beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan adı və Azərlər

İlkin anlamını azman sözündə saxlayan az adı ilə tanınan azər boylarının izinə (Aza, Azaq – Azov, Astarxan – Həştərxan, Astara, Aştarak, Askişi) müxtəlif bölgələrdə rast gəldiyimiz kimi, bu boyların kaz variantı ilə yaranan adların da (Kazan, Kazax, Kazar-Xəzər, Kaspi) geniş yayıldığını görürük. Azər etnonimi şəxs adı kimi də işlənmişdir. Anadoluda Aydınoğlu bəyliyində I Umur öz qızlarına Gürcüxatun və Azər-mələk adlarını qoymuşdu. Məsudi (X əsr) yazırdı ki, Azər ibn Nəbih ibn Məhacir Şəkinin hökmdarıdır. "Quran"da İbrahim peyğəmbərin (s.ə.) atası Azər adlanır. Strabon Madanın güneyində "Azari" adlı məbədin olduğunu göstərir.

Yaqut əl-Həməvi "Mu’cəm əl-buldən" əsərində Azərbaycan adının şərhini belə vermişdir:

"Dilçilərə görə bu sözün nisbəsi azəri və ya azri kimi işlədilir. Azər və bican hissələrindən təşkil olunduğuna görə nisbi sifəti yalnız sözün birinci hissəsindən, yəni azri şəklində düzəldilir. Azərbi kimi də deyilir. Bu formaların hər ikisi işlədilir"
Bizans tarixçisi Feofilakt Simokatta yazır ki, 590 – cı ildə Hörmüzdün başına gələnləri eşidən oğlu Xosrov qorxudan Azərbaycana qaçdı . Müəllif Azərbaycan sözünü metateza ilə yazsa da, sözün tərkib hissələrini düzgün vermişdir, belə ki, Azrabiğan (’) şəklində bu ad Hazrabiğan // Azrabiğan kimi oxunur. Buradakı məkan bildirən -qan şəkilçisini çıxanda sözün Azrabi hissəsi qalır ki, bu da metateza ilə verilən Azərbi etnonimidir. Burada Azər adı bəllidir, -bi şəkilçisiisə etnonimlərə qoşulan cəm bildirən şəkilçidir. Göründüyü kimi, Az-ər-bi-qan hissələrindən yaranan Azərbaycan adı min illər boyu mərhələ – mərhələ Az >Azər >Azərbi >Azərbiqan >Azərbican // Azərbaycan şəklində formalaşmışdır.

Ən qədim çağlardan Azərbaycanın müxtəlif bölgələrində az, azər, xəzər, kas, kaspi, kazax kimi kiçik dialekt fərqli adlarla tanınan azər türkləri kimi, Azərbaycanda əvvəllər yaşamış saqa, qamər, kəngər, oğuz, bayat, polad, hun, alban, dağlı, göyər, qaşqay və onlarla digər türk boyları da ümumi azər adı içində birləşir və bu ad V əsrdən sonra Quzey Azərbycanın bəzi bölgələrində türk və fars dillərində danışan, sonralar digər qonşu tayfalarla qaynayıb qarışan boylar üçün də doğmadır.

Azər boyunun kökündə duran az boy adı qədim türk yazılarında da qeyd olunmuşdur.

"az budun yağı kıltı" (Gültigin, I, Q-2)
"az kırkız budunığ" (Gültigin, I, D-20)
"yerçi tiledim; çölqi az əri boltım" (Tonyukuk, D-23)

Bəzi tarixçilər Azərbaycan adını tarixi Azərbayan ərazisində mövcud olmuş qədim dövlətlərdən birinin – Atropatenanın adı ilə izah etməyə çalışmışlar. Halbuki Atropatena adı "od – ər" (atar) modelində düzəlib, "atəş – qoruyan" (atar – pat) anlamlı titul əsasında pəhləvi – fars dilində yaranmış və daha çox erməni – yunan qaynaqlarında əks olunmuşdur. Azərbaycan adı isə "azər boyu" (az / xəz – ər) və "azər boyları" (azər bi) etnonimi əsasında yaranmış və müxtəlif dilli qaynaqlarda əks olunmuşdur:

atar (od + ər) + pat + kan = Atarpatkan  Atropatena
azər (az +ər) + bi + qan = Azərbiqan  Azərbaycan


Tarix: 15.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎