beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN DİNİNƏ DƏVƏT EDƏNİN AZUQƏSİ ( Üçüncü azuqə)

Hikmətli olmaq vacibdir. Allahın dininə hikmətlə, sonra gözəl söhbətlə, daha sonra zalım olmayanlar üçün mülayim mübahisə və daha sonra isə zalımlara qarşı ciddi şəkildə mübarizə aparasan! Bu dəvəti, sadaladığımız kimi pillə ilə dörd formada aparmaq məqsədəuyğundur. Allah taala buyurur: “Hikmətlə, gözəl moizə və öyüd nəsihətlə rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl surətdə mübahisə et!” (ən-Nəhl, 125). Digər bir ayədə isə Allah taala buyurur: “Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl surətdə mübahisə edin!” (əl-Ənkəbut, 46).

Hikmət işlərin dəqiqliyi və möhkəmliyidir. Hikmətli olmaq hər şeyi öz yerində etmək mənasına gəlir. Tələsmək hikmətdən deyil. İnsanları olduqları vəziyyətindən dərhal tamam başqa bir yaşam tərzinə çevirmək fikri səhv və hikmətsiz addım olardı. Çünki, Allah taalanın hikməti belə düşüncədən uzaqdır. Qurani-Kərim və şəriət rəsulullaha (Ona Allahın salavatı və salamı olsun) tədricən, hissə-hissə nazil olurdu ki, insanların qəlblərində yer tapsın, möhkəmlənsin. Namaz hicrətdən üç il əvvəl meracda fərz edildi. İlk öncə namazların rükətlərində fərq var idi. Zöhr, Əsr, İşa namazları iki rükət idi. Lakin, hicrətdən sonra Zöhr, Əsr və İşa namazları dörd rükət oldu.
Zəkat hicrətin ikinci ilində fərz olundu. Lakin, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) zəkatın alınması üçün heç kəsi göndərmirdi. Bu hadisə ancaq, hicrətin doqquzuncu ilində baş tutdu. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Suatı zəkat almaq məqsədi ilə göndərmişdi. “Biçin günü haqqı ödəyin”. Burada vacibat və ya vacibatın miqdarı bildirilmirdi. Hicrətin ikinci ilində zakatın bəyan olunmasına baxmayaraq, yalnız hicrətin doqquzuncu ilində rəsulullah (Ona Allahın salavatı və salamı olsun) zəkat üçün Suatı Əhli Məvaşiyə göndərdi.
İnsanların həyatlarının dəyişməsini Allah taalanın qoyduğu qaydalar əsasında etməyə çalış! Çünki, O, hökm edənlərin ən mükəmməlidir. Həmçinin, heç kəsə sirr deyil ki, oruc ilk öncə insanların öhdəsinə buraxılmışdı. Daha sonra oruc müəyyən edildi. Orucu tutmamaq isə yalnız davamlı olaraq onu bacarmayanlara aid edildi.
Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) dəvətindən bir neçə misal gətirmək yerinə düşərdi.
Birinci misal: Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) səhabələri ilə birgə məsciddə oturarkən bir bədəvi gəlib məscidin bir tərəfində bayıra çıxmağa başladı. Səhabələr onu görüb başını vurmaq istədilər. Lakin, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) buna icazə vermədi. Allah taala ona (Ona Allahın salavatı və salamı olsun) hikmət vermişdi. Bədəvi qurtardıqdan sonra rəsulullah (Ona Allahın salavatı və salamı olsun) əmr etdi ki, etdiyi yerin üzərindən su töksün ki, təmizlənsin. Sonra rəsulullah (Ona Allahın salavatı və salamı olsun) bədəvini yanına çağıraraq dedi: “Bura məsciddir. Burada çirkin və eyb işlər etmək olmaz. Burada namaz qılınar, Quran oxunar”("Səhih Buxari" Dəstəmaz kitabı; "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) və insanlar bədəvi ərəbin məsciddə kiçik bayıra getməsinin sona çatmasını gözlədilər" fəsli; (219)
Bədəvi rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) ona belə gözəl münasibətindən məmnun olmuşdu. Hətta, bəziləri rəvayət edir ki, bu bədəvi demişdi: “Allahım, mənə və Məhəmmədə rəhm et, burada olan digərlərinə isə yox!” Çünki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona nəzakət göstərdi, səhabələr (Allah onlardan razı olsun!) isə pis əməli bu bədəvinin cahil vəziyyətini qiymətləndirmədən aradan götürmək istədilər.
İkinci misal: Bir kişi peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gələrək belə dedi: "Ya rəsulullah, özümü həlak etdim". O, (Ona Allahın salavatı və salamı olsun) buyurdu: “Səni həlak edən nədir?” Kişi cavab verdi: "Mən Ramazanda oruclu halda qadınımla oldum". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona heyvan kəsməyini əmr etdi. Kişi dedi: "Yoxumdur". Sonra, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona iki ay davamlı oruc tutmağını əmr etdi. Kişi dedi: "Bacarmaram". Sonra, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona altmış yoxsulu yedirməyi əmr etdi. Kişi yenidən dedi: "Bacarmaram". Kişi oturdu, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona bir xurma gətirdi və onu sədəqə verməsini buyurdu. Həqiqətən də, rəsulullah (Ona Allahın salavatı və salamı olsun) yaradılmışların ən səxavətlisi idi. Kişi dedi: "Ya rəsulullah, burada məndən kasıbı yoxdur". Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) dişləri görünəcək səviyyədə gülümsədi. Çünki, bu kişi qorxu içində “məhv oldum” deyərək gəldi, nemət əldə edərək isə getdi. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona “get ailəni yedirt”("Səhih Buxari" Oruc kitabı; (1936) "Səhih Müslim" "Ramazan gündüzlərində cinsi əlaqədə olmağın şiddətli haram olması" fəsli; (1111)
buyurdu. Həmin kişi İslam dininin zənginliyi, sevinci və asanlığı ilə qəlbi rahatlıq taparaq qayıtdı.
Üçüncü misal: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) günah etmiş kəsə göstərdiyi münasibətə nəzər salaq. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir kişinin qızıl üzük taxdığını görür. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onun barmağından üzüyü çıxardıb yerə atdı və dedi: “Sizlərdən bir nəfər od parçasını əlində tutaraq özünə yaxınlaşdırır”. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) ona başqa cür münasibət göstərmədi. Sadəcə, üzüyü barmağından çıxardıb yerə atdı. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) getdikdən sonra ona məsləhət görüldü ki, üzüyü yenidən götürsün. O isə “Vallahi, rəsulullahin (Ona Allahın salavatı və salamı olsun) yerə atdığı üzüyü mən yenidən götürmərəm” dedi. Sübhənallah, bu münasibət səhabələrə idi. Allah onlardan razı olsun!
Mühüm odur ki, dəvətçi Allahın dininə dəvətdə hikmətli olsun.

Məhəmməd bin Saleh Əl-Useymin


Tarix: 17.04.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqlı melumatlar