beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın adları və keyfiyyətləri

1. Uca Allah Qurani Kərimə bir çox adlar vermişdir. Bunlardan bəziləri:
Quran, Furqan, Kitab, Tənzil… Bu adların Qurani Kərimdə dəlilləri var.
2. Uca Allah Qurani Kərimi müxtəlif ayələrdə bir sıra sifətlərlə təsvir etmişdir. Bu vəsflərin bəziləri bunlardır: nur, hidayət(Doğru yol), nəsihət, şəfa, rəhmət, mübarək(Bərəkətli, xeyirli, uğurlu, xoşbəxt, bolluq mənbəyi olan.), aşkar, müjdə, əziz, məcid(Ulu), bəşir(Müjdəçi, muştuluqçu, xoş xəbər verən), nəzir(Təhlükədən çəkindirən), kərim(Kərəm sahibi, şərəfli, hörmətli, mərd, comərd, mülayim xoş davranan) və sözün ən gözəli.

Uca Allah əziz kitabını dəyərləndirərkən aşağıdakıları söyləmişdir:
"Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan [Quranın təhdidlərindən] Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər…" (Zumər, 39/23)
"...sözün ən gözəli.." – ən bəlağətli, ən doğru və ən mükəmməl olanı Qurandır.
"...bir-birinə bənzər" – möcüzəliyi, doğru yola yönəltməsi və səciyyəvi xüsusiyyətlərinə görə gözəllikdə bir hissəsi digər hissəsinə bənzəyir.
"...təkrarlanan" – onda hökmlər, nəsihətlər, hekayətlər və ədəb-ərkana dair hökmlər təkrar edilmişdir.
"...tükləri biz-biz olar". Təhdidindən bədənlərin dərisi səyriyir və ehtizaza gəlir.
"...ürəkləri yerinə gəlib qorxuları gedər" – rahatlıq və sakitlik gətirir, sakitlik yaradır, sıxıntı vermir (Bax: Həsəneyn Məhəmməd Maxluf, Kəlimətul-Quran)
3. Qurani Kərimin keyfiyyətlərinə dair müəyyən qədər zəifliklə birliktə mənaları baxımından mötəbər olan bir sıra hədislər də mövcuddur.
Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğu rəvayət edilmişdir:
"Şübhəsiz ki, bu Quran Allahın bir ziyafətidir. Onun ziyafətini gücünüz çatdığı qədər öyrənin. Doğrudan da bu Quran Allahın ipidir. O, aydın nurdur, faydaverici şəfadır. Ona möhkəm-möhkəm sarılan qorunar, ona əsaslanan xilas olar. O, hər hansı bir şəkildə təhrif edilə bilməz ki, sonradan doğruldulmalı olsun. Yolundan sapmaz ki, düz yola gətirilsin. Onun heyratamiz xüsusiyyətləri bitib-tükənməz. Çox oxunduğuna görə əskilib köhnəlməz. Onu oxuyun, çünki Allah onu oxumağınızdan ötrü hər bir hərfinə görə sizə on xeyirli mükafat verər. Mən "əlif, ləm, mim" bir hərfdir demirəm, çünki əlif üçün on, ləm üçün on və mim üçün də on əcr verilir" (Hakim hədisin səhih olduğunu bildirdiyi halda, Zəhəbi zəif olduğunu söyləmişdir)

"Bunu bilin ki, lap yaxında bir sıra fitnəkarlıqlar baş verəcəkdir. Mən, "yaxşı, o fitnələrdən necə xilas olmaq mümkündür?" – deyə soruşdum. Peyğəmbər (sallallahu əleyhi və səlləm): Allahın Kitabı ilə. – deyə buyurdu. Allahın Kitabında sizdən əvvəlkilərin biliyi, sizdən sonrakıların xəbəri, aranızdakı (anlaşılmazlıqların) hökmü vardır. O, haqqı batildən ayırır, o, əyləncə deyildir. O elə bir kitabdır ki, bir kimsə yekəbaşlığından onu tərk edərsə, Allah onun belini qırar. Kim ki, doğru yolu ondan başqa yerdə axtararsa, Allah onu azdırar. O, Allahın möhkəm ipidir. O, hikməti sonsuz olan zikrdir. O, doğru yoldur. O, istəklərin azdıra bilmədiyi və dillərin qarışdıra bilmədiyi bir kitabdır. Alimlər ondan doymazlar. Çox oxunduğuna görə köhnəlməz. Heyrətamiz xüsusiyyətləri bitib tükənməz. O, eşitdikləri vaxt cinlərin: "…Biz çox qəribə bir Quran eşitdik…" (Cinn, 72/1) deməkdən özlərini saxlaya bilmədikləri bir sözdür. O elə bir Kitabdır ki, onun əsasında danışan doğru danışar, ona əsaslanaraq hökm verən ədalətli olar və ona layiqincə əməl savab qazanar. O Kitabı oxumağa dəvət edən doğru yola yönəldilir" (Tirmizi rəvayət etmişdir. Camiul-Usul əsərini tədqiq edən: "Sənədində naməlum (hədis rəvayətçisi kimi tanınmamış) bir ravi vardır" dediyi halda, əl-Əlbəni hədisin Peyğəmbərdən (sallallahu əleyhi və səlləm) deyil, Əli b. Əbu Talib tərəfindən deyilmiş olduğunu bildirmişdir).


Tarix: 17.04.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar