beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Köçərli

Köçərli Tofiq Qasım oğlu – (11 fevral 1929, İsalı, Gədəbəy – 31 oktyabr 2007, Bakı)- Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi.
Həyatı
Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kurslarının müdavimi olub.

Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib.

1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olub.

1993-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub.

Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olub, bu sahədə bir çox kitab və monoqrafiyanın, 120-dən çox məqalənin müəllifi kimi tanınıb. Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır.

31 oktyabr 2007 ildə Bakı şəhərində dünyasını dəyişib.

Karyerası
İctimai-siyasi fəaliyyəti
Parlamentdə
Tofiq Köçərli sovet dövründə bir neçə dəfə Ali Sovetinin deputatı seçilib.

1990-1995
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

Elmi fəaliyyəti
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:07.00.01 – Sov.İKP tarixi
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1980, Sov.İKP tarixi
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989, tarix
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 250, 8 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 4
Əsas elmi nailiyyətləri: Birinci Azərbaycan Respublikasının (1918-1920) təşkili və fəaliyyəti. Azərbaycanın sənayeləşdirilməsi (1926-1932). Qarabağ tarixinin mühüm problemləri tədqiq olunmuşdur.
Kadr hazırlığı: elmlər doktorlarının sayı: 2
Əsas elmi əsərlərin adları
"История Азербайджана". том 3, ч. 1 (гл XXVII 6, 4, 5) Баку, 1963
"Великий подвиг". Баку: 1965, 13,0 п. л.
"История КПСС". том 4, кн. I (глава 10 & 3) Москва, 1970
"История КПСС". том 4, кн. II (глава 17 & 2) Москва, 1971
"Tarixi saxtalaşdırmalar əleyhinə". Bakı: 1972
"Bəli, Yalan üzərində sülh olmaz". Bakı: 1997
"İstiqlal və suverenlik". Bakı: 1998
"Qarabağ: yalan və həqiqət". Bakı: 1998, 15,0 ç. v.
"Yaddan çıxmaz Qarabağ". Nəqşicahan Naxçıvan. Bakı: 1998, 29 ç. v.
"Карабахское ханство и российская империя". Доклад. Москва: 2000
"Erməni saxtakarlığı". Bakı: 2001, 4,7 ç. v.
"Qarabağ". Bakı: 2002, 30 ç. v.
"Məqalələr". Bakı: 2003-2004
"Armenian Deception". Bakı: 2004
"Naxçivan: Uydurmalar və Tarixi Həqiqətlər". Bakı: 2005
"К истории Карабахского вопроса". Баку: 2009
Mükafatları
"Qırmızı Əmək Bayraği" ordeni və bir neçə sairə orden və medallarla təltif edilib, fəxri adlara layiq görülüb.


Tarix: 11.02.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 204 Bölmə: Azərbaycan tarixçiləri