beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda etik fikir tarixindən

Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngindir. Belə nümunələrdən biri «Avesta»dır. Şərq xalqlarının və ümumiyyətlə Dünya xalqlarının fikir tarixində görkəmli yer tutan Zərdüştilik və onun nəzəri təcəssümü olan «Avesta» dualist zəmində inkişaf tapmışdı. Dini-fəlsəfi doktrina olmaqla yanaşı, Zərdüştilik etik ideyalarla da zəngindir. O, insanların həyat tərzini, davranışını əks etdirərək insanları bir-birinə hörmət etməyə, qardaşlıq münasibətləri bəsləməyə, xeyirxah olmağa, şər qüvvələrə qarşı mübarizə aparmağa səsləyir. Zərdüşt inamına görə bütün varlıq 2 əks qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq; 2) zülmət. Bütün şəxsiyyət idealı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət; 2) xeyirxah söz və ya fikir; 3) xeyirxah əməl.

Uzun əsrlik tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqının etik mədəniyyəti və onun ayrı-ayrı problemləri xüsusi tədqiqat obyekti olduğundan, onun bəzi maraqlı məqamları üzərində dayanmağa çalışaq.

Ərazisində ibtidai insan məskənləri, mağaralar, şəhər xarabalıqları, qaya təsvirləri, istehkamlar, silahlar, əmək alətləri, gil qablar, bəzək əşyaları və s. tapılan Azərbaycan çoxəsrlik tarixə malik qədim mədəniyyət ölkəsidir.

Arxeoloji tədqiqatlar nəticəsindəəldə edilmiş müxtəlif materiallardan məlum olur ki, hətta qədimlərdə Azərbaycanda zəhmətkeş insana, şəxsiyyətə hörmət, insanpərvərlik, kollektivçilik hissi geniş təbliğ edilmişdir. Müəyyən mədəni abidələrimizdə, mədəniyyət nümunələrində insanlar əməksevərliklərinə görə təriflənir, onların öz peşəsi sahəsindəki məharəti, mənəvi qüdrəti təsvir edilir.

Azərbaycan maddi mədəniyyət nümunələri ilə yanaşı, mənəvi mədəniyyət abidələri ilə də zəngindir. Bu baxımdan, şifahi xalq ədəbiyyatımızda insanların humanist arzularını, istəklərini əks etdirən çoxlu nağıllar, dastanlar və mahnılar mövcuddur. Burada zülmə, haqsızlığa qarşı nifrət, xoşbəxt gələcəyə çağırış sədaları nəzərə çarpır. Humanist ideyaların əsasında isə insanların dinc həyatını, əməyini qoruyan sədaqətə və dostluğa çağırışlar durur. Belə humanist fikirlərəəmək nəğmələrində də rast gəlirik. Əmək nəğmələri xalq yaradıcılığının ən qədim janrlarından olub əmək prosesində insanların zəhmətini yüngülləşdirmək məqsədilə ifa edilirdi. Bu nəğmələr kollektivi həvəsə gətirir, işə səfərbər edir, əməyin çətinliyini, ağırlığını aradan qaldırır, insanlarda xoşəhvalruhiyyə yaradırdı. Burada həmçinin yoldaşlıq, qayğıkeşlik, dostluq tərənnüm edilirdi.

Şifahi xalq ədəbiyyatımızın ən maraqlı janrlarından olan Azərbaycan xalq nağılları etik fikir baxımından daha çox diqqəti cəlb edir. Nəinki realist səpkili məişət nağıllarında, hətta romantik səpkili sehrli nağıllarda, həmçinin heyvanlar haqqında olan nağıllarda da xeyir və şər, ədalət və haqsızlıq, dostluq, əməksevərlik, sədaqət, xəyanət, məhəbbət və s. kimi problemlərdən bəhs edilir.

Yazılı ədəbiyyatımız da bu baxımdan az maraq doğurmur. Məsələn, XI əsr Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban (?-1066) müxtəlif əsərlərində – «Məratib əl-mövcudat» («Mövcudatın mərtəbələri»), «Mabəd ət-təbiə» («Metafizika») və məktublarında humanist fikirlər söyləyərək xoşbəxtliyin xeyirxahlıq yolu ilə əldə edilməsini, insanın sədaqətli, əxlaqlı olmasını, insanpərvərliyini və s. problemləri və bunların ağıl və bilik yolu iləəldə edilə biləcəyini ön plana çəkir. (33, s. 84).

Nizami Gəncəvinin (1141-1209) əsərlərinin ana xəttini məzlum insan üçün səadət vəədalət axtarışları, zülmə, istismara, qeyri-bərabərliyə etiraz və nifrət təşkil edir. İnsan başqasından sədəqə istəməməli, öz ləyaqətini alçaltmamalıdır. İnsanın ağıl və biliyi Nizami əsərlərinin baş qəhrəmanıdır. «Sirlər xəzinəsi», «İskəndərnamə» və digər poemalarda xeyirxahlıq idealı siyasi idealla bağlı nəzərdən keçirilir. Dövlətin idarə edilməsindəədalət prinsipi ön plana çəkilir. «İqbalnamə»də insanın səmimi olmasının vacibliyi vurğulanır, onun təbiətlə ayrılmazlığından danışılır. Q. Məmmədov qeyd edir ki, Nizamiyə görə «ideal cəmiyyətdə şəxsi və ictimai mülkiyyəti oğrulardan, çapqınçılardan və qənimətçilərdən qorumağa ehtiyac yoxdur. Cəmiyyət üzvləri iqtisadi cəhətdən təmin olunduqları və eyni zamanda tərbiyəli, əxlaqlı, düşüncəli adamlar olduqları üçün onlar nalayiq hərəkətlərlə məşğul olmurlar. Nizami oğurluğu, hər hansı bir qəbahət və xəyanəti cəmiyyət üçün fəlakət hesab edərək, ayrı-ayrı şəxslərdən tələb edirdi ki, onlar ancaq öz əmlaklarını yox, eyni zamanda başqalarının da əmlakını müdafiə və mühafizə etməlidirlər. Onun fikrincə, birisi başqasının əmlakına tamah məqsədi ilə toxunmadıqda o, özünü müdafiə etmiş olur. Maraqlı burasıdır ki, Nizaminin təsvir etdiyi ideal cəmiyyətdə bütün sürülər çobansız otlamaqla bərabər əkinlərə də ziyan vermirlər. Əkini qorumaq üçün heç bir qoruqçu da yoxdur. İdeal cəmiyyətin ağsaqqalları bu barədəİskəndərə deyir: əkin əkəndən altı ay sonra bir də onu biçmək üçün ora gedirik. Şair göstərir ki, əkin, bağ və bostanın becərilməsi mədəni cəmiyyətin ümumi səviyyəsinə müvafiq olaraq həyata keçirilməlidir. Nizami xəbərçilik və böhtançılığı fitnə və fəsadların səbəbi kimi qeyd etməklə bunları özünə peşə edən düşkün, amalsız adamlara həmişə nifrət etmişdir. Nizaminin fikrincə, alicənab adam heç bir əsas olmadan başqasına eyib tutub onun əsəblərinə toxunmaz, başqasını öz hərəkətləri ilə narahat etməz. Eyni zamanda nəzakətli və nəcib adamlar söz gəzdirməklə məşğul olub, başqasının nüfuzuna toxunmama-lıdırlar. Bu barədə ideal cəmiyyət adamlarının adından danışan Nizami «İqbalnamə»də yazır:

Xəbərçilik bilməz bir nəfərimiz,
Özgənin eybinə göz yumarıq biz.

Şair bununla da insanları pis əməllərdən əl çəkib xeyirxah olmağa çağırır. Nizami öyrədir ki, ağıllı və xeyirxah adamlar özlərinin yaxşı əməllərini öz mənfəətlərindən daha çox başqalarının mənfəətinə sərf etməlidirlər. Nizami göstərir ki, birisi hirsli və ya qəzəbli olarsa, xeyirxah adamın borcu özünün mülayim və ağıllı məsləhətləri iləəsəbiləşmiş adamı sakit edib ona köməklik etməkdir ki, həmin adam pis yola getməsin, fitnə törədib nahaq yerə qan tökülməsinə səbəb olmasın. Digər tərəfdən Nizami göstərir ki, birisinə qarşı bir bədbəxtlik üz verərsə, cəmiyyət üzvləri onun qəminə şərik olmalıdırlar. Şad günlərdə – toyda, bayramda hamı bir yerdəşadlıq edib şən həyat keçirməlidir. …Nizaminin fikrincə, cəmiyyət üzvləri lazımi qaydalara əməl etsələr, orada xəstəliklərin qarşısı alınar və insanlar vaxtsız ölməzlər. …Nizami göstərir ki, yüksək tərbiyəli cəmiyyətdə möhkəm əxlaqi qaydalar olmalıdır. Bu cəmiyyətin adamları əxlaqi cəhətcə təmiz və xüsusilə tamahkar olmamalıdırlar. Nizaminin fikrincə, ideal cəmiyyətdəəxlaqi təmizlik, yəni insanların əxlaqlı olması bir adət kimi həyata keçirilməlidir. Hər kim cəmiyyətin bu müqəddəs qaydalarını pozsa, o, həmin cəmiyyətdən qovulmalıdır». (28, s.43-46). Nizami həmçinin göstərir ki, «…təlim və tərbiyə cəmiyyətin inkişafında böyük əhəmiyyəti olan vasitələrdən biridir. «Sirlər xəzinəsi»ndə Nizami təlim, tərbiyə vəəxlaq qaydalarından bəhs edir. Qitələrin bəzilərindəşair yaxşı insanları tərənnüm, pis adamları isə tənqid etməklə, birincilərə hüsn-rəğbət, ikincilərə isə nifrət bəslədiyini bildirir. Nizami vətənpərvər, bacarıqlı vəəxlaqlı insan tərbiyə etməyi cəmiyyətin əsas vəzifələrindən biri hesab edirdi. Çünki cəmiyyətin səadəti insanın kamilliyindən, onun xalqa düzgün münasibətindən çox asılıdır. Şair «Leyli və Məcnun»da belə deyir:

Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.

Böyük şairin fikrincə, yaxşı təlim-tərbiyə almış adam sağlam və tərəqqipərvər ideyalar irəli sürməklə, yaxud bu ideyalara tərəfdar olmaqla həyatda yaxşı yaşamağa adət edər, qarşıya çıxan bütün çətinliklərin öhdəsindən asanlıqla gələr. …gərək heç kəs heç kəsi aldatmasın, cəmiyyət üzvləri qorxmaz, cəsarətli, işgüzar və şən olsunlar. Onlar bir-birinə ziyan vermədən, ədavət bəsləmədən kinsiz-küdurətsiz olaraq daim səmimi yaşasınlar. Nizami göstərir ki, gözəl bir həyat qurub səadətlə yaşamaq ən böyük xoşbəxtlikdir. Nizami adamların yüksək tərbiyəli, nəcib sifətli, nəzakətli, gözəl, mülayim xasiyyətli və xüsusən elmli olmasını gözəl həyat qurmaq üçün nəcib bir şərt hesab edir. …Şair göstərir ki, insan yaxşı tərbiyə alıb kamal sahibi olarsa, həyatda həmişə hörmətlə qarşılanar. …səadət ancaq kamal nəticəsində başa gələ bilər. …Nizami hiyləgərlik və fitnə ilə məşğul olanlara həmişə nifrət etmişdir. İnsan çalışıb həyatda və məişətdə həmişə təmiz və namuslu olmalıdır. Nizami …insanları səmimi yaşamağa çağırır». (28, s.16-18).

Nizami dünyadakı bəlaların «bir səbəbini də cəmiyyətdəki əxlaq pozğunluğunda, xudpəsəndlik, lovğalıq, şöhrətpərəstlik, ikiüzlülük, hiyləgərlik, saxtakarlıq, paxıllıq, kinlilik, xəsislik, tamahkarlıq, tüfeylilik, əməyə, əməkçiyə xor baxmaq, kobudluq, qərəzçilik, eyş-işrət düşkünlüyü, hədsiz varlanmaq hərisliyi, məsləksizlik kimi mənfi əxlaqi keyfiyyətlərdə görürdü. «Xəmsə»də biz bu mənfi əxlaqi keyfiyyətləri zülmkar şahlarda, saray əyanlarında, böyük rütbə və ixtiyar sahiblərində, sələmçi tacirlərdə, yalançı dindarlarda – bir sözlə, başqalarının əməyi ilə yaşayan tüfeylilərdə görürük («Sirlər xəzinəsi»ndəəmanətə xəyanət eyləyən şeyx, rəiyyəti incidən zalım padşah, «Xosrov vəŞirin»də Bəhram Cubi, Şiruyə, «Yeddi gözəl»də Yəzdigürd, Simnarın ölümünə hökm verən şah, xalqa divan tutan vəzir Rast-Rövşən, tamahkar tacir Məlixa, şöhrətpərəst slavyan qızı, «İskəndərnamə»də Dara, onu öldürən rütbə sahibləri…). Bunların əksinə, «Xəmsə»də nə qədər gözəl mənəvi-əxlaqi keyfiyyətlər varsa, hamısı: düzlük, doğruluq, sadəlik, təvazökarlıq, mehribanlıq, xeyirxahlıq, qayğıkeşlik, əməksevərlik …rəiyyətdə, yoxsullarda, zəhmət adamlarında, qismən də alimlərdə görünür («Sirlər xəzinəsi»ndə kərpickəsən qoca, «Xosrov və Şirin»də Fərhad, «Leyli və Məcnun»da Zeyd, «Yeddi gözəl»də Fitnə, kəndli kürd, onun qadını, qızı, qoca çoban, qoca bağban, 7 məzlum, «İskəndərnamə»də çinli kəniz, qoca çoban). Belə bir əxlaqi fərqləndirmə öz-özlüyündə şairin əxlaq məsələlərinə də ictimai məna verdiyini vəəxlaq pozğunluğunu da əsasən despotizm üsul-idarəsilə əlaqələndirdiyini göstərir». (7, s.54-55).

Ədalətli olmaq fikri XIII-XIV əsr Azərbaycan filosofu Şəbüstərinin (1287-1320) yaradıcılığında da öndədir. O hamını bir gözdə görmək, insanlara sədaqətlə xidmət göstərmək, dostluq etmək kimi nəcib keyfiyyətləri təbliğ edir. Demək olar ki, bütün əsərlərində gözəl əxlaqa malik olmaqdan bəhs edir. «Ədalətli olmaq gözəl əxlaqın əsas xüsusiyyətlərindən biridir, ona görə ki, ədalətə sahib olan hər kəsin əxlaqı gözəl olur, çünki ondan heç vaxt zülm baş verməz». (31, s.37).

Yaxın və Orta Şərq xalqlarının ictimai-fəlsəfi həyatında mühüm yer tutan Nəsirəddin Tusinin (1201-1274) «Əxlaqi-Nasiri» (Nasir əxlaqı) əsəri Azərbaycanın etik fikir tarixində mühüm hadisədir. Elmi-ədəbi irsi olduqca rəngarəng olan N. Tusi əhatə etdiyi sahələrin diapazonu ilə də fərqlənir: nücum (astronomiya), riyaziyyat, tibb, məntiq, psixologiya, fəlsəfə, ədəbiyyat, coğrafiya, mədənşünaslıq (kimya), ilahiyyat, incəsənət, musiqi, tarix, iqtisadiyyat və s. H. Məmmədbəyli özünün «Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi» adlı əsərində Tusinin 76 əsərinin adını çəkir. Tusiyə dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı «Zince Elxani» kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdirən «Əxlaqi-Nasiri» əsəri olmuşdur. Bu əsərin qəribə yazılma tarixi vardır. Əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlanan, bəzən özü də bu məsələlərə aid əsər yazan İsmaili hökmdarı Nasir, Tusini yanına çağıraraq ona Əli Misgəvehin «Ət-təharə» adlı kitabını fars dilinə tərcümə etməyi təklif edir. O zaman İbn Misgəvehin bu kitabı ərəb dilindəəxlaq haqqında yazılmışən gözəl əsər hesab edilirdi. Tusi bu kitabı tərcümə etmək əvəzinə onu çoxdan məşğul edən fəlsəfi-əxlaqi, ictimai-siyasi məsələləri dərindən şərh etmək üçün daha mükəmməl bir kitab yazmaq qərarına gəlir. (32, s.10-11). Tusi özü bu barədə yazır: «Bu kitabın yazılması onun əmri və təşviqi ilə olduğundan adı «Əxlaqi-Nasiri» qoyuldu» (32, s.35). «Əxlaqi-Nasiri» 3 məqalə və 30 fəsildən ibarətdir. Əsərin əvvəlində «Müqəddimə», «Bu kitabın yazılmasının səbəbi haqqında», «Kitabın məqsədi və fəsilləri haqqında başlanğıc» adlanan hissələr yerləşdirilib. «Əxlaqın saflaşdırılması haqqında» adlanan birinci məqalə «Əsaslar (başlanğıclar) haqqında» və «Məqsədlər haqqında» adlanan 2 hissədən ibarətdir. Birinci hissədə 7, ikincidə 10 fəsil mövcuddur. «Evdarlıq elmi haqqında» adlanan ikinci məqalə 5, «Ölkə (şəhərləri) idarəetmə qaydaları» adlanan üçüncü məqalə isə 8 fəsildən ibarətdir. Hələ kitabın əvvəlindəəsərin məhz fəlsəfi əsər olduğu bəlli olur: «Bu kitabın məqsədi hikmətə aid məsələlərdən biri olduğundan ilk növbədə hikmətin mənasını şərh etmək, onun təsnifatını vermək lazımdır». Müəllif hikmətə tərif verərək onu 2 yerə bölür: biri – elm, o biri – əməl (iş). Sonra müəllif hikməti nəzəri hikmət vəəməli hikmətə bölərək bunların hər birinin bölmələrindən danışır və onların geniş təsnifatını verir ki, bunların da hər biri öz-özlüyündə böyük maraq doğuran problemlərdir. Məsələn, 3 yerə ayrılan nəzəri hikmətin birinci hissəsinə ilahiyyat, fəlsəfə, «Riyaziyyat» adlanan ikinci hissəyə həndəsə, astronomiya, astrologiya, musiqi, «Təbiət elmi» adlanan üçüncü hissəyə kimya, botanika, biologiya, psixologiya, fizika və s. aiddir. Əməli hikmət də üç yerə bölünür: birinci – əxlaqın saflaşdırılması; ikinci – evqurma qaydası; üçüncü – şəhərsalma siyasəti.

Etik görüşləri hələ kifayət qədər tədqiq edilməyən Tusi insan və ona məxsus olan xüsusiyyətləri mərkəzi planda nəzərdən keçirir, yaradıcılığı boyu insanın əxlaqi keyfiyyətlərini tərənnüm edir. Tusi əxlaqi sifətlərin yaranmasını real gerçəklikdə görür: «əxlaqi sifətlər yalnız ictimai həyatda yaranır və heç də anadangəlmə proses deyil», «insanlar öz əxlaqi sifətlərini həyatda tapdıqlarına görə özlərini yaxşı tərbiyə etməyi də bacarmalıdırlar». (9, s.8). Tusinin etik sisteminəəsasən, insanlar öz xarakterinə görə dörd qrupa bölünür: birinci, o adam ki, bilir və bildiyini başqalarına öyrədir, o, alimdir, ona ehtiram edin; ikinci, o adam ki, bilir və bildiyinə güvənir, o özündən xəbərsizdir, lovğadır, onu tənqid edin; üçüncü, o adam ki, bilmir və öyrənməyə ciddi cəhd edir, o zəhmətkeşdir, ona kömək edin; dördüncü, o adam ki, bilmir və öyrənmək də istəmir, o adam ağılsızdır, ondan uzaq olun. Tusinin fikrincə, insanlar həyatda əxlaqi sərvətləri, keyfiyyətləri yaxşı mənimsəmək üçün uşaqlıq dövründən düzgün tərbiyə edilməlidir, ata və analar hər şeydən əvvəl övladlarını vicdanlı olmağa öyrətməli və sonra təlim və tərbiyə işlərinə başlamalıdırlar. Tərbiyə lap körpə yaşlarından başlamalıdır, çünki kiçik yaşda uşaqların mənəviyyatı sadə və təmiz olur. hər bir valideyn öz övladının idealına çevrilməyə çalışmalıdır. hər bir valideyn və tərbiyəçi uşaqlara həyatda zəruri tələbatı ödəmək üçün maddi nemətlərə sərf edilən əməyin və zəhmətin rolundan geniş danışmalıdır. Uşaqlar başa düşməlidirlər ki, onların yediyi, içdiyi və geyindiyi maddi nemətlər üçün valideynləri böyük əmək və zəhmət sərf etmişlər. Belə olarsa, uşaqlar körpə yaşlarından əməyin və zəhmətin nəyə qadir olduğunu düzgün dərk edərlər. Onlar uşaqların nəzərində mal-dövlətin, qızıl və gümüşün rolunu heç vaxt şişirtməməlidirlər, çünki qızıl və gümüşün vurduğu ziyan böyük bəlalara səbəb olar. Heç kəs anadangəlmə fəzilət sahibi olmur, məsələn, heç kəs dülgər, katib ya başqa mütəxəssis doğulmur. Fəzilət təcrübə nəticəsindəəldə edilir, lakin çox zaman bir adam fitri olaraq bir fəziləti tez qəbul edir, onu mənimsəmək istedadı çox olur. İnsanı dörd amil hörmətli edər: doğruçuluq, ədəblilik, elmlilik və xoşxasiyyətlilik. Doğruçuluğun zinəti həya, camalı mənəvi saflıq, səmərəsi isə elmdir. Ədəblilik hörmət artırar, elm səni yüksəldər. Elmin dəyəri mal-dövlətin dəyərindən faydalıdır. Xoşxasiyyətlilik insanın xoşbəxtliyi deməkdir. Xoşxasiyyətlilik yaxşılığın mayasıdır. Tusinin fikrincə, dostluq edənlər eyni xasiyyətə malik olmalıdırlar. Bir-birinə həsəd çəkib paxıllıq etməməlidirlər. Bir-birlərindən mənfi xasiyyətləri gizlətməməlidirlər. Bir-birinə etibar etməlidirlər. Vəfalı dost seçib onu axıra qədər qorumaq çətindir. Xeyirxah insanlarda 10 cür müsbət əxlaqi sifət olmalıdır: əvvəla, yalançı olmamalıdır; ikinci, insaflı olmalıdır, üçüncü, eyib axtarmamalıdır; dördüncü, xalqın günahından keçməyi bacarmalıdır; beşinci, üzrxahlığı bacarmalıdır; altıncı, əziyyətə dözməyi bacarmalıdır; yeddinci, özünü tənbeh etməyi bacarmalıdır; səkkizinci, öz eybini başqasının eybindən tez görməlidir; doqquzuncu, hamı ilə mülayim rəftar etməlidir; onuncu, özünü çox tərifləməməlidir, özü haqqında yüksək fikirdə olmamalıdır. Tusi xeyir və səadətin növlərini göstərir: xeyirlər şərafətli, tərifəlayiq, qüvvə artıran və fayda verəndir. Xeyirlər kimi səadətin də dörd növü var: hikmət, şücaət, iffət vəədalət.

«Ən yüksək dərəcədə arzu edilən xeyir və səadət haqqında» adlanan fəsildə xeyir və səadət arasında olan fərq aydınlaşdırılır, xeyir və səadətin növlərindən danışılır, bəzi qədim alimlərin rəyi verilir.

«Xasiyyətin (xarakterin) mahiyyəti, həddi (tərifi) vəəxlaqın dəyişdirilməsinin mümkünlüyü haqqında» adlanan fəsildə xasiyyətə tərif verilir, xasiyyətin fitri olub-olmaması barədə fikirlərin müxtəlif olduğu söylənir. Bununla əlaqədar Aristotel və digər filosoflardan misal gətirilir: «Sonrakı alimlərin xasiyyətin fitri olmaması haqqında dəlilləri bundan ibarətdir, onlar deyirlər ki, xasiyyətlər dəyişkəndir, dəyişkən isə fitri ola bilməz. Buradan belə nəticə çıxardırlar ki, heç bir xüsusiyyət fitri deyil» (9, s.79). Sonrakı fəsillərdə fəzilət cinslərinin sayı, növləri, onlara zidd rəzilət zümrələri, fəzilətlərin oxşarları və fərqləri, ədalət və s. məsələlərdən danışılır.

«Evdarlıq elmi haqqında» adlanan ikinci məqalədə «Mənzilə olan ehtiyacın səbəbi, onun əsasları vəən mühüm cəhətləri», «Ailə dolandırmaq və evdarlıq qaydaları haqqında», «Övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında», «Xidmətçiləri və qulları idarə etmək qaydaları haqqında» fəsillər, «Söz demək qaydaları», «Oturub-durmaq adətləri, hərəkət və sükut qaydaları», «Yemək qaydaları haqqında», «Şərab içmək qaydaları» kimi yarımfəsillər mövcuddur.

Nəhayət, «Ölkə (şəhərlərin) idarəetmə qaydaları» adlanan üçüncü məqalədə «İctimaların əlaqəsi üçün zəruri olan məhəbbətin fəziləti və növləri haqqında», «İctimaların növlərinin və şəhərlərin əmələ gəlməsi haqqında», «Sədaqətin fəziləti və sədaqətli adamlarla (dostlarla) davranış qaydaları haqqında», «Ölkə dolandırmaq siyasəti vəşahların xisləti haqqında», «Şah xidmətində olmaq və rəiyyətin qayda-qanunları haqqında», «Xalqın bütün təbəqələr ilə davranış qaydaları (xüsusiyyətləri) haqqında» fəsillərindən sonra sonda «Bütün fəsillər üçün faydalı olan Əflatunun vəsiyyətləri haqqında» fəsil gəlir ki, bununla da əsər bitir.

Füzuli (1498-1556) yaradıcılığında məhəbbət problemi ön plandadır. Füzuli məhəbbəti ilahi məhəbbət olub, insanın mənəvi gözəlliyini təsdiq edir. Füzuli məhəbbəti həm də ideal məhəbbətdir. Şair onu təzadların inkarı kimi göstərir. «Fəzliyə nəsihət» əsərində Füzuli yazır ki, hər kəs özünəəməklə yol açır, cəmiyyətdə etibar sahibi olur vəşöhrətlənir. Ona görə dəəməksevər olmaq lazımdır. İnsanın zəhmətə, əməyə qatlaşması onu ədalətli, yüksək əxlaqi sifətlərə sahib edir (26, s.70). «Şikayətnamə», «Rind və Zahid», «Ənisül-qəlb» əsərlərində ictimati ədalətsizlik və zülm tənqid edilir. Şairin fikrincə bədxah adamlar heç vaxt həyatda xoşbəxt ola bilməzlər».

Füzulinin fəlsəfi, etik və estetik görüşlərini diqqətlə tədqiq etmiş akademik Fuad Qasımzadə «Qəm karvanı», yaxud zülmətdə nur» əsərində yazır: «Füzuli öz əsas fəlsəfi traktatı olan «Mətləül-etiqad»da yunan fəlsəfəsinə dərindən bələd olduğunu büruzə verir. Əsər bir çox yunan mütəfəkkirləri haqqında dolğun və yığcam, həm dəəsasən düzgün məlumat verdiyindən, o, bir növ fəlsəfə tarixinə aid olan əsərə, ayrı-ayrı filosoflar və cərəyanlar haqqında biliklər verən məlumat kitabçasına, ensiklopediyaya oxşayır. …«Mətləül-etiqad»da qədim yunan fəlsəfəsinin Fales, Heraklit, Demokrit, Anaksaqor, Empedokl kimi materialist, Aristotel (materializm və idealizm arasnda tərəddüd edən), Pifaqor, Sokrat, Platon, Prokl kimi idealist nümayəndələrinin və başqalarının, habelə bir sıra alimlərin adları çəkilir, yaradıcılığı izah olunur. Füzuli bədii əsərlərində də yunan alim və mütəfəkkirlərini, tarixi şəxsiyyətləri tez-tez qeyd edir, onların işlərinə yüksək qiymət verir. Onun şeirlərində Ərəstunun (Aristotel), Əflatunun (Platon), Makedoniyalı İskəndərin (Aleksandr), Buqratın (Hippokrat) və başqalarının adına rast gəlirik. Farsca yazılmış qəsidələrdə Füzuli Aristotelin fəlsəfəsini, Hippokratın tibbi görüşlərini tərifləyir, onları İbn-Sina və Loğmanla yanaşı təbliğ edir. Şair su, od, torpaq və havadan danışaraq (şübhəsiz ki, Empedokla işarədir) yunanlarda böyük alimlərin olduğunu yazır. «Ənisül-qəlb»də də yenəƏflatunun adı çəkilir, onun həqiqət sirlərini aça bilmədiyi qeyd olunur və bununla belə yunan mütəfəkkirinə, ümumiyyətlə, yüksək və layiqincə qiymət verən Füzuli onları «yunan biliciləri» adlandırır (21, s. 50-51). ƏsərdəƏflatunun (Platonun) adını hörmətlə çəkən şair oxucuya xitabən deyir ki, hətta Əflatunu belə hikmətdən xəbərdar güman etmə. Məhz platonik eşqi nəzərdə tutan Füzuli «ğərəz» rədifli qəzəlində göstərir ki, xalqın qərəzi gözəl vüsalından rahatlanmaqdır, aşiq üçün isə qərəz bu deyildir, təsərrüfsüz tamaşadır (seyr etməkdir). Platonik eşqin müəyyən təzahürləri «Leyli və Məcnun»da da vardır. Əsərin başlanğıcında verdiyi rübailərdə Füzuli ilahi eşqə, platonik eşqə işarə edərək yazır ki, o, həqiqət tələbinə görə məcaz yolunu tutmuşdur (21, s.138). Füzulinin etik görüşlərini təhlil edən müəllif daha sonra yazır ki: «şair əxlaq məsələləri ilə elmin məşğul olması zərurətini dərk etmiş vəəxlaqdan xüsusi olaraq bəhs etməyi bir elm saymışdır. Yəni …o, etikanı – bu istilahın özü onda olmasa da – əxlaq haqqında təlim, əxlaqi anlayış və qaydalardan bəhs edən elm olduğunu bilmişdir. …Şair etikanı (fünuni-ədəb, yəni ədəb elmi) bir elm kimi qəbul etsə də, nəhayətdə insan əxlaqının əvvəlcədən təyin edildiyi kimi təzahür edəcəyini, pis təbiətli adamın bütün ömrü boyu məhz belə qalacağını söyləmiş və beləliklə dəəxlaqın çıxış nöqtəsi kimi ilahi başlanğıcı, allahı qəbul etmişdir. Əxlaqın mənşəyi məsələsində onun idealist mövqeyi bir çox şeirlərində aydın görünməkdədir vəşair bunu dəfələrlə, dönə-dönə söyləmişdir. «Leyli və Məcnun» poemasındakı minacatlardan birində Məhəmməd peyğəmbəri mədh edərək yazır ki:

Keyfiyyəti-halı rövşən etdin,
Xeyrü şər işin müəyyən etdin.

Füzuli insan əxlaqının, davranış vəəməllərinin Allahın iradəsindən asılı olması məsələsində daha da irəli gedərək iqbal və idbarın, xoşbəxtliyin və bədbəxtliyin büsbütün allahdan, ilahi iradədən asılılığını qəbul edir və bunların izahında fatalist mövqe tutur. Allahın qoyduğu səadəti əzəli sayan şair xoşbəxtlik və bədbəxtliyin təyinində ilahi buyuruğun, qeyridən edilən «əmri-mühalın» həlledici rolunu qəbul etməkləəxlaqi əməllər məsələsində açıq-aydın qəza-qədər ideyasına gəlib. …Şair qəza-qədər ideyasını, əsasən dünyəvi hissləri, saf və real məhəbbəti tərənnüm edən «Leyli və Məcnun» dastanında da irəli sürür. …Bəs bu bədbəxtlik haradan gəlir, onu aradan götürmək, səadət və xoşbəxtliyə yetmək mümkündürmü? Məlum olur ki, bu, Məcnunun əvvəlcədən müəyyən edilmiş taleyidir, onun bəxti, müqəddəratı, qisməti irəlicədən məhz belə yoğrulmuşdur ki, o, bədbəxt olmalı və eşqinə qovuşmamalıdır» (21, s.258, 260, 261). «Şair həyatın mənasını mal-dövlət toplamaqda, simü-zər cəmləməkdə deyil, bilik və elm əldə etməkdə görür, o, hünər kəsb etməyi, biliklərə yiyələnməyi daim fəzilət və hünərin şərti sayır. …əxlaqın yüksəlməsindəəqlin, elmin gücünə verdiyi qiymət demək olar ki, bütün əsərlərində dönə-dönə təkrar edilir və onun rasionalist etikası geniş şəkil alır. Əxlaq normalarının müəyyən edilməsində, insanların davranışlarında əqlin roluna verilən bu fikir Füzulidə sistemləşdirilmişdir. O, insan şərəfinin səbəbini də əqlin gücündə, elmin rolunda görür. Farsca olan rübailərindən birində deyir ki:

Elm ilə, ədəblə tapılar şərəf,
Mirvari olmasa, nə lazım sədəf?

Füzuli əxlaqi əməllərin təyinindəəqlə verdiyi yüksək rola bir növ yekun vuraraq yazır ki, əvvəl fikir, sonra əməl, yəni işi başlamazdan əvvəl onun nəticələrini düşünmək lazımdır. …Beləliklə, Füzulinin rasionalist etika tərəfdarı olduğu, əxlaqın əsas meyarı kimi əqlə və biliyə yüksək qiymət verdiyi, onları insanın yüksəlməsi və şərəfi üçün vacib şərtlər saydığı aydın olur (21, s.264-266).

XVII-XVIII əsrlərdə Azərbaycanda ictimai–siyasi və fəlsəfi fikir dövrün tarixi hadisələri ilə sıx əlaqədar inkişaf edirdi. Qövsi Təbrizi, Saib Təbrizi və b. Füzuli ənənələrini davam etdirirdilər. XVIII əsrdə Molla Vəli Vidadi və Molla Pənah Vaqif humanist idealların ən güclü ifadəçiləri oldular.

Həmin dövrdə yaşamış Zeynalabdin Şirvani insanın kamil olması və təkmilləşməsi üçün 50 keyfiyyət qazanmağın zəruriliyini göstərirdi. Şirvaniyə görə insan mülayim, təvazökar, ehtiyatlı, xeyirxah, vicdanlı, əməksevər olmalı və bu kimi yüksək keyfiyyətlər daşımalıdır.

XIX-XX əsrlərin Azərbaycan ədəbiyyatı etik fikir tarixində mühüm bir mərhələ təşkil edərək yalnız gənc nəslin deyil, cəmiyyətin bütün təbəqələri və siniflərinin əxlaq tərbiyəsində və həyat təcrübəsinin zənginləşməsində əvəzedilməz mənbə rolunu oynamışdır. Bu dövrün görkəmli maarifçiləri və mütəfəkkirlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, MirzəƏləkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı və digərlərinin əsərləri buna misaldır.


Tarix: 09.12.2014 / 14:14 Müəllif: Aziza Baxılıb: 836 Bölmə: Fəlsəfə