beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariyel Həsənov

Həyatı
Tariyel Bilal oğlu Həsənov 1941-ci ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Polad-Toğay kəndində anadan olmuşdur. 1958-ci ildə Əli Bayramlıda orta təhsilini başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1962-1971 illərdə Azərbaycan Radio və Televiziya Veilişləri Komitəsi ərəb redaksiyasının diktoru işləmişdir. O, 1971-1987 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 1966-1967 illərdə Yəmən Ərəb Respublikasında, 1973-1977 və 1987-1992 illərdə İraqda xidməti ezamiyyətdə olmuşdur. 1992-ci ildən ömrünün sonuna kimi Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin baş müəllimi işləmişdir.

Tariyel Həsənov 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti
Tariyel Həsənov 1971-ci ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. İraqın müasir tarixinə və İslam dini məsələlərinə dair bir monoqrafiyanın, otuzdan çox məqalənin, bir neçə əlyazmanın, habelə Quranın ərəbcədən tərcüməsinin müəllifidir.

Tariyel Həsənov uzun illər Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Akademik Vasim Məmmədəliyev alim haqqında yazmışdır: "Tariyel Həsənov Azərbaycan ərəbşünaslığının sayılıb seçilən nümayəndələrindən biridir... Onun ərəbcəsi çox qüvvətli, tələffüzü əla idi..."

İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) "Filosofların görüşləri" traktatını AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında çap edilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti 2 aprel 1991-ci ildə Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar qərar (№ 9/11) qəbul etmişdir. Bu qərara əsasən Təşkilat Komitəsinin sədri akademik Fuad Qasımzadə, sədr müavini Zakir Məmmədov, elmi katib Tariyel Həsənov olmuşdur.

Akademik Ziya Bünyadovun tərcümə etdiyi Məhəmməd Füzulinin "Mətlə əl-etiqad" fəlsəfi kitabının redaktorları Tariyel Həsənov və Zakir Məmmədov olmuşlar.

Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsinin 2006-cı ildə çap edilən bir sayı Tariyel Həsənova ithaf edilmişdir.


Tarix: 11.02.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 300 Bölmə: Azərbaycan tarixçiləri