Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İman kitabı ) Müsəlman başqa müsəlmanların ondan salamat olduqları kəsdir və digər fəs

Qırx altıncı fəsil: Müsəlman başqa müsəlmanların ondan salamat olduqları kəsdir.

Abdullah ibn Amr ibn əl-As (rşa) demişdir: “Bir kişi Peyğəmbərdən (s.a.v) belə soruşdu: “Hansı müsəlman daha xeyirlidir?” O: “Başqa müsəlmanların onun dilindən və əlindən salamat qaldığı şəxstdir!” deyə cavab verdi.”

Qırx yeddinci fəsil: Cahillikdə yaxşılıq edəndən sonra İslama girən haqda.


Ürvə ibn əz-Zubeyr Həkim ibn Hizəmin ona, Peyğəmbərə (s.a.v) belə dediyini xəbər verir: “Ey Allahın Elçisi, cahillikdə sədəqə vermək, qul azad etmək, qohumluq əlaqəsi saxlamaq kimi etdiyim yaxşı əməllər haqda nə deyirsən, mənə ona görə savab varmı?” Peyğəmbər : “Etdiyin xeyir işlərə görə İslama girdin” deyə cavab verdi.”


Qırx səkkizinci fəsil: Müsibətlərlə imtahan olunacağından xəbədar etmək.

Hüzeyfə (r.a) belə rəvayət edir: “Peyğəmbərin (s.a.v) yanında idik. Bizə: “Mənim üçün neçə nəfərin İslamı tələffuz etdiyini sayın” buyurduqda, biz: “Ey Allahın Elçisi, bizim sayımız altı yüzlə yeddi yüz arası olduğu halda, bizim üçün qorxursan?” deyə soruşduq. O: “Siz bilmirsiniz, bəlkə müsibətlərlə imtahan olundunuz” deyə cavab verdi. Hüzeyfə belə buyurdu: “Elə müsibətlə imtahan olunduq ki, bizdən olan bir kişi namazını belə gizlincə qılırdı.”


Qırx doqquzuncu fəsil: İslam qərib olaraq başladı və bir gün başladığı kimi qayıdacaq, o, iki məscid arasına çəkiləcək.

Abdullah ibn Ömər (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Həqiqətən İslam qərib olaraq başladı və bir gün başladığı kimi qərib olaraq qayıdacaq. O, ilan yuvasına çəkildiyi kimi, iki məscid arasına çəkiləcək.”


Əllinci fəsil: Peyğəmbərə vəhyin gəldiyinin necə başlaması.

Ürvə ibn əz-Zubeyir ona, Peyğəmbərin (s.a.v) zövcəsi Aişənin belə xəbər verdiyini rəvayət edir: “Peyğəmbərə (s.a.v) ən birinci vəhyin gəlməsinin başlaması, yatdığı zaman sadiq yuxu görməsi olub ki, oyandıqda gördüyü hər bir yuxu sübh açılan kimi açıq-aşkar qarşısına çıxardı. Sonra ona tənhalığa çəkilmək istəyi sevdirildi.Hira mağarasında tənhalığa çəkilərək orada ailəsinə dönmədən bir neçə gecə ibadət edərdi. Bu məqsədlə yanında azuqə ehtiyatı olardı. Sonra Xədicənin yanına qayıdaraq eynilə bir neçə günlük azuqə götürərdi. Nəhayət bir gün Hira mağarasında ikən birdən ona Haqq gəldi. Onun yanına Mələk gəldi və “Oxu” deyərək əmr etdi. O: “Mən oxuya bilmirəm” deyə, cavab verdi. Sonra belə dedi: “Məni qaldırıb taqətim kəsilənədək sıxdı, sonra buraxıb: “Oxu” deyərək əmr etdi. Mən yenə: “Oxuya bilmirəm” dedikdə, ikinci dəfə qaldırıb taqətim kəsilənədək sıxdı, sonra yerə buraxıb: “Oxu” deyərək əmr etdi. Mən yenə də: “Oxuya bilmirəm” dedikdə, məni üçüncü dəfə qaldırıb taqətim kəsilənədək sıxdı, sonra yerə buraxıb dedi: “Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə insana bilmədiklərini öyrətdi.” (əl-Alaq 1-5). O, qorxudan boynunun əti titrəyərək Xədicənin yanına gəldi və o, “Məni örtün, məni örtün” deyərək təkrarlayırdı. Onu örtdülər. Qorxu ondan getdikdən sonra, Xədicədən: “Ey Xədicə, mənə nə olur?” deyə soruşdu. Ona: “Nəfsim üçün qorxdum”
deyə, başına gələni xəbər verdi. Xədicə ona: “Xeyr! Müjdə olsun sənə. And olsun Allaha ki, O səni heç vaxt alçaltmaz. And olsun Allaha ki, sən qohumluq əlaqəsi saxlayır, düz danışır, aciz olanın ağırlığına yüklənir, kasıbı, qazana bilməyəni qazandırır, qonağı yedizdirir və haqq işlərdə kömək edirsən.” Xədicə onu götürüb Varaqa ibn Nofəl ibn Əsəd ibn Əbd əl-Uzzanın yanına apardı. O, Xədicənin əmisi oğlu, atasının qardaşı idi. Cahillikdə nəsraniliyi qəbul etmiş bir kişi idi, ərəbcə yaza bilirdi. İncili Allah istədiyi yerə qədər ərəbcə yazmışdı. Gözləri tutulmuş yaşlı insan idi. Xədicə ona: “Ey əmi, qardaşın oğlunu bir dinlə” deyə müraciət etdi. O: “Qardaşım oğlu, nə görürsən?” deyə soruşdu. Peyğəmbər ona gördüyü şeyi xəbər verdikdə, Varaqa ona belə dedi: “Bu, İmran oğlu Musaya enən Namusdur (Cəbrail nəzərdə tutulur). Kaş ki, cavan olaydım, kaş ki, tayfanın səni çıxardıqları (qovduqları) zaman sağ olaydım.” Peyğəmbər (s.a.v) ondan: “Məgər onlar məni çıxaracaqlar?” deyə soruşdu. Varaqa ona: “Bəli, sənin gətirdiyinlə gələn elə bir kəs yoxdur ki, onunla düşmənçilik edən olmasın. Sənin o günlərinə kimi qalsam, sənə var gücümlə kömək edərəm” deyə ona cavab verdi.”

Yəhyanın belə dediyi rəvayət olunur: “Əbu Sələmədən belə soruşdum: “Qurandan ən birinci nazil olan hansıdır? O: “Ey bürünüb sarınan!” deyə cavab verdi. Mən ondan: “Bəlkə “Oxu” deyə soruşdum? O belə cavab verdi: “Cabir ibn Abdullahdan (r.a) belə soruşdum: “Qurandan ən birinci nazil olan hansıdır? O: “Ey bürünüb sarınan” deyə cavab verdi. Mən ondan: “Bəlkə “Oxu” deyə soruşdum? O, belə cavab verdi: “Sizə Peyğəmbərin bizə danışdığını söyləyəcəyəm!” və belə dedi: “Hira mağarasında bir ay qaldım, bir ay tamam olduğu vaxt, vadinin ortasına endim. Çağırıldığımı eşitdiyim zaman, önümə və arxama, sağıma və soluma baxdım, heç kəsi görmədim, sonra yenə çağırıldım, yenə də heç kəsi görmədim. Sonra yenə çağırıldım, başımı qaldırdığım vaxt Onu (yəni, Cəbraili ) havada, ərşin üzərində gördüm. Məni şiddətli titrəmə bürüdü. Xədicənin yanına gəlib “Məni örtün”, dedim. Məni örtüb, üstümə su tökdülər. Allah-Təala bu ayəni nazil etdı: “Ey bürünüb sarınan! Qalx, qorxut! Öz Rəbbini uca tut! Libasını
təmizlə! Pisliyi tərk et!” (Əl-Muddəssir / 1-4).


Əlli birinci fəsil: Vəhyin çox olması və ardıcıl enməsi.

Ənəs ibn Malikin (r.a) belə dediyi rəvayət olunur: Allah-Təala Peyğəmbərə (s.a.v) vəhyi öldüyü günə kimi ardıcıl olaraq endirdi. Vəhyin ən çox endiyi gün isə, onun vəfat etdiyi günü idi.”


Əlli ikinci fəsil: Peyğəmbərin meraca qaldırılması (göyə aparılması) və namazın vacib olması.

Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Mənə Buraq gətirildi. Bu eşşəkdən hündür, qatırdan alçaq, addımını gözünün görə bildiyi son nöqtəyə qədər qoya bilən, ağ, heyvandır. Onun tərkinə minərək Beyt əl-Məqdisə gəldim və onu məndən əvvəlki Peyğəmbərlərin bağladığı halqaya bağladım. Sonra məscidə girib orada iki rükət namaz qıldım və məsciddən çıxdığım vaxt Cəbrail mənə birində şərab, digərində süd olan iki qab gətirdi. Mən südü seçdim. Cəbrail mənə: “Fitrəti seçdin” dedi. Sonra biz səmaya qaldırıldıq. Cəbrail səmanın qapısını döydükdə, ondan ”Kimsən?” deyə xəbər aldılar. O: “Cəbrailəm” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə soruşuldu. O: “Muhəmməddir ” deyə cavab verdi. Ondan: “Onun ardınca göndərilib?” deyə yenidən xəbər aldılar. O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən qarşımda Adəmi gördüm. Məni salamlayıb, Allahdan mənim üçün xeyir dilədi. Sonra biz səmanın ikinci qatına qaldırıldıq. Cəbrail səmanın qapısını döydükdə, ondan ”Kimsən?” deyə xəbər aldılar. O: “Cəbrailəm” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə yenidən xəbər aldılar. O: “Muhəmməddir ” deyə cavab verdi. Ondan: “Onun ardınca göndərilib?” deyə soruşuldu? O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən qarşımda xalam övladlarını: Məryəm oğlu İsa və Zəkəriyyə oğlu Yəhyanı gördüm. Məni salamlayıb, Allahdan mənim üşün xeyir dilədilər. Sonra biz səmanın üçüncü qatına qaldırıldıq. Cəbrail səmanın qapsını döydükdə, ondan ”Kimsən?” deyə yenidən xəbər aldılar. O: “Cəbrailəm” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə soruşuldu. O: “Muhəmməddir ” deyə cavab verdi? Ondan: “Onun ardınca göndərilib?” deyə yenidən xəbər aldılar. O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən özümü Yusifin qarşısında dayanmış bildim. Ona gözəlliyin yarısı verilmişdi. Yusif, məni salamlayıb,
Allahdan mənim üçün xeyir dilədi. Sonra biz səmanın dördüncü qatına qaldırıldıq. Cəbrail səmanın qapsını döydükdə, ondan “Kimsən?” deyə soruşdular. O: “Cəbrailəm” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə yenidən xəbər aldılar. O: “Muhəmməddir ” deyə cavab verdi? Ondan: “Onun ardınca göndərilib?” deyə soruşdular. O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən özümü İdrisin qarşısında dayanmış bildim. O, məni salamlayıb, Allahdan mənim üçün xeyir dilədi. Allah-Təala buyurur: “Biz onu yüksək bir məqama qaldırdıq.” Sonra biz səmanın beşinci qatına qaldırıldıq. Cəbrail səmanın qapısını döydükdə, ondan ”Kimsən?” deyə yenidən xəbər aldılar.
O: “Cəbrailəm!” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə soruşdular?
O: “Muhəmməddir ” deyə cavab verdi. Ondan: “Onun ardınca göndərilib?”
deyə yenidən xəbər aldılar. O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən qarşımda Harunu gördüm. Məni salamlayıb, Allahdan mənim üçün xeyir dilədi. Sonra biz səmanın altıncı qatına qaldırıldıq. Cəbrail səmanın qapsını döydükdə, ondan ”Kimsən?” deyə soruşdular. O: “Cəbrailəm!” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə yenidən xəbər aldılar. O: “Muhəmməddir ” deyə cavab verdi. Ondan: “Onun ardınca göndərilib?” deyə soruşdular. O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən qarşımda Musanı gördüm, məni salamlayıb, Allahdan mənim üçün xeyir dilədi. Sonra biz səmanın yeddinci qatına qaldırıldıq. Cəbrail səmanın qapısını döydükdə, ondan “Kimsən?” deyə yenidən xəbər aldılar. O: “Cəbrailəm!” deyə cavab verdi. Ondan: “Yanındakı kimdir?” deyə soruşdular? O: “Muhəmməddir ” deyə cavab verdi. Ondan: “Onun ardınca göndərilib?” deyə yenidən xəbər aldılar. O: “Bəli, göndərilib” deyə cavab verdikdə, bizə qapını açdılar. Birdən özümü, kurəyini Beyt əl-Məmura söykənmiş halda dayanmış İbrahimin qarşısında bildim. Ora hər gün yetmiş min mələk girir və bir daha geri qayıtmırlar. Sonra məni Sidrat ül-Muntahaya apardılar. Birdən onun yarpaqlarının fil qulağı kimi, meyvəsinin böyük küp qablar kimi olduğunu gördüm. Onu Allah-Təalanın əmrindən nə bürümüşdüsə də, dəyişmişdi. Allah-Təalanın xəlq etdiyi heç bir məxluq onun gözəlliyini vəsf edə bilməzdi. Sonra Allah-Təala mənə bir çox şey vəhy etdi və mənə gecə və gündüz əlli namaz fərz etdi. Mən Musanın yanına qayıtdım. O məndən: “Rəbbin sənə ümmətin üçün nə vacib etdi” deyə soruşdu. Mən: “Gecə və gündüz əlli namaz qılmağı” deyə cavab verdikdə, mənə: “Rəbbinin yanına qayıt və ümmətin üçün azaltmasını istə, çünki ümmətin bunu etməyə qadir deyil. Mən Bəni İsraili sınaqdan keçirdim, onları imtahan etdim” deyə buyurdu. Rəbbimin yanına qayıdıb Ona: “Ey Rəbbim, ümmətim üçün namazı azalt” deyə dilədim. Mənə beşini azaltdı. Sonra Musanın yanına gələrək: “Mənə beşini azatdı” deyə xəbər verdim. O: “Ümmətin buna qadir deyil, Rəbbinin yanına qayıt və ondan ümmətin üçün azaltmasını dilə” deyə buyurdu. Rəbbim ilə Musa arasında o qədər gedib gəldim ki, nəhayət, Rəbbim mənə: “Ey Muhəmməd, gecə və gündüz beş namaz, hər namaz on namaz mislində, beləcə əlli namaz olar, kim bir yaxşılıq etməyə niyyətlənsə, onu etməsə belə, ona bir savab, etsə isə, on savab var və kim bir pis şey etməyə niyyətlənsə, onu etməsə, ona heç bir günah yazılmaz, yox əgər etsə, ona bir günah yazılar” deyə buyurdu. Mən Musanın yanına qayıdıb bunları xəbər verdikdə, mənə: “Rəbbinin yanına qayıt və ondan ümmətin üçün azaltmasını dilə” deyə buyurdu. Peyğəmbər ona: “Mən Rəbbimin yanına o qədər gedib gəldim ki, artıq ondan utandım” deyə cavab verdi.”


Tarix: 24.04.2013 / 22:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Maraqlı melumatlar
loading...