beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faydalı məlumatlar

İbrahim əl-Xəvass : demişdir: Qəlbin dərmanı beş şeydədir; Quranı düşünərəkdən oxumaq. Qarının boş olması. Gecə namazı. Səhər açılanda dua etmək. Əməlisaleh bəndələrlə durub-oturmaq.

*Şeytan insanın qarşısına maneələr qoymaqla ona qalib gəlməyə çalışır. Bir maneəni qura bilmədikdə digərinə keçir. Həmin maneələri aşağıdakı kimi sıralamaq olar: Şirk və küfr maneəsi. Əgər bu maneəni qura bilməsə, etiqadda bidətə düşürməyə, Peyğəmbərin (s.a.v) və səhabələrin yolundan azdırmağa çalışar. Bunu da bacarmadıqda böyük günahlara sövq edər. Bu da alınmadıqda kiçik günahları etməyə həvəsləndirər. Bunu da bacarmazsa, mübah işlərini artırmağa təşviq edər. Əgər bunda da aciz olsa, o zaman az savabı olan ibadətlərlə daha üstün və çox savabı olan ibadətlərdən yayındırmağa çalışar. Bütün bunları bacarmadıqda cinlərdən və insanlardan olan şeytanların hiyləsinə salmaqla təsir edər.

*Günahlar bu işlərlə təmizlənir:
Səmimi tövbə etmək. "Əstəğfirullah" deyib bağışlanma diləmək. Yaxşı işlər görmək. Müsibətlərə düçar olmaq. Sədəqə vermək. Başqasının etdiyi dua. Əgər insanın Allah tərəfindən bağışlanmayan hər hansı günahı qalarsa, günahı təmizlənənə qədər qəbirdə, yaxud Qiyamət günündə və ya cəhənnəm odunda əzab görəcəkdir. Əgər bu insan tövhid etiqadı ilə ölübsə, günahı təmizlənəndən sonra cənnətə daxil olacaqdır. Əgər küfr, şirk və ya münafiqliklə ölərsə, cəhənnəm odunda əbədi qalacaqdır.

* Asiliklərin və günahların insana çoxlu təsiri vardır: Qəlbə təsiri; onda qorxunun, zülmətin, zəlilliyin və xəstəliyin artması, Allahdan məhrum etməsidir. Dinə təsiri; qəlbə etdiyi təsirdən əlavə, insanı itaətdən, Peyğəmbərin , mələklərin və möminlərin duasından məhrum etməsidir. İnsanın ruzisinə təsiri; onu ruzidən məhrum etməsi, naz-nemətlərin əldən çıxması və mal-dövlətin bərəkətinin kasadlaşmasıdır. Fərdlərə təsiri; ömrün bərəkətini azaldır, güzəranı daraldır və işləri çətinə salır. Əməllərə təsiri: insanın əməllərinin qəbul olunmasına mane olur. Cəmiyyətə təsiri; Əminamanlıq nemətini məhv edir, bahalaşmaya səbəb olur, rəhbərlərin və düşmənlərin zülmünə məruz qoyur, yağışın yağmasına mane olur və s.
Qəlbin rahatlığı və fərəhini əldə etmək, kədərini yox etmək hər kəsin qayəsidir. Çünki bunun nəticəsində xoşbəxt həyat əldə olunur. Bunun baş verməsi üçün dini, təbii və əməli səbəblər vardır. Bunların hamısı yalnız möminlər üçün hasil ola bilər.
1. Allaha iman.
2.Əmrləri yerinə yetirib qadağalardan çəkinmək.
3. Söz, əməl və digər yaxşı işlərlə insanlara qarşı xoş rəftar göstərmək.
4. Dünyəvi və ya dini faydalı iş və ya elmlə məşğul olmaq.
5. Gələcək və ya keçmiş əməllərin fikrini çəkməmək. Yalnız günlük işləri ilə məşğul olmaq.
6. Allahı çoxlu zikr etmək.
7. Allahın görsənən və görsənməyən nemətlərini dilə gətirmək.
8. Dünya işlərində özündən üstün nemət verilənlərə baxmamaq. Özündən aşağıda olana baxmaq.
9. Qəm-qüssəyə səbəb olan amilləri dəf etməyə və sevinc gətirən səbəbləri əldə etməyə səy göstərmək.
10. Peyğəmbərin (s.a.v) kədərini dəf etmək üçün Allaha pənah apardığı dualarla dua etmək. Məsələn, Peyğəmbər (s.a.v) deyərdi: "Kədər, qəm-qüssə ilə qarşılaşan insan bu duanı edərsə, Allah mütləq onun kədərini, qəm-qüssəsini aparar və əvəzində sevinc bəxş edər:
اللَّهُمَّ إِنِّي عَبْدُكَ، ابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتيِ بِيَدِكَ، مَاضٍ فِيَّ حُكْمُكَ، عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ فيِ كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ فيِ عِلْمِ الْغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبيِ، وَنُورَ صَدْرِي، وَجَلاَءَ حُزْنِي، وَذَهَابَ هَمِّي
(Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nəsıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əsəlukə bikulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, au alləmtəhu əhədən min xalqikə, au ənzəltəhu fi kitəbikə, au istəsərtə bihi fi ilmi-l-ğeybi indəkə, ən təcalə-l-quranə rabia qalbi, va nura sadri, va cələə huzni va zəhəbə həmmi» )
Allahım! Mən Sənin qulunam, Sənin qulunun oğluyam, Sənin kənizinin oğluyam! İxtiyarım Səndədir. Mənim barəmdə verdiyin hökm keçərlidir, bəxş etdiyin tale ədalətlidir. Sənə özün verdiyin, yaxud məxluqlarından birinə öyrətdiyin, öz Kitabında nazil etdiyin, yaxud öz yanında saxladığın qeyb elmində malik olduğun bütün adlarla yalvarıram ki, Quranı qəlbimin baharı, köksümün nuru et, qəmimdən və narahatlığımdan xilas olmağa səbəb et!

*İbrahim əl-Xəvass : demişdir: Qəlbin dərmanı beş şeydədir; Quranı düşünərəkdən oxumaq. Qarının boş olması. Gecə namazı. Səhər açılanda dua etmək. Əməlisaleh bəndələrlə durub-oturmaq.

*Başına müsibət gələn insan onu yüngülləşdirmək və azaltmaq istəyirsə, bu müsibəti daha böyük təsəvvür etsin və müsibətə səbr edəcəyi təqdirdə, qazanacağı savabı düşünsün. Daha böyük müsibətin gəlməsini fikirləşsin.

*Mötəbər mənbələrin məlumatına görə Peyğəmbər (s.a.v) gündəlik fərz namazlardan başqa, on iki rükət əlavə sünnə namazları qılardı. Həmin namazlar bunlardır: sübh namazından öncə iki, zöhrdən öncə dörd sonra iki, məğribdən sonra iki və işadan sonra iki rükət. Peyğəmbərin  bundan başqa nafilə namazlar qıldığı isbat olunmuşdur. Məsələn, zöhrdən və əsrdən öncə dörd rükət, zöhrdən, məğribdən və işadan sonra dörd, məğrib azanından və vitrdən sonra iki rükət.

*Quranı əzbər oxuyan oxuduğu barədə daha çox düşünür, dərindən fikirləşir və qəlbi ilə ona bağlanırsa, əzbərdən oxuması daha yaxşıdır. Əgər bu hisslər eyni olarsa, o zaman kitabdan oxumaq daha yaxşıdır.

*Namaz qılmaq qadağan olunan vaxtlarda nafilə namazların qılınması qadağandır. Qadağan olunmuş vaxtlar bunlardır: 1. Sübhdən günəş çıxıb üfüqdən bir nizə hündürlüyündə qalxana qədər. 2. Günəş zenitdə olanda. 3. Əsr namazından sonra günəş batana qədər. Bu vaxtlarda səbəbli namazları qılmaq icazəlidir. Misal olaraq məscidə girərkən qılınan salam namazını, təvafdan sonra qılınan iki rükəti, sübhün sünnətini, cənazə namazını, dəstəmaz üçün qılınan iki rükəti, şükr və tilavət səcdələrini misal çəkmək olar.

*Peyğəmbərin (s.a.v) məscidinə daxil olan insan ilk olaraq, iki rükət namaz qılır. Sonra Peyğəmbərin (s.a.v) qəbrinə yaxınlaşıb, arxası qibləyə üzü qəbrə tərəf dayanaraq, sakit, rahat və ehtiram hissi ilə "Ey Allahın elçisi, sənə Allahın salamı olsun" – deyir. Sonra sağ tərəfə bir addım gedib "Ey Əbu Bəkr əs-Siddiq, sənə Allahın salamı olsun, Ey Ömər əl-Fəruq, sənə Allahın salamı olsun" – deyir. Allahım Peyğəmbərin ق və ümmətinin adından onlara xeyir bəxş et. Sonra ev sol tərəfində olan halda üzünü qibləyə tutaraq dua edir.

*Zina etmək təhlükəsi olmayan insanın evlənməsi sünnədir. Ümumiyyətlə, ehtiras hissi olmayan insanın evlənməsi isə icazəlidir. Lakin zina etmək təhlükəsi olan insanın evlənməsi isə vacibdir. Bu, hətta vacib həcdən də önəmlidir. Yad qadına baxmaq isə haramdır. Yaşlı qadına, mavilərə, yaxud ehtirasını oyadan heyvanlara şəhvət hissi ilə baxmaq haramdır.

*Oğlanın ailəsi onu istəmədiyi insanla evlənməyə məcbur edə bilməz. Oğlanın da bu işdə onlara itaət etməsi vacib deyil və bu halda o, valideynlərinin üzünə ağ olmur.

*Bir kişinin qadınla evlənməsi üçün aşağıdakı şərtlər tamamlanmalıdır: 1. Ər və arvadın dəqiq bilinməsi. Yəni bir neçə qızı olan insan, evlənmək istəyənə "qızlarımın birini səninlə evləndirdim" – deyə bilməz. 2. Mükəlləf və aqil kişinin, həmçinin azad və aqil qadının razılığı. 3. Vəlinin olması. Qadının öz-özünü evləndirməsi doğru deyildir. Qadını onun vəlisindən başqası ərə verə bilməz. Əgər vəli haqsız olaraq, evliliyə mane olarsa, o zaman birinci vəlini əvəz edən digər vəli müdaxilə etməlidir. Vəliliyə daha haqlı olan ata, sonra baba, sonra oğul, oğulun oğlu, doğma qardaş, atabir qardaş, qardaş oğlu və i. a. 4. Şahidlik: Evliliyə iki nəfər aqil və ədalətli kişinin şahid durması şərtdir. 5. Evlənmək istəyən qız və oğlanın evliliyə mane olan: süd qohumluğu, nəsəb, kürəkənlik kimi – amillərdən xali olmaları.

*Evlənməsi haram olanlar: Birinci; əbədi haram olanlar və bunlar bir neçə qismə ayrılırlar: 1. Nəsil: Buraya ana, nənə və yuxarıya doğru kim varsa daxildir. Həmçinin qız, qız nəvə və aşağıya doğru kim varsa, eləcə də bacı, bacı qızı, bacı oğlunun və ya bacı qızının qızı, qardaş qızı, onların qızları, övladlarının qızları və aşağıya doğru. Bibi, xala və yuxarıya doğru. 2. Süd qohumluğu: Nəsil səbəbi ilə evlənməsi haram olanlar süd qohumluğu ilə də haram hesab olunurlar. Hətta kürəkənlikdə də belədir. 3. Kürəkənlik: Onlar arvadının anası, nənəsi, arvadının nəsəb təməli sayılanların arvadları, arvadının qızları və aşağıya doğru. İkinci: Müvəqqəti haram olunanlar: 1. İki bacı ilə eyni zamanda evli olmaq. 2. Müvəqqəti səbəbə görə. Məsələn, başqasının arvadı kimi. (yəni, bir qadının öz ərindən boşanmadıqca başqasına ərə getməsi haramdır. Tərc.)

*Talaq (boşanma): Aybaşı və nifas adətində, həmçinin yaxınlıq etdiyi təmizlik müddətində qadını boşamaq haramdır. Amma əgər boşayarsa, talaq hesaba keçir. Səbəbsiz yerə talaq vermək məkruh, ehtiyac olduqda isə icazəlidir. Evlilikdən əziyyət çəkənin boşaması isə sünnədir. Talaq məsələsində ata anaya itaət etmək vacib deyildir. Arvadını boşamaq istəyən insanın bir dəfədən artıq boşaması haramdır. Həmçinin boşamanı aybaşıdan təmizləndikdən sonra yaxınlıq etmədiyi təmizlik müddətində etməlidir. Bir dəfə talaq deyib, gözləmə müddətinin başa çatmasını gözləməlidir. Rici, yəni qaytarılması mümkün olan talaqla boşanmış qadının ərinin evini tərk etməsi, yaxud müddət başa çatmamış ərinin onu zorla evdən çıxarması haramdır. Talaq dil ilə deyildikdə keçərlidir. Talaqa niyyət etmək talaq sayılmır.

*Gözləmə vaxları: Bunun bir neçə növü vardır; 1. Hamilə: Boşanma və ya vəfat halında gözləmə müddəti hamiləlik bitdikdən sonra başa çatır. 2. Əri ölmüş qadın: Əri ölmüş qadının gözləmə müddəti dörd ay on gündür. 3. Aybaşı halında talaq verilmiş: Gözləmə müddəti üç dəfə aybaşı olmaqdır. Üçüncü aybaşıdan təmizlənməklə gözləmə müddəti başa çatır. 4. Aybaşı olmayan qadın: Onun gözləmə müddəti üç aydır. Rici, yəni qaytarılması mümkün olan talaqla boşanmış qadının gözləmə müddəti ərzində əri ilə bir evdə qalması, ərinin onu istədiyi şəkildə görməsi, tənhalıqda qalması icazəlidir. Bu hal gözləmə müddəti bitənə qədər davam edə bilər. Bəlkə Allah, onları münasibətlərini yenidən düzəltməyə müvəffəq edər. Boşanmış qadının geri qaytarılması ərin "mən səni geri qaytardım" sözü ilə, yaxud cinsi yaxınlıqla hasil olur. Qadının geri qaytarılmasında, yəni talaqın pozulmasında qadının razılığı olmasa da, olar.

*Andlar: Andiçmədə kəffarənin vacib olması üçün dörd şərt olmalıdır: 1. And içməyi qəsd etmək: Əgər andını məqsədsiz şəkildə sadəcə dili ilə deyərsə, bu and bilmədən deyilən and hesab olunar. Misal olaraq, danışıq əsnasında "yox vallahi", "bəli vallahi" kimi ifadələri qeyd etmək olar. 2. Gələcəkdə baş verməsi mümkün olan bir şey üçün and içmək: Bilməyərəkdən keçmişdə baş vermiş bir işə and içmək, yaxud özünün düz dediyini zənn edib, and içmək, yaxud yalandan and içmək, özünün düz olduğunu zənn edib, gələcək bir işə and içmək kimi hallarda bu şərt pozulmuş hesab olunur. – Yalandan and içmək böyük günahlardan hesab olunur. 3. Andını heç bir məcburiyyət olmadan etmək: 4. Andını pozmaq: Bir işi görməyəcəyinə and içib onu gördükdə, yaxud görəcəyinə and içib görmədikdə. And içərkən istisma edənin boynuna iki şərtlə kəffarə düşmür. 1. İstisnanın andla birlikdə deyilməsi. 2. Andını istisna ilə bağlamağı qəsd etməlidir. Misal olaraq "Vallahi inşəllah filan işi edəcəyəm" və s. bu kimi ifadələri demək olar. Sünnəyə görə kim bir işə and içib, başqa işin daha xeyirli olduğunu görərsə, andının kəffarəsini verib daha xeyirli hesab etdiyi işi görsün. Andın kəffarəsi: Andın kəffarəsi hər biri yarım saa (1,5 kq) qida məhsulu olmaqla on nəfər yoxsulu yedizdirmək, yaxud geyindirmək və ya bir kölə azad etməkdir. Buna imkanı çatmayan üz gün ardıcıl oruc tutmalıdır. Yedizdirməyə və ya geyindirməyə imkanı ola-ola oruc tutanın kəffarəsi keçərli deyildir. Kəffarəni andını pozmadan öncə və ya sonra ödəmək olar. Kim bir iş üçün bir dəfədən artıq and içibsə, bir kəffarə verməsi yetərlidir. Əgər and içdiyi məsələlər müxtəlifdirsə, kəffarə də bir o qədər olmalıdır.

*Namazda və qeyri vaxtlarda oxunan zikrlər özü eşidən tərzdə, başqalarını narahat etməmək şərti ilə tələffüz edilməlidir. Əks halda, zikrlərin oxunuşu keçərli deyildir.

*Nəzir; Nəzirin bir neçə növü vardır: 1. Mütləq nəzir: Misal olaraq, "xəstəlikdən sağalacağım təqdirdə Allah üçün nəzir deyirəm" – deyib, hər hansı nəzir növünü təyin etmədikdə istədiyi həyata keçdikdən sonra and içmək kəffarəsini verməlidir. 2. Mübahisə və ya qəzəb halında nəzir etmək: Bu, nəyisə özünə vacib və ya qadağan etmək üçün deyilən nəzirdir. Misal olaraq, "əgər mən səninlə danışsam bir il oruc tutacağam". Belə nəzir edən insan həmin adamla danışarsa, ya qoyduğu şərtə əməl edib bir il oruc tutmalı, yaxud and pozmağın kəffarəsini verməlidir. 3. İcazəli nəzir: Misal, "Paltarımı geyinəcəyimə dair Allaha nəzir edirəm". Bu insan ya dediyi paltarını geyinməli, yaxud and pozmağın kəffarəsini verməlidir. 4. Məkruh (bəyənilməyən) nəzir: Misal, "arvadımı boşamağı Allaha nəzir edirəm". Belə halda and pozmağın kəffarəsini verməyi sünnədir. Belə nəziri həyata keçirmək olmaz, lakin həyata keçirərsə kəffarə verən deyil. 5. Günah nəzir: Misal, "oğurluq etməyi Allaha nəzir edirəm". Belə nəziri icra etmək haramdır. Bu halda and pozmaq kəffarəsi verir. Əgər etdiyi nəziri həyata keçirərsə, günah qazanar və boynuna nəzir kəffarəsi düşməz. 6. Savablı nəzir: Misal, Allaha yaxınlaşmaq məqsədi ilə "Bu qədər namaz qılmağı Allaha nəzir edirəm" – demək. Nəziri deyərkən(xəstənin sağalması və s.) hər hansı işin həyata keçməsini şərt qoyubsa, dediyi hasil olduqdan sonra nəzirini etməlidir. Əgər nəzirini hər hansı şərtlə bağlamayıbsa, o zaman nəzirini birbaşa icra etməlidir.

*Matəm: Qadının ərindən başqası üçün üç gündən artıq yas saxlaması haramdır. Əri üçün dörd ay on gün yas saxlaması isə vacibdir. Bu yas dövründə qadının bəzək-düzətdən, ətirdən, zinət əşyalarından, rəngli paltarlardan, xına qoymaqdan, makiyaj etməkdən, qara sürmədən, ətirli mayelərdən və s. imtina etməsi vacibdir. Dırnaqların tutulması, tüklərin təmizlənməsi və çimmək kimi işlər icazəlidir. Həmçinin yas dövründə müəyyən rəngli paltar qara və s. geyinmək şərt deyil. Qadın yasını əri ilə yaşadığı evdə keçirməlidir. Yas dövründə zərurət olmadan evini tərk etməsi haramdır. Gündüz vaxtı zəruri ehtiyac olmadan evindən çıxmalı deyil.

*Süd qohumluğu: Nəsil qohumluğu ilə haram olunanlar süd qohumluğu ilə də haramdır. Bunun üçün üç şərt tamamlanmalıdır: 1. Süd anası tərəfindən verilən süd doğuşdan qaynaqlanan süd olmalıdır. 2. Süd əmizdirmə iki yaş ərzində olmalıdır. 3. Uşağı tam dəqiqliyi ilə ən azı beş dəfə süd ilə doyuzdurmalıdır. Süd əmizdirmək dedikdə uşağın döşü sorub buraxması bir hesab olunmaqla bunu beş dəfə təkrarlaması nəzərdə tutulur. Süd qohumluğu ilə himayədarlıq və ya varislik keçmir.

*Vəsiyyət: İnsan öldükdən sonra onun başqasına çatacaq haqqını çatdırmaq vacibdir. İnsan ölümündən öncə bu barədə öz yaxınına bildirməlidir. Özündən sonra çoxlu mal-dövlət qoyub gedən insanın malının beşdə bir hissəsini qohum olmayan və varisliyə düşməyən yaxın kasıblara sədəqə verməyi sünnədir. Yaxud istənilən miskinə, alimə və ya əməlisaleh insana sədəqə edə bilər. Varisi olan kasıb insanın belə sədəqə etməyi məkruhdur (bəyənilmir). Əgər varisləri varlı olsalar, o zaman kasıbın öz malının deyilən miqdarını sədəqə etməsi mübahdır (icazəlidir). Həmçinin qeyri varislərə malının üçdə birindən çox vəsiyyət etməsi haramdır. Varisə isə az miqdarda olsa da, mal-dövlət vermək barədə əlavə vəsiyyət etmək haramdır. Ölümündən sonra varisləri buna icazə versələr, o zaman halaldır. Vəsiyyət sahibinin vəsiyyəti: "Vəsiyyətimi geri götürürəm", "Vəsiyyətimi pozuram", "Vəsiyyətimi dəyişirəm" və s. bu kimi sözləri ilə mahiyyətini itirir. Vəsiyyət sahibinin vəsiyyətin əvvəlində bu sözləri yazması müstəhəbdir: Rəhman və Rəhim Allahın adı ilə. Bu Allahdan başqa ibadətə layiq olan haqq məbudun olmadığına, Onun təkliyinə və heç bir şəriki olmadığına, eləcə də Muhəmmədin qulu və Allahın elçisi, cənnət və cəhənnəmin haqq, gözlənilən qiyamətin baş verəcəyinə, Allahın qəbirdə olanları dirildəcəyinə dair şahidlik edən filankəs oğlu filankəsin vəsiyyətidir. Mən, qoyub-getdiyim əhl-əyalıma Allahdan qorxmağı, öz aralarında islahedici olmağı, mömin olub, Allaha və rəsuluna itaətkarlıq göstərməyi, İbrahim ؛ və Yaqub ؛ peyğəmbərin öz oğlanlarına etdikləri vəsiyyəti edirəm. "Ey övladlarım! Allah sizin üçün bir din seçmişdir. Siz də yalnız müsəlman olaraq ölməlisiniz." (əl-Bəqərə: 132).

*Peyğəmbərə (s.a.v) salavat deyərkən salat və salam (yəni, sallallahu aleyhi və səlləm ) demək müstəhəbdir. Təkcə salat deyib salam deməmək yaxşı deyil. Peyğəmbərdən  qeyrisinə ibtidaən salavat demək olmaz. Məsələn, Əbu Bəkr (sallallahu aleyhi və səlləm), yaxud Əli (əleyhissəlam) demək məkruh hesab olunur (bəyənilmir). Alimlərin yekdil rəyinə əsasən, Peyğəmbərə  salavatdan sonra qeyrisinin adnı çəkmək olar. Məsələn, (Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmmədin və əshabihi və əzvacihi və zurriyyətihi.) Allahım Muhəmmədə, onun ailəsinə, əshabına, yoldaşlarına və nəsil-nəcabətinə salavat olsun.

*Səhabələrin, tabiinlərin və onlardan sonra yaşayan alimlərin, zahidlərin və digər xeyirxah müsəlmanların adı çəkiləndə (Allah ondan razı olsun!), yaxud (Allah ona rəhmət etsin!) demək müstəhəbdir. Məsələn, Əbu Hənifə, Malik, Şafii və Əhməd (Allah onlardan razı olsun!), yaxud (Allah onlara rəhmət etsin).

*Heyvanın kəsilməsi: Quruda yaşayıb, sahibinin mülkiyyəti sayılan əti yeyilən hər bir heyvanın yeyilməsi üçün ilk öncə onun kəsilməsi vacibdir. Heyvanın kəsilməsi üçün dörd şərt mütləqdir: 1. Heyvanı kəsən insan aqil olmalıdır. 2. Kəsici alət diş və dırnaqdan başqa istənilən alət ola bilər. Çünki, diş və dırnaqla heyvan kəsmək olmaz. 3. Hülqumu, qırtlaqı, şah damarların ikisini, yaxud birini kəsmək. 4. Əlini tərpədib, kəsməyə başladıqda "Bismilləh" demək. Bunu qeyri ərəb dilində demək keçərlidir. "Bismillah" sözü ilə bərabər "Allahu əkbər" demək isə müstəhəbdir. Səhvən deməmək keçərlidir, cəhalətə görə deməmək, keçərli deyil.

*Ov ovlamaq: Ov, təbiətcə vəhşi və əlçatmaz heyvanı ələ keçirməkdir. Ehtiyac ucbatından ov etmək icazəli, əyləncə üçün ov etmək isə məkruhdur. Ovu qovub insanların əkin sahələrinə və yaşayış yerlərinə ziyan vurmaq haramdır. Dörd şərt əsasında ov etmək halaldır: 1. Ov, kəsdiyinin yeyilməsinə icazə verilən insan tərəfindən icra olunmalıdır. 2. Kəsici alət şəriətin icazə verdiyi alətlərdən olmalıdır. Bu nizə, ox və s. bu kimi iti alətlərlə olmalıdır. Əgər ov şahin quşu, yaxud ov iti ilə edilirsə, bu zaman ov edən heyvanın öyrədilmiş olması şərtdir. 3. Ov etməyi nəzərdə tutmaq. Yəni atəş edərkən məqsəd ov etmək olmalıdır. Əgər məqsədsiz şəkildə ovlayar və canlını öldürərsə, onun yeyilməsi halal deyil. (Əgər heyvanın can vermədiyini görər və onu kəsərsə, halal olar. Tərc.) 4. Atəş açarkən "Bismilləh" demək. Ov edərkən səhvən və ya cəhalət səbəbi ilə "Bismilləh" deməmək keçərli deyil. Yəni vurulmuş heyvanı yemək haramdır.

*Qidalar: İçiləcək və yeyiləcək nə varsa, qidadır. Qidalar əslən halal hesab olunurlar. Hər bir qidanı bu üç şərtlə yemək halaldır: 1. Qida pak olmalıdır. 2. Qida orqanizm üçün təhlükəli olmamalıdır. 3. Qida iyrənc olmamalıdır.
Qan və leş kimi natəmiz, zəhər kimi təhlükəli, peyin, idrar, bit və birə kimi iyrənc qidalar haramdır.
Quruda yaşayan heyvanlardan ev eşşəkləri, aslan, bəbir, canavar, it, donuz, meymun, pişik, tülkü, sincab kimi köpək dişləri ilə ov edən heyvanların yeyilməsi haramdır. Quzğun, qartal, şahin, çalağan, bayquş kimi caynağı ilə ov edən quşların yeyilməsi haramdır. Kərkəs və hacıleylək kimi leş yeyən quşları yemək haramdır. Yarasa, siçan, eşşək arısı, bal arısı, milçək, kəpənək, şanapipik, kirpi kimi nəfs çəkməyən canlıları yemək haramdır. Qurd, böcək, kərtənkələ kimi həşəratları da yemək haramdır. Şəriətin öldürməsini əmr etdiyi əqrəb, yaxud öldürməsini qadağan etdiyi qarışqa kimiləri yemək haramdır. Əti yeyilən və yeyilməyən iki heyvandan törənmiş canlıları yemək haramdır. Yeyilməsi icazə verilən iki heyvandan törənmiş canlını da yemək halaldır. Misal olaraq, çöl eşşəyindən və atdan törənmiş qatırı demək olar. Vaxtilə ərəblərə məlum olmayıb, barəsində şəriətdə məlumat olmayan heyvanlar oxşarları ilə müqayisə olunur. Halal edilmiş heyvana oxşayan halal, haram edilmişə oxşayan isə haramdır. Həm halal, həm də haram olunana oxşayarsa, haram hesab olunur. Ev heyvanları, at, zürafə, dovşan, ərəbdovşanı, varan, antilop kimi çöl heyvanları, dəvəquşu, toyuq, tovuzquşu, tutuquşu, göyərçin, sərçə, ördək, qaz kimi quşlar və suda üzən digər quşlar halaldır. Suda quruda yaşayanlardan qurbağa, ilan və timsah istisna olmaqla, digərləri halaldır. Nəcasətlə suvarılan və ya gübrələnən bitkiləri və meyvələri yemək olar. Əgər məhsulda nəcasətin qoxusu və ya dadı hiss olunarsa, haramdır. Kömür, torpaq və palçıq yemək məkruhdur. Soğan və sarımsağı isə bişirməmiş yemək məkruhdur. Acıyıb, çıxılmaz vəziyyətə düşdükdə, haram edilmiş qidalardan ehtiyacını ödəyən miqdarda yemək vacibdir.

*Övrət: Övrət insanın gizli saxladığı və başqalarına göstərməyə həya etdiyi bədən hissələridir. Bu fəsildə namazda və təvafda örtülməsi zəruri hesab olunan övrətdən danışacağıq. On yaşı tamam olmuş oğlan uşağının övrəti göbək ilə diz arasıdır. Yeddi yaşdan on yaşa qədər olan oğlan uşağının övrəti yalnız ön və arxa orqanlardır. Həddi-buluğa çatmış azad qadının əli, üzü və qədəmləri istisna olmaqla bütün bədəni övrətdir. Əgər bir qadın qolu açıq halda namaz qılar, təvaf edərsə, onun ibadəti batildir, məqbul deyildir. Ön və arxa qəliz övrət yerlərini qeyri-namaz vaxtlarında da örtmək vacibdir. Təklikdə və ya qaranlıqda olarkən ehtiyac olmadan bu övrət yerini açmaq məkruhdur. Sünnət olunma, cərrahiyyə və s. bu kimi zərurət halında isə bu yerləri başqasının önündə açmaq olar.

*Məscidlər: Ehtiyac olan qədər məscid inşa etdirmək vacibdir. Allaha ən sevimli yer məscidlərdir. Məscidlərdə əl çalmaq, mahnı oxumaq, musiqi alətlərini ifa etmək, haram olunan şer söyləmək, kişi və qadınların bir-birinə qarışması, cinsi yaxınlıq, alqı-satqı kimi əməllər haramdır. İtmiş əşya, heyvan və s. haqqında məsciddə car çəkən insana: "Allah ticarətinə bərəkət verməsin!", "Allah itmiş malını sənə qaytarmasın!" kimi sözlər demək sünnədir. Məscidə ziyan verməyən uşaqlara orada təhsil vermək, nikah bağlamaq, hökm kəsmək, icazəli şer oxumaq, etikaf və qeyri hallarda yatmaq, xəstə və zəif insanın orada yatması və ya uzanması məqbuldur. Məscidlərdə lağlağı və mübahisə etmək, çox danışmaq, xoşagəlməz uca səslə danışmaq, ehtiyac olmadan oradan keçid kimi istifadə etmək və dünya işlərini müzakirə etmək məkruhdur. Məscidin xalçalarını, çıraqlarını və ya elektrik xətlərini yas və ya toy üçün istifadə etmək olmaz.

*İbn əl-Covzi : deyir: Ən böyük cəza cinayət edənin cəzasını hiss etməməsidir. Bundan daha pisi cəza olacaq işlə sevinməkdir. Haram mal ilə sevinmək, günahlara həris olmaq buna misaldır.

*Vaxt: Sələflər malı faydasız işlərə xərcləməkdən çəkindirirdilər. Yaşadığımız hər gün bir tarla kimidir. Orada bir toxum əksən min toxum əldə edərsən. Aqil insan belə toxum səpməkdən imtina və ya səhlənkarlıq edərmi?

*Qadının xərcini çəkmək kişinin vacib borcudur: Qadının xərci dedikdə, yaşamaq üçün zəruri hesab edilən yemək, içmək, geyim, mənzil və xoş rəftar nəzərdə tutulur.

*Heyvan sahibinin saxladığı heyvanı su və qida ilə təmin etməsi vacibdir. Əgər o heyvanları qidalandırmaqdan imtina edərsə, ondan tələb olunar. Əgər inadkarlıq göstərər və ya imkanı çatmazsa, o zaman heyvanları satmağa, icarəyə verməyə, əgər əti yeyilən heyvandırsa, kəsib, yeməyə məcbur edilməlidir. Heyvanı lənətləmək, artıq yüklə yükləmək, balasına ziyan verən qədər südünü tam sağmaq haramdır. Həmçinin heyvanı vurmaq və üzünə dağ qoymaq olmaz.

*Üzərində insan və ya heyvan olan paltarları geyinmək, asmaq və ya pərdə kimi istifadə etmək, satmaq haramdır. Bu, böyük günahlar sırasına daxildir.

*Zina etmək şirkdən sonra gələn ən böyük günahdır. İmam Əhməd deyir: Qətldən sonra ikinci böyük günah zinadır. Zinanın bir çox növləri vardır. Ən pis və ən fahiş növü ərdə olan, məhrəm, qonşu və ya qohum qadın ilə zina etməkdir. Fahiş işlərin ən murdarı homoseksuallıqdır. Elə bu səbəbdən əksər alimlər bunu edənə və olunana ölüm hökmü vermişlər. Onlar bakirə olsalar, yenə də hökm dəyişməzdir. Şəmsuddin adlı alim deyir: Əgər ölkə rəhbəri homoseksualları yandırmağı qərara alsa, bu keçərlidir. Bu Əbu Bəkr əs-Siddiqdən və bir çox səhabələrdən  rəvayət olunmuşdur.

*Kafirləri bayramlarına görə təbrik etmək, bu bayramlarda iştirak etmək və ya onlara birinci salam vermək haramdır. Əgər birinci onlar salam versələr, onlara "va aleykum" sözü ilə cavab verməliyik. Kafirlər və bidətçilər üçün ayağa qalxmaq da haramdır. Onlarla əl ilə görüşmək isə məkruhdur. Onlara başsağlığı vermək, xəstələndikdə ziyarət etmək də haramdır. Yalnız şərii məsləhət olarsa, o zaman bunu etmək olar.

*Uca Allah övladlarımızı bizim üçün bir nemət olaraq vermişdir. Bununla yanaşı, onlar bizim üçün bir sınaq və imtahandır. Uca Allah buyurur: {Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır.} Ata öz tabeliyində olanların məsləhəti üçün çalışmalıdır. Uca Allah buyurur: {Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun...} Peyğəmbər (s.a.v) demişdir: "Hər biriniz gözətçisiniz və siz gözətçilik etdiklərinizə görə məsuliyyət daşıyırsınız". Övladların həddi-buluğa çatması valideynin məsuliyyətdən azad olması demək deyil. Əgər valideyn onlara nəsihətdə, dünya və axirətə ziyan verən işlərdən çəkindirməkdə səhlənkarlıq edərsə, o, əmanətə xəyanət etmişdir. Buna görə onu şiddətli aqibət gözləyir. Peyğəmbər (s.a.v) deyir: "Uca Allahın bir topluma başçı təyin etdiyi bəndə xalqını aldatmış halda ölərsə, Allah ona cənnəti haram edər." Buxari.

*Zahidlik: Nəfsi islah edən və axirət işlərinə həvəsləndirən işləri tərk etmək zahidlik demək deyildir. Bu cahillərin zahidliyidir. Əsl zahidlik dəbdəbəli həyat tərzini və yaşam üçün zəruri olmayan şeyləri tərk etməkdir. Peyğəmbərin (s.a.v) və səhabələrinin zahidliyi belə idi.


Tarix: 11.04.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1283 Bölmə: Maraqlı melumatlar