beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərim Şükürov

Kərim Kərəm oğlu Şükürov – Azərbaycan tarixçisi, professor, tarix elmləri doktoru, AMEA-nın Elmi Şurasının üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Turizm İnstitutunun professorudur.
Həyatı
1956–cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962–ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinfinə gedib, 1972–ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Tarix Fakültəsinə daxil olub. 1977–ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977 – 1980–ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.

1980–ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983–cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983 – 1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989–cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib. Hazırda AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Turizm İnstitutunun professorudur. "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktorudur.

Yaradıcılığı
1984 – cü ildə namizədlik (fəlsəfə doktoru), 2007 – ci ildə tarix elmləri doktoru dissertasiyası müdafiə edib. On bir kitab və monoqrafiyanın, yüzdən çox məqalənin müəllifidir. "Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici." (Bakı, 1994), "Türk xalqları XVI-XX yüzilliklərdə : say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)" (Bakı, 1997), "Azərbaycan tarixi. Üç hissədə", I-II hissələr (Bakı, 1994 – 2004), "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək) " (Bakı, 2004), "Türkmənçay – 1828. Tarixi xronika" (Bakı, 2006), "Qarabağ: real tarix, faktlar və sənədlər" (Bakı, 2005, Y. Mahmudovla birgə), "Naxçıvan: tarixi və abidələri", (Bakı, 2007, Y. Mahmudovla birgə) kitabları çap edilmişdir.

Kitab və məqalələri Azərbaycan dili ilə birgə rus, ingilis, alman, ərəb və fars dillərində nəşr edilmişdir.

Respublika elmi konfransları ilə birgə Ankara (1994, 1997), Lefkoşa (1995), Praqa (1996, 1999), Naxçıvan (2006), Bakı (2007), Qars (2007), Berlin (2008) və başqa beynəlxalq konfranslarda da iştirak edib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert şurasının və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının üzvüdür.

Tarix elminin təbliği sahəsində də geniş iş aparır. AzTV-də həftəlik "Azərbaycan Tarixi" verilişinin aparıcısıdır.

Azərbaycan respublikasının ictimai-siyasi həyatında da fəal iştirak edir. Azərbaycanda Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə AHİK İcraiyyə Komitəsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə "yubiley medalı" ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Kərim Kərəm oğlu Şükürova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.

Filmoqrafiya
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
Azərbaycan xəritəsi (film, 2006)


Tarix: 09.02.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 272 Bölmə: Azərbaycan tarixçiləri