beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Madaylar - Tarixi

Midiyalıların ölkəsi İranın şimal-qərbində, indiki İran Azərbaycanı, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi. Assur mənbələrində Maday və Matay kimi bu etnosun adı ilk dəfə er. əv 843-cü ildə çəkilir. Maday və Matay müəyyən bir etnosun həqiqi və köklü adıdır. Alban tarixçisi Musa Kalankatlı da bu xalqın adını Maday kimi yazmışdır. Er. əv. 519-cu ilə aid Büsütun qaya yazısının mixi əlifba ilə farsca mətnində Mada (sonda – y səsini ifadə edən mixi işarə yox idi) kimidir.

Qədim yunanlar bu xalqın adını Medo, latınlar Mido kimi tələffüz etdiklərinə və belə də yazdıqlarına görə, Maday etnosunun və onun adı ilə adlanmış Maday ölkəsinin adı tarixə təhrif olunmuş şəkildə – Midiya kimi daxil olmuşdur.

Maday, Matay etnosunun er. əv. IX əsrə (dəqiqi er. əv. 835-ci il) aid asur mənbələrində farslarla (Parsua, Parsumaş) eyni vaxtda çəkilməsi əsasən belə bir fikir yaranmışdır ki, onların hər ikisi Ari mənşəli idi və er. əv. II minilliyin sonlarında İran ərazisinə gəlmişlər.

İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır. Er. əv. 612-ci ildə çar Kiaksarın vaxtında Maday dövləti skiflərin köməyi ilə təcavüzkar Asur dövlətinə son qoymuş, ərazisini özünə qatmış və bu münasibətlə tarixdə ilk dəfə ikibaşlı qara qartal emblemini öz ağ bayrağı üzərində həkk etmişdir.

Paytaxtı Akbatan (indiki Həmədan ərazisində) adlanmış bu dövlət Yaxın Şərq ölkələrinin tarixində böyük rol oynamışdır: Maday dövləti er. əv. 624-cü ildə farsların ölkəsini tutmuş, qəsbkar Assuriya və Urartu dövlətlərinə də həmişəlik son qoymuş və imperiyaya çevrilmişdir. Eradan əvvəl 550-ci ildə yerli sülalə süqut etmiş və hakimiyyət farslara keçmişdir.

Tarixşünaslıqda əvvəllər hakim olmuş baxışa görə midiyalılar Ari mənşəli olmaqla er. əv. II minilliyin axırlarında ya Orta Asiya, ya Qafqaz tərəfdən İran yaylasına gəlib məskunlaşmışlar. Buna görə də Maday etnonimini və Midiya tayfalarının adlarını, Manna və Midiya ərazisində bəzi toponimləri və şəxs adlarının Avesta, qədim hind və qədim fars dilləri əsasında izahına təşəbbüs göstərilmişdir.

Maday (Matay) əvvəlcə müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və er. əv. 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, türkmənşəli olduğunu göstərmişdir.

Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapçaqay Matay,Göncə-Matay, Tuvada hələ XIII əsrdə Madı (türk dillərində a-ы əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat , Sibirdə və Altayda Maadı, Madar və Maxtar (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar,ər- kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.

Elam dilində bu etnonim və etnotoponim həm Matape (Matay etnonimindən və elamca cəm bildirən – pe şəkilçisindən), həm də Maktape (Maqtay adından və pe-şəkilçisindən) adlanmışdır və deməli, müvafiq olaraq bu adlar Mata (y)lar və Maktaylar, yaxud Maqtaylar deməkdir.


Tarix: 15.01.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎