beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şadlı eli

Elin tarixi
Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur. Monqol baş komandanının 1221-ci ildə Yantszı (müasir Pekin) qərargahına gələn Çjao Xun adlı çin elçisinin "Monqol-tatarların bütöv təsviri" (Men-da Bey-lu) adlı əsəri bu cümlələrlə başlanır:

"Tatarlar ilk dəfə kidan torpaqlarının quzey-batısında yerləşən ərazilərdə yüksəldilər. Tatarlar şato budun konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən bir neçə nəsil ərzində (onlar barədə) məlumat yox idi. Onlar üç qoldur: qara, ağ və qaba tatarlar"
— Mенда Бейлу. M. 1975, səh 45.
Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir. Ağ tatarlar isə Azərbaycanın digər bölgələrində olduğu kimi, İrəvan mahalında da şad, ağ hun və başqa boylarla ilgili iz qoymuşlar.

Miladdan sonra VII əsrdə Fərqanədə əski Usunların ərazisində yaşayan Şato tayfaları bir əsr sonra artıq Yanmin əyalətini tutaraq Barkul gölü ətrafında yerləşmiş, daha sonralar Şensi, Qansu və Şansi əyalətlərinə köçmüş, sonrakı əsrlərdə isə Quzey Çini zəbt etmişlər. Vaxtilə qədim Azərbaycan torpaqlarından Türküstana köç edən şad (şato) tayfalarının artıq X əsrdə Çinin quzeyində müstəqil bəyliyi olmuşdur.

Orta əsrlərdə Quzey və Güney Qafqazda şadılı və şatırlı tayfalarının varlığı və Osmanlı dönəmində şatırlı əşirətinin Karaman və Aydın sancağında da yaşadığı məlumdur. Vedibasar bölgəsində şadılı boyunun tarixi çox qədm çağlara aiddir. Urmu hövzəsində isə şatırlı tayfalarının tarixi miladdan öncə VIII əsrə aiddir. Belə ki, Şatir-araqa (Şatiraraya da oxunur) və Şatiru adlı bölgələr barədə e.ə. 777-ci və 780-ci illərə aid urartu dilində yazılmış tarixi qaynaqlar vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid asur qaynağı da təsdiq edir.

Şadılı, Şatırlı tayfalarının adı qədim şadlı boyu ilə bağlıdır, şadlı sözü isə qədim türk dilində titul bildirən şad sözündən yaranmışdır. Bu titulu qədim çağlarda türk dövlətində bölgə, qoşun başçısı və canişin olan, hökmdar oğlu daşıyırdı. Elə ki, şahzadə bölgə və qoşun başçısı təyin olundu, onun adına şad titulu qoşulurdu. Orxon abidələrində belə cümlələr var:

1) İki oğluma yabğu (və) şad adı verdim.
2) Yeddi yüz kişini (döyüşə) aparanın böyüyü Şad
idi. 3) Arxasınca şadapit bəylər.

Tarixdə belə adverməni İrəvan mahalında görürük. Miladdan öncə VIII-VII əsrlərdə bütöv İrəvan mahalını da sınırları içinə alan Quzey və güney Azərbaycan torpaqlarında at oynadan və İrəvanın yaxınlığındakı Qəmərlidə izi qalan qədim saqa – qamər tayfalarının hücumundan qorxan Asur çarı Aşşurbanipalın VII əsrin ortalarında Marduk tanrıya həsr etdiyi mətndə deyilir:

"Mən (Tuqdammenin) gücünü dağıdacağam, öz belindən gələn və ona varis təyin edilən oğlu Sandakşatrunu yenəcəyəm."
Qamər elbəyi Tuğdamlı varisi olan oğlunu şad titulu ilə görəvləndirmiş, asur mirzəsi də onu Sandak-Şat (ru) kimi qələmə almışdır. Sandak sözü isə bizə səlcuq sultanı Alp Arslanın türkmən atlı qüvvələrinə 1068 – ci ildə komandan olan Sandak bəyin adından tanışdır. Bu asur olayından min il sonra Xəzər xaqanlarının Ərməniyyə üzərinə göndərdiyi qoşunların başında biz yenə də Şad titullu xaqan oğullarını görünür.

Miladdan öncə XIII əsrdə Dəclə sahilində Urraxinaş (Urratinaş) ölkəsi çarının oğlu da (Şadi-Teşub) adı daşıyırdı. Qədim türklərlə bağlı şad titulu şumer mətnində də vardır. Şumerli elçinin sarayda Aratta elbəyinin Şatammu ilə gənəşdiyi barədə verdiyi məlumat III minilin son rübünə aid olduğu üçün şad sözünün ən qədim nümunəsi hesab olunur. Assur – Urartu mətnləri isə I minildə qeydə aldıqları şad titulu və şad, şadlı tayfalarından bəhs edir. Bu qaynaqlarda adı keçən Pirişati m.ö. 820 – ci ildə qızıl tayfalarının yaşadığı Qızılbund bölgəsinin bəyidir. "Mucmil at – tavarix" əsərində onun adaşı Pirşad isə Feridunun vəziridir.


Tarix: 17.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎