beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikayıl Abdullayev

Həyatı

Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (5–9-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.

2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.
Rəssamlıq fəaliyyəti

Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. "Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir.
Mükafatları

Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974)

Filmoqrafiya

Bizim Azərbaycan (film, 1959)
Mikayıl Abdullayev (film, 1972)
Günəşlə dolu dünya (film, 1973)
Qələbənin yolları (film, 1976)
Salam, Zeynəb! (film, 1982)
Şeirin xəzrisi (film, 2000)
Mətbuat fədaisi (film, 2007)
Rənglə yazılmış tarix (film, 2012)


Tarix: 06.07.2015 / 16:37 Müəllif: Feriska Baxılıb: 330 Bölmə: Azərbaycan coğrafiyası