beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəzərlər və Azərbaycan türkləri

Azərbaycan türklərinin etnogenezində və Azərbaycan dilinin (Azərbaycan türkcəsinin) formalaşmasında xəzərlərin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, dilçi Elbrus Əzizov müasir Azərbaycan dilinin bəzi dialektlərinin yaranmasını xəzərlərlə bağlamışdır. Eramızın ilk əsrlərindən başlayaraq xəzərlər Şimali Qafqazdan mütəmadi olaraq Qafqaz Albaniyası ərazisinə yürüşlər edirlər. VIII-IX əsrlərdə Xəzər-Ərəb müharibələrinin əksəriyyəti də məhz Azərbaycan ərazisində baş vermişdi. Bunların nəticəsində xəzərlərin bir hissəsi tədricən Azərbaycan ərazisində məskunlaşmışdır. Azərbaycanda Xəzərdağ (Füzuli rayonu), Xəzəryurd (Ordubad rayonu), Xəzər-yaylaq (Lerik rayonu) toponimləri xəzər etnonimini saxlamışdır. Qiyasəddin Qeybulayev qeyd edir ki, Azərbaycandakı Tərnəvit, Ulaşlı, Kəbirli, Qaraçorlu və b. toponimlər xəzərlərin tərnə, kulas, kəbər və karaçor tayfalarının məskunlaşdığı yerlərdir.

XX əsrin ortalarında xəzərlər haqqında Təbərinin məlumatını şərh edən akademik B. Dorn yazır: "İslamdan öncə Xəzər Dərbəndi ifadəsi Azərbaycanın güneyində Rey ilə İrak arasındakı şəhəri bildirir" Təbəriyə görə, xəzərlərlə vuruşan Xosrov Ənuşirəvan onlardan 10 minini Azərbaycanda yerləşdirdi. VI əsrin ikinci yarısındakı olaylardan bəhs edən əl-Bəlazuri hələ Ənuşirəvanın (531-579) vaxtında "xəzər axınının Dineverə qədər uzandığını, Cürzan və Erranın bu dönəmdə xəzərlərin əlində olduğunu" söyləyir və məhz bu sasani şahının xəzərlərlə qohumluq əlaqəsi qurmağa cəhd etdiyini deyir.

Xilafət orduları ilə VII əsrin ortalarında qarşılaşan xəzərlərin xeyli hissəsi əvvəl Kürdən yuxarı, sonralar isə Dərbənddən yuxarı çəkilməli oldu. Lakin İslam dövründə də onlar Azərbaycanı tam tərk etmədilər. Ərəb-xəzər qarşıdurması başlayanda Arazdan yuxarı bir sıra bölgələr və Gürcüstanın bir hissəsi xəzərlərə tabe idi. Əl-Bəlazuri qeyd edir ki, Böyük Boğa vaxtında Şamxor şəhəri yenidən quruldu və buraya xəzər əhalisi yerləşdi Qəbələni Xəzər adlandıran həmin tarixçi qeyd edir ki, 737 – ci ildə də Mirvan 40 min xəzəri Samur-Şabran arasında yerləşdirdi. Bəzi türk boylarının xəzərləri sabir adlandırması (əl-Məsudi) faktını da nəzərə aldıqda və o dönəmdə Aran-Şirvan bölgəsində 100 min sabir ailəsinin (yarım milyon xəzər) yaşadığını xatırladıqda, onda bugünkü Azərbaycan türklərinin formalaşmasında xəzər faktorunun önəmin aydın olur.

Xəzər tarixində qədimə endikcə onların Azərbaycanla bağlılığı artır. Xəzərlərin Azərbaycandan şimala getməsini arxeoloji dəlilər də təsdiqləyir. Arxeoloqların Dağıstanda apardıqları tədqiqatlar göstərir ki, əvvəllər burada olmayan yeni tipli maddi mədəniyət növü Miladdan öncəki minillikdə, əsasən VII – IV əsrlərdəki bəzi silah növləri, lüləyli su dolçası, atçılıqla bağlı fərqli nəsnələr nümunəsi Cənubi Qafqazdan gətirilmişdir . Xəzər arxeoloji mədəniyətinin tədqiqatçısı S. A. Pletneva yazır ki, Aktaş çayının qolu Yarıksu kənarında salınmış Azar (Xazar)-qala m.ö II – m.s IX əsrlər boyu fasiləsiz mədəniyət qatları ilə seçilir.

Ərəblərin Azərbaycana ayaq açdığı ilk çağlarda "Araz qırağındakı Beyləqanda bir kəndlinin xəzər dilində səlis danışması" (əl-Kufi) faktı xəzərlərin danışdığı dilin o dövrdə xalq arasında geniş yayıldığını göstərir. "Kartli tarixi" abidəsi həmin çağda Tiflisdə danışılan dillər sırasında xəzərlərin dilini (xazaruli) də qeyd edir . Bu deyilənlər "Azərbaycan və tabeliyindəki bölgələr xəzər məmləkətidir" (Təbəri) fikrinə haqq qazandırır və xəzərlərin ilkin ata yurdunu məhz Azərbaycanda axtarmağa istiqamət verir. Maraqlıdır ki, İosif xaqan Xəzər dənizinin adını Xəzər deyil, bu dənizin güney sahilində yaşayan boyların adı ilə Qurqan adlandırır. Bu da göstərir ki, xəzərlər quzeyə saqa boyları ilə və onlardan bir neçə əsr sonra Güney Azərbaycandan getmişlər. Burada xəzər adının azər şəklində işlənən variantı da köməyə gəlir.

Qədim azər boyları içində yaranan bu iki dialekt fərqi hər hansı bir etnonimlə də fərqləndirilə bilərdi. Görünür, İbn Xaldunun "xəzərlər türkməndir" deməsi məhz bu fərqi bildirir. Bu gün Azərbaycan dili ilə türkmən dili arasında olan həmin fərq aydın görünür. Hətta, Azərbaycan sözünün bu dillərdə tələffüz forması da qədim dialekt fərqini ortaya qoyur. Hələ neçə əsr əvvəl türkmən şairi Əndalıp "Oğuznamə" əsərində deyirdi:

Ki andan sonq Irak, Şirvan-Şamakqa,
Taki Xəzərbeçan, Arzılum yakqa…

Ki andan sonq barıp Eyranı aldı,
Irak, Xəzərbeçan, Teyrannı aldı.

"Koroğlu" dastanının türkmən variantında Qöroqlı (Koroğlu) bir boyda özünü xəzirbeycanlı ("azərbaycanlı") kimi təqdim edir. Həmin boyda belə cümlələr vardır:

"-Menin, aslı kərim xəzirbeycanlı"

"-Ay, xəzirbeycanlı sövdaqər, sen yaqşı qeldin . . ."

Azərbaycan əhalisinin azər dilində danışdığını qeyd edən ərəb – fars mənbələrinə və Azari bölgəsini m.ö. VIII əsrdə Urmu gölü ilə Kərkük arasında göstərən asur qaynağına əsaslanıb, xəzərlərin ilkin Ata yurdunun Azari ilə bitişik olan qədim Bars bölgəsi olduğu qeyd edilir. Assur, Urartu yazılarında Parsua // Barşua şəklində verilən həmin bölgə Manna çarlığının tərkibində idi və burdan çıxıb, Quzey Azərbaycana, oradan da Quzey Qafqaza gedən barsil – xazar boyları burada ikinci Barsil – Xəzər ata yurdunu salmış, bu yeni yurdda min il sonra digər soydaşlarını toparlayıb, qüdrətli Xəzər imperiyasını qurmuşlar.


Tarix: 17.01.2015 / 16:22 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎