beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban Abbasov

Qurban Abbasov və ya Neftçi Qurban (tam adı: Abbasov Qurban Abasqulu oğlu) (26.10.1926 Naxçıvan MR — 1994 Bakı ş.) — fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı (1959), SSRİ-nin fəxri neftçisi, SSRİ Dövlət Mükafatları Laureatı (1951), Azərbaycan Dövlət Mükafatları Laureatı və Əməkdar mühəndisi (1972)
Həyatı

Xalq arasında "Neftçi Qurban" adı ilə məşhur olan Qurban Abasqulu oqlu Abbasov 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə "Artyomneft" trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra "Azərneft" Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, "Gürgənneft" NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.

Əmək fəaliyyətini davam etdirərək, "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir.

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə – "Xəzərdənizneftkəşfiyyat" trestinin müdiri, "Xəzərdənizneft" İB-nin baş direktor müavini, "Neft Daşları" NQÇİ-nin rəisi, 1980-1983-ci illərdə -"Xəzərdənizneftqazsənaye" ÜİB-nin baş direktoru, 1988-1992-ci illərdə "Xəzərdənizneft" İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır.

Q.A.Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. "Şelf-1" tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki "Çıraq" yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır.

Q.A.Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Q.A.Abasovun "28 Aprel", "Kaveroçkin adına", "26 Bakı Komissarı adına", "Oktyabr İnqilabı adına" kimi iri yataqların kəşf edilməsindəki xidmətlərinin dəyəri yoxdur. 28 Aprel isə - həqiqətən neftçi Qurbanın yetişdirməsidir. "Titan-2" üzən kranı onun adını daşıyır.
Mükafatları

"Neft Daşları" dəniz yatağının kəşfi və mənimsənilməsinə görə 1951-ci ildə Abbasov Q.A. SSRİ Dövlət Mükafatı, 1972-ci ildə isə maili quyuların qazılmasına görə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür. Neft və qaz sənayesində əldə etdiyi böyük nailiyyətlərə görə o, Sosialist Əməyi Qəhrəmanı, həmçinin "Azərbaycanın neft ustası", "SSRİ Əməkdar neftçisi", "Azərbaycanın əməkdar mühəndisi" adlarına layiq görülmüşdür. Ölkə qarşısında böyük xidmətlərinə görə SSRİ-nin fəxri neftçisi, 2 dəfə Lenin, Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı", "Oktyabr İnqilabı" ordenləri və medalları ilə təltif edilmişdir. Neftçi Qurban özünün dənizdəki iş fəaliyyətinin 50 illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını – Şöhrət ordenini alan ilk neftçi olmuşdur.
Xatirəsi

Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını əbədiləşdirmək üçün üzən krana "Neftçi Qurban" adı vermişdir.
Lökbatan qəsəbəsində onun adını Mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır.
Tələbə və aspirantlar üçün "Neftçi Qurban" təqaüdü təsis edilmişdir.


Tarix: 06.07.2015 / 17:05 Müəllif: Feriska Baxılıb: 209 Bölmə: Azərbaycan coğrafiyası