ ? 1639. Əbu Davud: 9/ 109/ ? 3263. Nəsai: 7/ 16.
[7] Buxari: 11/ 575/ ? 6692. Müslim: 3/ 261/ ? 1639. Əbu Davud: 9/ 109/ ? 3263. Nəsai: 7/ 16. Onun rəvayətində İbn Ömərin öz sözü yoxdur.
[8] Hədis səhihdir. əl-İrva: ? 2590. Əbu Davud: 9/ 115/ ? 3267. Tirmizi: 3/ 40/ ? 1562. Nəsai: 7/ 26. İbn Macə: 1/ 686/ ? 2125.
[9] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1005. Müslim: 3/ 1264/ ? 1643.
[10] Hədis səhihdir. əl-İrva: ? 2591. Buxari: 4/ 276. Əbu Davud: ? 3300.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4488. Müslim: 3/ 1265/ ? 1645. Nəsai: 7/ 26.
[12] Müslim: 3/ 1260/ ? 1638. Rəvayətin mətni onundur. Buxari: 11/ 583/ ? 6698. Əbu Davud: 9/ 134/ ? 3283. Tirmizi: 3/ 51/ ? 1586. Nəsai: 7/ 21. İbn Macə: 1/ 689/ ? 2132.


Tarix: 01.05.2013 / 18:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Maraqlı melumatlar
loading...