beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİN NƏSİHƏTDİR

ÜÇÜNCÜ HƏDİS
DİN NƏSİHƏTDİR
Təmim əd-Dari Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: «Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir. Orada olanlar: Ey Allahın elçisi, kimin üçün? – deyə soruşdular. O isə cavabında dedi: Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün nəsihət etmək»[1] Müslim rəvayət etmişdir.

Peyğəmbər (s.a.v.) dediyinin əhəmiyyətini bildirmək və ümmətə yol göstərmək üçün bu sözləri bir neçə dəfə təkrar etmişdir. Ona görə təkrar etmişdir ki, qoy bütün ümmət bilsin ki, dinin zahiri və batini nəsihət üzərində qurulmuşdur. Bu, deyilən beş haqqın öhdəsindən layiqincə gəlməkdir.
Allah üçün nəsihət, onun təkliyini etiraf etmək, yalnız Onun kamil sifətlərə sahib olduğunu və heç kəsin heç bir vəchlə bu xüsusiyyətdə Ona ortaq olmadığına iman gətirmək, zahirdə və batində Ona əsl ibadət etmək, hər zaman ümid və qorxu, daim bağışlanma diləmək və tövbə etməklə, ibadətə qapanaraq Ona tərəf dönmək, Ona yalvarmaqla olur. Çünki bəndənin Allahın vacib buyurduğu haqqı qarşısında mütləq bir nöqsanı olmalı, yaxud hər hansı günah iş görməlidir. Amma bəndə tövbə etməklə, davamiyyətli bağışlanma diləməklə bu nöqsanını düzəldə bilər. Beləliklə onun əməli və sözü tam olar.
Allahın kitabı üçün nəsihət etmək isə, onu əzbərləmək, kəsb etdiyi mənalar barəsində düşünmək, sözlərini və mənalarını öyrənmək, həm özü həm də başqalarına qarşı münasibətdə bu kitaba əməl etməyə cəhd göstərməklə olur.
Peyğəmbər (s.a.v.) üçün nəsihət etmək isə, ona iman gətirmək və onu sevməklə olur. Bu imanda, onu öz nəfsindən, malından və övladından öndə tutmaq lazımdır. Dinin əsasları və ikinci dərəcəli əməllərində ona itaət etmək, onun sözünü hər kəsin sözündən üstün tutmaq, onun hidayət yoluna riayət etmək üçün səy göstərmək və onun dininə yardım etməyə çalışmaq da bu imana aiddir.
Müsəlmanların rəhbərləri üçün nəsihətə gəldikdə buraya, dövlət başçısından tutmuş digər məmur və qazılar, kiçik və ya böyük səlahiyyət sahibləri aid edilir. Belə ki, onların səlahiyyətini etiraf etmək, onları eşidib dinləmək, insanları da bu işə təşviq etmək, bacardığı qədər onlara tövsiyə etmək, onları özlərinə və insanlara fayda verəcək, işlərinin öhdəsindən layiqlə gələcəkləri istiqamətə yönəltmək bu nəsihətə aiddir.
Bütün müsəlmanlar üçün nəsihət etmək, özünə istədiyini onlar üçün istəmək, özünə istəmədiyini onlara da istəməmək, bacardığı qədər bu işə səy göstərməklə olur. Çünki kim bir şeyi sevərsə onun üçün səy göstərər, onu əldə etmək və tamamlamaq üçün çalışar.
Peyğəmbər (s.a.v.) nəsihətin bu beş şey: Allahın, Onun kitabının, Peyğəmbərinin və kimliyindən və səviyyəsindən asılı olmayaraq bütün müsəlmanların haqqını ödəmək – olduğunu açıqlamışdır. Beləliklə bu nəsihət dini tam əhatə etmişdir. Dində, bu əhatəli və dərin mənalı sözə aid edilməyən elə bir şey qalmamışdır. Daha doğrusunu Allah bilir.


Tarix: 25.04.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar