Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülfəli İbrahimov

Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972)—Azərbaycan tarixçisi.

Həyatı
Zülfəli İmaməlioğlu İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur.

1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdı.

1932-ci ildə Z.İbrahimov Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilir.

1935-də İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, "Kommunist", "Nuxa fəhləsi", "Yeni yol", "Gənc işçi" və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır.

1936-37-ci dərs ilindən isə Z.İbrahimov pedoqoji fəaliyyətlə məşğul olmağa başlamışdır.

Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır.

Belə ki, sovet dövründə milli respublikalarin tarixinin öyrənilməsi və tədrisinə çox saylı əngəllərin olduğu bir şəraitdə o, Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının açılmasına nail olmuşdur.

Z.İbrahimov həmin kafedranın müdiri, Universitetin tarix fakültəsinin dekanı və Azərbaycan EA–nın Tarix institutunun direktoru vəzifələrində işləmişdir.

Prof. Z.İbrahimov elmi fəaliyyətinin ilk dövrlərini Azərbaycan xalqının mühüm tarixi problemlərinin tədqiqinə həsr etmişdi.

Əsərləri: "Qədim Azərbaycan cəmiyyəti", "Babək üsyanı", "X-XII əsrlərdə Azərbaycanın sosial-siyasi vəziyyəti", "Zaqafqaziya xalqlarının sasanilərə qarşı mübarizəsi", "Sasanilər dövründə Azərbaycanın sosial-iqtisadi həyatı", "Cavanşir-Azərbaycanın qəhrəman sərkərdəsidir", "Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl" və s. məqalələrlə yanaşı , "Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi", "Babək", "Döyüşkən Azərbaycan xalqı", "Azərbaycan qadınlarının qəhrəman keçmişindən", "Nizami dövründə Azərbaycan mədəniyyəti", "Yazıçılar və tarixçilər azərbaycanlıların mərdliyi və şücaəti haqqında" və s.

1941-ci ildə Z.İbrahimov Azərbaycan Dövlət Universitetində öz xalqının qəhrəmanlıq tarixinə - "Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının mübarizəsi"-nə həsr etdiyi namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və tarix elmləri namizədi alimlik dərəcəsini alır.

O, tarix elmləri sahəsində belə bir dərəcəni alan ilk azərbaycanlılardan biri olmuşdur.

1941-1942-ci illərdə Urmiya şəhərində Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasında "Qızıl Əsgər" qəzetinin məsul redaktoru işləmişdir.

1948-ci ildə "1917-1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və Ali Attestasiyanın 25 fevral 1950-ci il qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsini və 17 iyun qərarı ilə professor adını almışdır.

Elmi fəaliyyətinin sonrakı mərhələsində Z.İbrahimov burjua-demokratik, sosialist inqilabı, xarici hərbi müdaxilə, vətəndaş müharibəsi tarixinin tədqiqi ilə məşğul olmuşdur.

Bu silsilədən əsərləri "İngilis-amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi", "Azərbaycanda 1905-1907-ci illər inqilabı", "Azərbaycan zəhmətkeşlərinin sosialist inqilabı uğrunda mübarizəsi", "Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi" və s

Z.İbrahimov üç cildlik "Azərbaycan tarixi", "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi", "Azərbaycan Kommunist Partiyası tarixinin" 1 cildi, "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri", həmçinin "Zaqafqaziya kommunist təşkilatları tarixinin oçerkləri" kimi ümumiləşdirici əsərlərin əsas müəlliflərindəndir.

O, eyni zamanda SSRİ jurnalistlər İttifaqının üzvü idi.

1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.

Uzun illər Azərbaycan Dövlət Universitetində Vətən tarixindən ümumi və xüsusi kurslar aparan prof. Z.İbrahimovun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdi.

Prof. Z.İbrahimov Azərbaycan EA nəzdində elmi əlaqələndirmə şurasının sədri, ictimai elmlər üzrə birləşmiş redaksiya nəşriyyat şurasının, ictimai elmlər üzrə birləşmiş müdafiə elmi şurasının, tarix bölməsi üzrə müdafiə elmi şurasının. ADU-nun və tarix fakultəsi elmi şuralarının üzvü olmuşdur.

O, Respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. Z.İbrahimov Oktyabr inqilabı, Şərəf nişanı ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuşdur.

Azərbaycan SSR dövlət mükafatı laureatına layiq görülmüşdü. 300-ə qədər elmi məqalə və əsərlərin müəllifi olan professor Z.İbrahimov bütün ömrünü elmin inkişafı və tərəqqisinə həsr etmiş, özündən sonra böyük tarixi bir irs qoyub getmişdir.

Z.İbrahimov 1972-ci il sentyabrın 21-də vəfat etmiş və fəxri xiyabanda dəfn edilmişdir.


Tarix: 11.02.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 209 Bölmə: Azərbaycan tarixçiləri
loading...