beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Əhmədli

Həyatı

Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı bir müəllimin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C.Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C.Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi. Lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə "Azadlıq və zərurət" mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən "Azadlıq və zərurət" (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi.

1954-1956-cı illərdə Moskva Dövlət Universitetində, 1958-1962-ci illərdə Azərbaycan Sənaye İnstitutunda, 1963-1972-ci illərdə Bakı Ali Partiya Məktəbində, 1959-1974-cü illərdə Azərbaycan SSR EA-nın Aspiranturasında fəlsəfə kursundan dərs demişdir.

1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi katib kimi fəaliyyət göstərmiş , baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1958-ci ildən etibarən "Materialist dialektikanın qanun kateqoriyası" mövzusu üzərində çalışmış, 1963-cü ildə 20 çap vərəqi həcmində 2 böyük monoqrafiya çap etdirir. 1964-cü ildə bu əsərlər filosofun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

1966-cı ildə bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Fəlsəfə kafedrasının müdiri olan C.Əhmədli 1990-cı ilə qədər orada müdir vəzifəsində çalışmışdır. 1990-cı ildən 2000-ci ilə qədər Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. ,

Cəmil Əhmədli Bakı Dövlət Universitetində Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru olmuşdur.

Cəmil Əhmədli 2010-cu il fevralın 9-dan 10-na keçən gecə dünyasını qəflətən dəyişib. Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Elmi fəaliyyəti

Cəmil Əhmədlinin təşəbbüsü və rəhbərliyi ilə 1969-cu ildə Azərbaycanda ilk sosioloji laboratoriya yaradılmışdır. Laboratoriyanın əməkdaşları fəaliyyət göstərdikləri 15 il ərzində 10-a yaxın aktual mövzu üzrə tədqiqat keçirmiş, 100-dən çox kitab, elmi məqalə çap etdirmiş, 10-dan çox beynəlxalq konfransların təşkilatçıları, iştirakçıları olmuşlar.

Cəmil Əhmədlinin rəhbərliyi ilə fəaliyyət göstərən laboratoriya işçilərindən 6 nəfər namizədlik dissertasiyasını və onlardan 3 nəfəri doktorluq dissertasiyasını müdafiə etmişdir.

C.Əhmədli 16 monoqrafiyanın, 400-dən artıq məqalənin müəllifidir. O 12 doktor, 100-ə yaxın namizəd yetirmişdir. İdrak nəzəriyyəsi problemləri, fəlsəfi kateqoriyalar və prinsiplər problemi, müasir təbiətşünaslığın fəlsəfi problemləri, Elmi Texniki İnqilabın mahiyyəti və sosial nəticələri problemi istiqamətlərində elmi fəaliyyət göstərmişdir. Alim "Azərbaycan Sovet Ensiklopediyası"nda 54 məqalənin müəllifidir.

Cəmil Əhmədli 1990-cı ildə əməkdar elm xadimi fəxri adını almış, 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə akademik seçilmişdir. Tədqiqatçı 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2001-ci ildə Cəmil Əhmədlinin anadan olmasının 70 illiyi ilə əlaqədar Ali Diplomatiya Kollecində (indiki Bakı Avrasiya Universitetində) alimin yubileyi keçirilmişdir. Bu münasibətlə həmin universitetdə görkəmli Azərbaycan filosofu Cəmil Əhmədlinin 70 illiyinə həsr edilmiş "Cəmil Əhmədli ucalığı" (Bakı, "Diplomat" nəşriyyatı, 2001) adlı kitab çap edilmişdir. Kitabda alimin şəxsiyyəti, həyatı, elmi fəaliyyəti haqqında dostları, həmkarları, tələbələri, ümumiyyətlə, onu tanıyanların məqalələri mövcuddur.

Cəmil Əhmədlinin həyat və fəaliyyətinin əsas tarixləri, əsərlərinin siyahısı haqqında məlumatları əks etdirən "Biblioqrafik göstərici" kitabı 2001-ci ildə çapdan çıxmışdır.

10 fevral 2011-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Cəmil Əhmədlinin xatirəsinə həsr edilmiş gecə keçirilmişdir. Radif Mustafayevin "Görkəmli filosofa həsr edilmiş anım tədbiri keçirilmişdir" məqaləsində ("Elm" qəzeti, 28 fevral 2011-ci il) Cəmil Əhmədli haqqında xatirələrini danışan tələbə yoldaşları, dostları, tələbələri barədə məlumat verilir, bu tədbir haqqında ətraflı şəkildə bəhs edilir.
Elmi əsərləri

Azadlıq və zərurət (rus dilində). Bakı: 1960
Materialist dialektikanın qanun kateqoriyası. Bakı: 1963
Qanun kateqoriyasının formalaşması tarixindən. Bakı: 1969
Materialist dialektikanın əsas qanunları. Bakı: 1967
Sosiologiyaya dair söhbətlər. Bakı: 1981
Tarixi idrak haqqında (rus dilində). Bakı: 1969
Qanun kateqoriyasının formalaşması tarixinə dair. Bakı: 1974
Elmi-texniki inqilab və sosial problemlər. Bakı: 1974
Məkan və zaman: problemlər, paradokslar və həllər. Bakı: 1988
A.Enşteynin fəlsəfi görüşləri və prinsiplər metodu. Bakı: 1987
İctimai qanunlar, onların idrakı və istifadə edilməsi. Bakı: 1986
Azadlıq və tərəqqi. Bakı: 1999
Sosiologiyada ölçmə metodu. (rus dilində). Bakı: 2001
Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı: 2001

Dərsliklər

"İnsan və cəmiyyət"orta məktəbin 9-cu sinfi üçün dərslik. Bakı, 1995
"İnsan və cəmiyyət"orta məktəbin 10-cu sinfi üçün dərslik. Bakı, 1995
"İnsan və cəmiyyət"orta məktəbin 11-cu sinfi üçün dərslik. Bakı, 1995
"Человек и общество" учебник для 9-го класса Bakı,1995
"Человек и общество" учебник для 10-го класса Bakı,1995
"Человек и общество" учебник для 11-го класса Bakı, 1995


Tarix: 06.07.2015 / 15:50 Müəllif: Feriska Baxılıb: 290 Bölmə: Azərbaycan coğrafiyası