beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oqtay Əfəndiyev

Həyatı
Oktay Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmiş, SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdır. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü idi.

O.Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. O.Əfəndiyevin araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki heç tədqiq edilməmişdi.

O.Əfəndiyev Səfəvi tarixi ilə əlaqədar bir sıra kitablar – monoqrafiyalar və qaynaqlar nəşr etdirmişdir. Bunlardan əlavə, o, Azərbaycan tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak etmiş, müstəqillik illərində çapdan çıxmış yeddicildlik “Azərbaycan tarixi”nin üçüncü cildinin məsul redaktoru və əsas müəlliflərindən olmuşdur.

O.Əfəndiyev öz elmi fəaliyyəti ərzində azərbaycanca, türkcə, rusca, ingiliscə, fransızca, farsca və s. dillərdə 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə və s. nəşr etdirmişdir. Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda (Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Qazaxıstanda, Əfqanıstanda, Fransada, İngiltərədə, ABŞ-da və s.) çap olunmuşdur. O, 30-dək beynəlxalq elmi konfransın iştirakçısı olmuş, Sankt-Peterburqda, Moskvada, Almatı, Tiflisdə, Suxumidə, Batumidə, Londonda, Madisonda, İstanbulda, Kayseridə, Ankarada, Bodrumda, Bağdadda və s. şəhərlərdə keçirilən elmi toplantılarda oxuduğu məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir. Beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox gerçəklikləri məhz onun dilindən eşitmiş və onun qələmindən oxumuşdur.

O.Əfəndiyevin məqalələri başlıca olaraq Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi və sosial-iqtisadi tarixinin çoxşaxəli tədqiqinə, həmin dövr tariximizin mənbəşünaslığına və tarixşünaslığına həsr edilmişdir. Bundan başqa, Oqtay Əfəndiyev Azərbaycanın orta əsrlər tarixinin digər dövrlərinin və problemlərinin öyrənilməsinə, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Şirvanşahlar dövlətlərinin araşdırılmasına yönəlmiş məqalələrin də müəllifidir. O, Azərbaycan tarixinə dair farsdilli mənbələrə (“Təkmilətül-əxbar”, “Xülasətüt-təvarix”, Rəşidəddin “Oğuznamə”si, “Tarixi-elçiyi-Nizamşah”, “Zübdətüt-təvarix”, “Tarixi-Şah İsmayıl”, “Həbibüs-siyər”, “Kitabi-Diyarbəkriyyə”, Şah Təhmasibin təzkirəsi, N.Tusinin maliyyə risaləsi və s.), Osmanlı (İbrahim Rəhimizadənin əsərləri) və Avropa (Oruc bəy Bayatın, Minadoinin, Membrenin əsərləri və s.) qaynaqlarına aid məqalələri ilə neçə-neçə öyrənilməmiş və lazımi diqqətdən kənarda qalmış ilkin məxəzləri elmi ictimaiyyətə tanıtmışdır. O.Əfəndiyevin tarixşünaslığa dair məqalələri tarixçi alimlərimizin elmi fəaliyyətlərinin təhlilindən və Azərbaycan tarixinə həsr olunmuş ümumiləşdirici əsərlərin və monoqrafiyaların tənqidi dəyərləndirilməsindən ibarətdir. Onun Ə.Quliyevin, Ə.Əlizadənin, S.Aşurbəylinin, V.Bartoldun, F.Sümerin, F.Kırzıoğlunun, S.Erşahinin, R.Rəisniyanın, C.Heyətin və başqalarının elmi axtarışları və əsərləri haqqında yazdığı məqalələr bu səpkidəndir.

Tarixçinin bir sıra tədqiqatları Azərbaycanın dövlətçilik ənənələrinə, Azərbaycanın hərbi və ictimai-siyasi tarixinə həsr edilmişdir. O, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mülki və əsgəri təşkilatına, Səfəvilərin XV əsrdəki fəaliyyətlərinə, I Şah İsmayılın daxili və xarici siyasətinə, I Şah Təhmasibin şəxsiyyətinə, Şirvanşahlar dövlətinin son dövrünə, Səfəvilər dövlətinin qurulmasında türk tayfalarının roluna, Səfəvi – Osmanlı münasibətlərinə və s. bu kimi məsələlərə dair çoxsaylı məqalələrin müəllifidir. Orta əsrlər dövründə Azərbaycan tarixinin sosial-iqtisadi məsələləri tədqiqatçının diqqətini cəlb edən mühüm amillərdən olmuşdur. Alimin XIII-XVII əsrlərdə Bakıda neft hasilatı, XV-XVI əsrlərdə Azərbaycanda feodal torpaq mülkiyyəti formaları, soyurğal təsisatı, tamğa vergisi, monqol-tatar yürüşləri sonrasında Orta Şərqdə oturaq və köçəri əhali qrupları və s. haqqında məqalələri məhz Azərbaycanın və bütövlükdə Şərq aləminin sosial-iqtisadi tarixi üzrə problemlərin öyrənilməsinə həsr olunmuşdur.

O.Əfəndiyevin Azərbaycanın ayrı-ayrı bölgələrinin – Qarabağın, Gəncənin, Şirvanın, Təbrizin, Ərdəbilin tarixinə dair müxtəlif araşdırmaları mövcuddur.

O.Əfəndiyev həmçinin “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada dərc edilmiş çoxcildlik “SSRİ tarixi”nin və “Sovet Tarix Ensiklopediyası”nın, İstanbulda yayımlanmış “İslam Ensiklopediyası”nın müəlliflərindən olmuşdur. O.Əfəndiyev “Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi.

O.Əfəndiyev 20-dən artıq kitabın elmi redaktoru olmuşdur. Ağqoyunlu saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini” əsəri, Şah Təhmasibin təzkirəsi, bir sıra çağdaş tarixçilərin monoqrafiyaları məhz O.Əfəndiyevin redaktəsi altında elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim edilmişdir.

Uzun illər ərzində AMEA Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik edən O.Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirmişdir.

Nüfuzlu alim bir müddət həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxumuşdur. O.Əfəndiyev 1994-2004-cü illərdə Xəzər Universitetində çalışmış, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olmuşdur.

O.Əfəndiyevin 70 illik yubileyi Xəzər Universitetində, 85 illik yubileyi isə Dünya Azərbaycanlıları Konqresində təntənəli mərasimlə qeyd olunmuşdur.

1996-cı ildə Xəzər Universiteti, 2007-ci ildə isə AMEA Tarix İnstitutu tərəfindən alimin biblioqrafiyası nəşr edilmişdir.

2006-2007-ci illərdə görkəmli alim Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının sədri olmuşdur.

O.Əfəndiyev xarici ölkələrdə ən çox istinad olunan tarixçilərimizdən biridir. İ.P.Petruşevski, H.R.Roemer, Jan Pol Ru, F.Sümer, Y.E.Bregel, İ.Melikoff, A.Allouç, S.Kitaqava, O.Altştadt, K.K.Kutsiya, E.Qrüner, A.Yaman, M.Temizkan, N.Çetinkaya, Y.İ.Vasilyeva, L.P.Smirnova və dünyaca məşhur bir sıra digər əcnəbi tədqiqatçılar onun əsərlərinə dönə-dönə müraciət etmiş, öz tədqiqatları zamanı Oqtay Əfəndiyevin ortaya qoyduğu elmi nəticələrdən bəhrələnmişlər.

O.Əfəndiyev bütün bu nailiyyətləri Azərbaycanın, keçmiş SSRİ-nin, bəzi Avropa ölkələrinin və Türkiyənin arxivlərində, əlyazma kolleksiyalarında və kitab fondlarında keçirdiyi gərgin axtarışların sayəsində əldə etmişdir.

Oqtay Əbdülkərim oğlu Əfəndiyev 2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə, 87 yaşında Bakı şəhərində vəfat etmişdir.


Tarix: 11.02.2015 / 13:10 Müəllif: Feriska Baxılıb: 286 Bölmə: Azərbaycan tarixçiləri