Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BÖYÜK GÜNAHLAR

Əbu Həmid əl-Qəzali demişdir: «Günah – hər bir əməldə, hər bir hərəkətdə Allahın əmrinə müxalif olan hər şey deməkdir». Həmçinin deyirlər ki, günah Allahın əmrlərinə əməl etməmək və haram etdiklərinə yol vermək deməkdir. Yaxud Allahın Öz Kitabında və peyğəmbəri Məhəmmədin (s.a.v.) şəriətində haram bildikləri şeylərə açıq və ya gizli şəkildə, əməldə və sözdə yol verilməsi deməkdir.

GÜNAHIN NÖVLƏRİ
Quranın, Sünnənin mətnlərinə və alimlərin yekdil rəyinə əsasən günahlar iki növdür: kiçik və böyük günahlar.
Allah demişdir: «Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq» (ən-Nisa, 31). Peyğəmbərin (s.a.v.) səhih bir hədisində deyilir: «Gündə beş dəfə namaz qılınarsa, cümələr arası və orucluq ayında böyük günahlara yol verilməzsə o biri günahlar bağışlanar».
Alimlər bildirirlər ki, kiçik günahlar böyük günahın ən aşağı dərəcəsinə və ya bu dünya həddini aşmayıb axirət cəzası həddinə çatmayan günahlardır. Bu növ günahlar inkar, təhdid, lənət, qəzəb, cəza və ya ona yol verən şəxsin imandan məhrum edilməsilə nəticələnmir. Allah buyurur: «O kəslər ki, kiçik günahlara yol verib böyük günahlardan və əxlaqsızlıqdan uzaq dururlar. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır» (ən-Nəcm, 32).
Böyük cəzaya layiq olan hər bir qəbahət əməl böyük günah deməkdir. İbn Abbas (Allah ondan razı olsun! – r.) demişdir: «Böyük günahlar o günahlardır ki, Allah ona od, qəzəb, lənət və ya əzabla xitam verir». Həmçinin deyilir ki, böyük günah – onu törədən hər kəsin bu dünyada şəriət qanunları ilə müəyyən edilmiş qaydada cəzaya və ya axirətdə əzaba, lənətə, qəzəbə layiq görülməsi ilə nəticələnən itaətsizlikdir.
Abdullah ibn Məsud (r.) demişdir: «Böyük günahlar dörddür». İbn Ömər (r.) demişdir: «Onlar yeddidir». Abdullah ibn Abbas (r.) demişdir: «Onların sayı yeddi ilə yetmiş arasındadır. Deyirlər, yeddi yüzdür».

GÜNAHLAR NECƏ ARTIR
Günahlar aşağıdakı səbəblərdən artır:
• İsrar və inad:
Buna görə deyilir ki, kiçik günahda israr, böyük günahda inad bağışlanma ilə bir araya sığmır.
• Günahın kiçildilməsi:
Bəndə öz günahını böyütdükcə Allah onu kiçildir, və əksinə, bəndə günahı özlüyündə kiçiltdikcə Allah onu böyüdür. Çünki günahın böyüdülməsi qəlbi bürüyən nifrət və ikrah hissləri ilə bağlıdır.
• Günahdan fərəhlənmək, sevinc və lovğalıq:
Günahın mahiyyətinə etinasızlıq bədbəxtliyə səbəb olur. Bəndənin kiçik günahdan aldığı ləzzət artdıqca bu günah da böyüyür, onun insan qəlbinə mənfi təsiri də artır. Hətta elələri vardır ki, öz günahına sevinir, onu etdiyinə görə lovğalanıb deyir: «Gördün, onun eyiblərini necə sadalayıb onu utandırdım?», «Gör onu necə aldatdım?» və s. Belə kiçik günahlar çoxaldıqca böyüyür, insanları məhv edir. Bəndə onlara yol verməklə şeytanın zəfər çalması üçün imkan yaradır. Belə adam düşmən (şeytan) ona üstün gəldiyinə görə təəssüflənməlidir.
• Allahın himayəsinə, Onun rəhminə etinasızlıq və biganəlik göstərmək:
Bu etinasızlıq və biganəlik əslində nifrət və günah deməkdir. Buna yol verən adam elə bilir ki, onun itaətsizlik göstərə bilməsinin özü Allahın ona göstərdiyi qayğının təzahürüdür. Deməli, bu adam özünü Allahın qəzəbindən qorumuş bilir. Öz nadanlığı ilə Allah qarşısında qürur hissini büruzə vermiş olur. Allah belələri haqqında buyurur: «… "Bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?" – deyirlər…» (əl-Mucadələ, 8).
• Günah edib sonra adamlar qarşısında onu bildirmək və ya başqasının qarşısında günah etmək:
Bu əməl Allahın bu günahlardan keçmək qüdrətinə qarşı yönəlmişdir. Onun günahının şahidi olanı və ya şahidlik edən şəxsi şər işə təhrik etmək deməkdir. Bunların hər biri ayrılıqda günah olub birində birləşmişdir. Buna başqasını günaha sövq etməyi və onun törədilməsi səbəblərinin hazırlanması da əlavə edilsə, deməli, günahların sayı dördə çatır. Bir hədisdə deyilir: «Mənim ümmətimdə mücahirlərdən başqa hamı əfv oluna bilər. Mücahirlik o deməkdir ki, bir adam gecə pis bir iş görür. Allah onu ört-basdır etsə də, səhər açılan kimi o deyir: «Ey filankəs, dünən belə bir iş gördüm. Gecələr Rəbbi onu gizlətsə də, səhər açılanda pərdə onun üstündən götürülür». Bu ona görə günah hesab olunur ki, Allahın sifətlərindən və nemətlərindən biri də gözəli zahir etmək, qəbahəti gizlətməkdir. Bu pərdəni götürmək və törədilmiş əməli aşkar etmək bu nemətə qarşı çıxmaqdır.
• Əgər günahı işlədən alimdirsə və ondan nümunə götürülürsə, bu günahdan törənən fəsadın təsiri daha böyükdür. Buraya təsadüfi işlərdə dilavərlik, mübahisədə acıdil olmaq, günahı yumşaltmaq məqsədini güdmək, yalnız yüksək mövqe xatirinə elmlərlə məşğul olmaq kimi əməllər də daxildir. Bu, alimin yol verə bildiyi günahlardandır. Alim ölür, lakin onun şər əməli dünyada uzun bir müddət qala bilir. Yasin surəsinin 12-ci ayəsində Allah buyurur: «Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik…».

GÜNAHA BATMAĞIN SƏBƏBLƏRİ
• Xeyir və şər sınağı.
Quran və Sünnə mətnlərini, müxtəlif tarixi dövrlərdə cəmiyyət və insanların vəziyyətini diqqətlə öyrənən adam bilir ki, sınaq Allahın kainat işlərinə aid etmiş olduğu bir qaydadır. Allah buyurur: «… (dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (güzəran, sağlamlıq, sərvət, itaət və s.) sınağa çəkərik.» (əl-Ənbiya, 35).
• Allaha iman və etiqadın zəifliyi və Ondan qorxmamaq.
• Allaha qarşı nadanlıq.
• Dünyaya bağlılıq və istəklərə uymaq.
• Şeytanın itaətsizliyə təhrik etməsi və nəfslərə şübhə toxumu səpməsi.
• Qəflət və unutqanlıq.

GÜNAHLARIN NƏTİCƏLƏRİ
• Allaha asiliyə səbəb olur.
• Elmdən məhrum edir.
• Ruzini azaldır.
• İtaətsizliyə aparır.
• Qəlbi və cismi zəiflədir.
• Özünə bənzər əməllər doğurur.
• İradəni zəiflədir.
• Günahkarın aqibətini günahları üzündən Allah tərəfindən məhv edilmiş millətlərə aid edir.
• İtaətsizlik ağlı çaşdırır.
• Xeyri aradan qaldırır, şər işlərə yol açır.
• Günahkar özünü tənha hiss edir.
• Günahkara özünü unutdurur.

MÜSƏLMANIN ÇƏKİNMƏLİ OLDUĞU
BÖYÜK GÜNAHLAR

1. Allaha şərik qoşmaq:
Allah-təala buyurur: "Allah Ona şərik qoşmağı qətiyyən bağışlamır. Bundan başqa olan günahı istədiyi şəxsə bağışlayır. Allaha şərik qoşan, şübhəsiz ki, (haqq yolundan) azmışdır" (ən-Nisa, 116). Allahtəala həmçinin buyurur: «... Allaha şərik qoşana Allah Cənnəti haram etmişdir. Onun qisməti, heç şübhəsiz ki, Cəhənnəmdir. Zalımlara yardım edən olmaz!» (əl-Maidə, 72).
Allahdan qeyrisindən kömək diləmək, Allahdan qeyrisinə sığınmaq, dua etmək və ya rica etmək şirkin əlamətləridir.
2. Qəsdən adam öldürmək:
Allah-təala buyurur: "Hər kəs bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi atılacağı Cəhənnəmdir. O, Allahın qəzəbinə gələr və onun üçün böyük əzab hazırlanar" (ən-Nisa, 93). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Müsəlmanı hətta acı bir sözə görə belə öldürən şəxs Qiyamət günü alnında "Allahın mərhəmətindən məhrumdur" yazısı ilə gələcəkdir".
3. Özünü öldürmək:
Allah-təala buyurur: "... özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qar¬şı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu Cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır" (ən-Nisa, 29-30). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Dəmirlə vurub özünü qətlə yetirən şəxs əlindəki qılınc qarnına soxulmuş halda əbədi olaraq Cəhənnəmə atılır. Özünü zəhərləyib öldürən şəxs əlində zəhər Cəhənnəmə atılır və həmişəlik orada qalır. Özünü qayadan atıb öldürən şəxs Cəhənnəm oduna atılır və əbədi olaraq orada qalır".
4. Sehr, onu öyrənmək və ona əməl etmək:
Sehr, onu öyrənmək və ona əməl etmək küfrdür. Allah-təala buyurur: "... lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular" (əl-Bqərə, 102).
5. Cadugərlərə və falçılara inanmaq:
Allah-təala buyurur: "Bilmədiyin bir şeydən yapışma. Çünki qulaq, göz və ürək - bunların hamısı sorğu-suala çəkiləcəkdir" (əl-İsra, 36). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Falçıya və ya sehrbaza müraciət edib onun dediklərinə inanan şəxs Məhəmmədə nazil olanları inkar etmiş olur". Peyğəmbər (s.a.v.) həmçinin demişdir: "Falçıya müraciət edib onun dediklərinə inanan adamın qırx günlük namazı qəbul edilməz".
6. Namaz qılmamaq:
Allah-təala buyurur: "Onlardan (peyğəmbərlərdən - tərc.) sonra namazı tərk edib şəhvətlərə uyan bir nəsil gəldi. Biz onları (bu nəsli - tərc.) Ğəyy dərəsinə (Cəhənnəmdə - tərc.) atacağıq" (Məryəm, 59). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Bəndə ilə küfr arasında namaz qılmamaq durur".
7. Zəkata mane olmaq:
Allah-təala buyurur: "... Qızıl-gümüş yığıb onu Allah yolunda sərf etməyənlərə şiddətli bir əzaba düçar olacaqları barədə xəbər ver" (ət-Tovbə, 34).
8. Oruc tutmamaq:
Allah-təala buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib olduğu kimi, sizə də vacib edildi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz! Oruc sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar..." (əl-Bə¬qərə, 183-184). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Ramazan ayında qəsdən bir gün orucunu pozan bütün dəhr (ömrü - tərc.) boyu oruc tutsa belə kifayət etməz".
9. Valideynlərə hörmətsizlik:
Allah-təala buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərlə xoş rəftar etməyi buyurmuşdur..." (əl-İsra, 23). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Valideynləri ilə xoş davrananlarla Allah da xoş davranar. Valideynlərini sevməyənləri Allah da sevməz".
10. Zinakarlıq:
Allah-təala buyurur: "Zinaya da yaxınlıq etməyin. Bu çox çirkin bir əməl və pis bir yoldur" (əl-İsra, 32). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Yanıma Cəbrayıl və Mikayıl gəlib dedilər: “Biz yola çıxdıq, yuxarıdan dar, aşağı hissəsindən geniş bir dərəyə rast gəldik. İçəridən iniltilər və cürbəcür səslər gəlirdi. Dərəyə baxdıq. Orada çılpaq qadın və kişiləri gördük. Aşağıdan onların üstünə alov hücum edirdi. Alovun şiddətli istisindən onlar qışqırırdılar”. Soruşdum: “Onlar kimlərdir, ey Cəbrayıl?” Dedi: “Onlar zinakar qadın və kişilərdir. Bu onların qiyamət gününə qədər məruz qalacaqları işgəncələrdir".
11. Uşaqbazlıq:
Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Allah Lut tayfasının (uşaqbazlıq və ya pederastiya ilə məşğul olanların - tərc.) əməli ilə məşğul olanlara lənət etsin! Allah Lut tayfasının əməli ilə məşğul olanlara lənət etsin! Allah Lut tayfasının əməli ilə məşğul olanlara lənət etsin!" Peyğəmbər (s.a.v.) həmçinin demişdir: "Lut tayfasının əməli ilə məşğul olanları görsəniz həm fail (aktiv tərəf - tərc.), həm də məfulu (passiv tərəf - tərc.) qətlə yetirin".
12. Sələm:
Allah-təala buyurur: "Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyulan faizi – tərc.) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə xilas olasınız!" (Ali-İmran, 130). Allah-təala həmçinin buyurur: "Ey iman gətirənlər! Əgər, doğrudan da, iman gətirmisinizsə, Allahdan qorxub sələmdən artıq qalan məbləği (faizi – tərc.) almayın. Əgər bunu etməsəniz, onda Allaha və Onun peyğəmbərinə qarşı çıxmış olduğunuzu bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm edilər" (əl-Bəqərə, 278-279). Peyğəmbər (s.a.v.) demişdir: "Sələmin yetmiş günahı var. Ən qorxulusu adamın öz anasının üstünə getməsinə (yəni onunla zinakarlıq etməsinə) bərabərdir".
13. Yetim malını yemək:
Allah-təala buyurur: "Həqiqətən, yetimlərin malını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə vasil olacaqlar" (ən-Nisa, 10).
14. Haram yemək:
Allah-təala buyurur: "Bir-birinizin malını nahaq yerə yeməyin..." (əl-Bəqərə, 188). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Allah malını nahaq yerə mənimsəyən şəxslərin payı qiyamət günü od olacaqdır". Peyğəmbər (s.a.v.) həmçinin demişdir: "Nahaq yolla əldə edilən ət və qan Cənnətə daxil olmaz. Onlar Cəhənnəmə ən layiqli olanlardır". Haram yemək insanın yalan, fırıldaq, riyakarlıq, sələmçilik, rüşvət və başqa bu kimi şəriətə uyğun olmayan qeyri-qanuni yollarla mal-dövlət əldə etməsi deməkdir.
15. İçki içmək:
Allah-təala buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməli olan murdar şeylərdir. Bunlardan çəkinsəniz, bəlkə, xilas olasınız!" (əl-Maidə, 90). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Allah şərab (spirtli içki - tərc.) içənlərin üstünə ağılsızlıq palçığı tökəcəyini əhd etmişdir”. Soruşdular: “Ya Rəsulullah, ağılsızlıq palçığı nədir?” Dedi: “Cəhənnəm əhlinin içdiyi araq və ya Cəhənnəm əhlinin içdiyi çaxır". Allahın Peyğəmbəri (s.a.v.) həmçinin demişdir: "Allah üç adama Cənnəti haram etmişdir: içkiyə qurşanana, valideyn¬lərinin üzünə ağ olana və ailəsinə abırsızlıq gətirən aradüzəldənə".
16. Aradüzəltmək:
Bu o deməkdir ki, öz ailə üzvlərinin fahişəliyinə göz yumur. Allah-təala buyurur: "Zinakar kişi yalnız zinakar və ya müşrik (Allaha şərik qoşan - tərc.) qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Bu iş (evlənmə - tərc.) möminlərə haramdır" (ən-Nur, 3). Pey¬ğəmbər (s.a.v.) demişdir: "Üç kəs Cənnətə daxil olmaz: valideynlərinin üzünə ağ olan, oğraşlıq edən və kişiləşən qadın", yəni özünü kişilərə bənzədən (kişi kimi geyinən, saçını kəsdirən və s. – tərc.) qadınlar.
17. Qumar (meysir):
Allah-təala buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməli olan murdar şeylərdir. Bunlardan çəkinsəniz, bəlkə, xilas olasınız!" (əl-Maidə, 90). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Dostunu qumar oynamağa çağıran sözünə görə sədəqə verməlidir". Peyğəmbər (s.a.v.) həmçinin demişdir: "Az da olsa nərd oynayan adam elə bil ki, əlini donuz ətinə və ya yağına batırmış olur". Peyğəmbər (s.a.v.) həm də demişdir: "Nərd oynayan Allaha və Onun peyğəmbərinə qarşı çıxmış olur". İbn Ömər demişdir: "Nərdlə qumar oynayan donuz əti yemiş kimidir. Qumarsız nərd oynayan isə donuz yağına bulaşan kimidir". Bir dəfə Allah rizası qazanmış İbn Ömər qumar oynayanların yanından keçəndə deyir: "Bu nə oyundur ki, çıxarırsınız? Əlinizdə oynatdığınız daşı (zəri - tərc.) atmaqdansa, əldə saxlamaq daha yaxşıdır".
18. İsmətli qadınlara böhtan atmaq:
Allah-təala buyurur: "Zinadan xəbərsiz, namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olacaqlar. Onları axirətdə dəhşətli bir əzab gözləyir!" (ən-Nur, 23). Böhtan atmaq odur ki, namuslu və ismətli bir qadına "Ey fahişə, zinakar" və ya onun oğluna "Zinakar, fahişə oğlu" və bu məzmunda başqa təhqiramiz sözlər deyəsən. Peyğəmbər (s.a.v.) demişdir: "Allahın ən çox nifrətini qazanmış abırsız və kobud adamdır ki, abırsız şeylər danışır, söz-söhbət gəzdirir".
19. Oğurluq:
Allah-təala buyurur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət və hikmət sahibidir!" (əl-Maidə, 38). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Zinakar insan zina edəndə mömin olmaz, həmçinin oğru oğurluq edəndə mömin ola bilməz. Lakin tövbə imkanı vardır".
20. Yalan and:
Bu, Allaha yalandan and içməkdir. Bu andın sahibi Cəhənnəmdə batıb qalır. Allah-təala buyurur: "Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları təmizə çıxarmaz. Onları dəhşətli bir əzab gözləyir" (Ali-İmran, 77). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Yalandan Allaha and içən şəxsin müsəlmanlığına son qoyulur və o, Allahın qəzəbinə gəlir". Peyğəmbər (s.a.v.) həmçinin demişdir: "And içməyi ilə müsəlmanlığına son qoyulmuş şəxsə Allah Cəhənnəmi vacib etmişdir. Cənnətdən onu məhrum etmişdir”. Bir nəfər soruşdu: “Ya Rəsulullah, əgər bu and lap kiçikdirsə?” Dedi: “Lap kiçik olsun, bir çöp qədər olsun, diş təmizləyən çöp boyda olsun".
21. Allahdan qeyrisinə and içmək:
Peyğəmbər (s.a.v.) demişdir: "Allahdan qeyrisinə and içən Ona şərik qoşmuş olur". Allahın peyğəmbəri (s.a.v.) həmçinin demişdir: "Allah sizlərə öz atalarınıza and içməyi qadağan edir. And içən yalnız Allaha and içməlidir, əks təqdirdə sussun".
22. Yalan:
Allah-təala buyurur: "... Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət et¬məsini diləyək!" (Ali-İmran, 61). Allah peyğəmbəri (s.a.v.) demişdir: "Doğruçuluq xeyirxahlığa aparır. Xeyirxahlıq isə Cənnətə aparır. Doğru danışan və haqqa bağlı olan adam Allah dərgahında siddiq (doğruçu) kimi tanınır. Yalan isə pisliyə aparır, pislik də öz növbəsində Cəhənnəmə aparır. Yalan danışan və yalana bağlı olan adam Allah dərgahında yalançı kimi tanınır".
23. Xəbərçilik:
Bu, adamlar arasında söz gəzdirmək, birindən o birinə xəbər çatdırmaqdır. Deyir ki, filankəs sənin haqqında filan sözü deyir. Bununla o, müsəlmanlar arasında narazılıq və ədavət yaradır. Allah-təala buyurur: "(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər. Və həm də itaət etmə hər (yalan yerə) and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə" (Nun, 9-11). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Söz gəzdirən Cənnətə daxil olmaz".
24. Müsəlmanı söymək və lənətləmək:
Allah peyğəmbəri (s.a.v.) demişdir: "Müsəlmanı söymək abırsızlıqdır, onunla vuruşmaq isə küfrdür". Allahın Peyğəmbəri (s.a.v.) həmçinin demişdir: "Mömini lənətləmək onu öldürmək kimidir".
25. Allahdan qeyrisinə qurban kəsmək:
Allah-təala buyurur: "Üstündə Allahın adı çəkilməmiş heyvanların ətini yeməyin" (əl-Ənam, 121). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Allahdan qeyrisinə qurban kəsənə Allah lənət eləsin!".
26. Rüşvət almaq:
Allah-təala buyurur: "Bir-birinizin mallarını nahaq yerə mənimsəməyin (yeməyin), xalqın malının bir hissəsini bilərəkdən nahaq yerə yemək üçün günah yolla (rüşvətlə) hakimlərə müraciət etməyin!" (əl-Bəqərə, 188). Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Allah rüşvət verənə də, rüşvət alana da lənət eləsin!" Rəvayətdə həmçinin "raiş" - dəllal sözü də işlədilir. Rüşvət verən başqasının haqqını mənimsəmək üçün hakimə mal (pul) verəndir. Rüşvət alan isə haqsız iş görüb, əvəzinə rüşvət götürəndir. Raiş (dəllal) rüşvət verənlə alan arasında vasitəçilik edəndir.
27. Qadınların özlərini kişiyə, kişilərin isə özlərini qadına oxşatmaları:
Peyğəmbər (s.a.v.) demişdir: "Allah özünü kişilərə oxşadan qadınlara, həmçinin özünü qadına bənzədən kişilərə lənət eləsin!" Peyğəmbər (s.a.v.) həmçinin demişdir: "Kişi paltarı geyən qadına, qadın paltarı geyən kişiyə Allah lənət eləsin!"
28. Çəkidə və ölçüdə aldatmaq:
Allah-təala buyurur: "Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar, xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlər? Özü də dəhşətli bir gündə?!" (əl-Mütəffifin, 1-5).
Mütəffif – malını satanda çəkidə və ölçüdə alıcıları aldadan şəxsdir. Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Beşə beşdir". Soruşurlar: “Ya Rəsulullah, beşə beş nə deməkdir?” Deyir: “Adamlar öz əhdini pozduqda Allah onların üstünə düşmənlərini qaldırır. Ölkəni Allahın nazil etdikləri ilə idarə etmədikdə Allah onları kasıblığa düçar edir. Aralarında fahişəlik yayılanda taun başlayır (yəni xəstəlik başlayır, ölüm halları çoxalır). Çəkidə və ölçüdə aldatdıqda aralarına aclıq düşür. Zəkat vermədikdə isə ölkəni quraqlıq bürüyür".
29. Allah peyğəmbərinin (s.a.v.) səhabələrindən kimi isə söymək:
Allahın peyğəmbəri (s.a.v.) demişdir: "Mənim səhabələrimi söyməyin. Allaha and olsun, sizlərdən biri özü ağırlığında qızıl xərcləsə belə onlardan birinin verdiyi bir ovuc qədər, hətta onun yarısına bərabər olmaz". Peyğəmbər həmçinin demişdir: "İlahi, mənim səhabələrim nə gözəl adamlardır! Məndən sonra onlara müna¬sibətdə söyüş olmamalıdır. Onları sevəni mən öz məhəbbətimlə sevərəm, onlara nifrət edənə nifrətimlə cavab verərəm. Onlara əziyyət verən mənə əziyyət verir. Mənə əziyyət verən isə, bilavasitə Allahı incitmiş olur". Həmçinin Peyğəmbər (s.a.v.) demişdir: "Mənim səhabələrimi söyənə Allahın, mələklərin və insanların lənəti olsun!"
TÖVBƏYƏ ÇAĞIRIŞ
Qardaşım, əgər göstərilən günahlardan hər hansı birinin və ya hamısının sahibisənsə tövbə etməyə tələs! Allah bunu bizə əmr edərək buyurur: "Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız" (ən-Nur, 31). Bu günahlardan tövbə etməsən nə bu dünyada, nə də axirətdə nicat tapmazsan. Allah-təala buyurur: "Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin!" (ət-Təhrim, 8). Allah-təala həmçinin buyurur: "Tövbə etməyənlər zalimlərdir" (əl-Hucurat, 11).
Qardaşım! Ölüm səni haqlamamışdan tövbə etməyə tələs, cənazə namazı sənə çatmamışdan namaz qıl! Əlinə fürsət düşmüşdür, Allahın haqqına qarşı yol verdiyin israf və nöqsanları aradan qaldıra bilərsən. Bilməlisən ki, Allah tövbənlə sənə mükafat bəxş etmişdir. Onunla sənin keçmiş günahların böyüklüyünə və çoxlu¬ğuna baxmayaraq yaxşılıqla, xeyirlə əvəz ediləcəkdir. Allah-təala buyurur: "Qiyamət günü onun (günahkarın - tərc.) əzabı qat-qat olar və o əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah (günahkarları) bağışlayan və rəhm edəndir!" (əl-Furqan, 69-70).
Qardaşım, tələs! Ölüm qapını döyəndə tövbə etmək istəsən də gec olar. Allah-təala buyurur: "Nəhayət, onlardan (müşriklərdən) birini ölüm haqlayanda o belə deyir: "Ya Rəbb! Məni geri (dünyaya) qaytar! Bəlkə, indiyə qədər puça çıxardığım ömrün müqabilində yaxşı bir iş gördüm. Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onlar (öldükdən sonra) qiyamət gününə qədər bərzəx aləmində qalacaqlar" (əl-Muminun, 99-100). Allah-təala həmçinin buyurur: "Allah dərgahında yalnız bilmədən (nadanlıq üzündən) günah işlədib dərhal tövbə edənlərin tövbəsi qəbul olunar. Allah belələrinin tövbəsini qəbul edər! Allah hər şeyi bilən və hikmət sahibidir! Günah işlər görməyi davam etdirib yalnız ölüm yatağında: "Mən indi tövbə etdim" – deyənlərin və kafir kimi ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün dəhşətli bir əzab hazırlamışıq!" (ən-Nisa, 17-18).
Bilməlisən ki, Allah yalnız aşağıdakı beş şərt daxilində tövbəni qəbul edir:
Birinci: Allaha səmimi-qəlbdən bağlılıq, xeyir əməllər, Onun əzabından nicat tapmaq.
İkinci: Günah işə görə peşman olmaq, öz əməlinə görə kədərlənmək və onu bir daha təkrar etməməyi arzulamaq.
Üçüncü: Günah işdən dərhal uzaqlaşmaq. Bu işlər istər Allah-təalanın haqqına qarşı olsun, istərsə də haram əməl olsun, ondan dərhal əl çəkilməlidir. Günah iş asi¬likdirsə, ondan əl çəkmək vacibdir, tövbəyə tələs! Əgər başqala¬rının haqqını mə¬nim¬səməklə günah işlədilibsə, dərhal onların haqqını qaytarmaq və ya onlardan üzr istəmək, halallıq diləmək vacibdir.
Dördüncü: Gələcəkdə bu günahlardan heç birinin təkrar edilməməsi üzərində israr etmək.
Beşinci: Tövbə əcəl insanı haqlamamışdan əvvəl edilməlidir. Allah-təala buyurur: "Günah işlər görməyi davam etdirib yalnız ölüm yatağında: "Mən indi tövbə etdim" – deyənlərin və kafir kimi ölənlərin tövbəsi qəbul olunmaz" (ən-Nisa, 17-18).


Tarix: 17.04.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 874 Bölmə: Maraqlı melumatlar
loading...