Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və mühəndis-mem

Mirəli Seyidəli oğlu Qaşqay — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945-1962, 1967-1974).
Həyatı

Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını, 1942-ci ildə isə "Azərbaycanın əsas və ultraəsas süxurları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür.

Onun elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir. O, Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf etmiş (A. Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir.

1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olmuşdur. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır.

Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır. Rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.

Leninqrad (1946), Moskva (1955), Lvov (1955) mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya (1958), ABŞ (1959) mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü (1971) seçilmişdir. İran (1945), Meksika (1956), İngiltərə (1957), İsveçrə (1958, 1960), Çexoslovakiya (1968), Danimarka, Norveç (1960), Hindistan (1964), Bolqarıstan (1967), Türkiyə (1968), ABŞ (1969) və b. ölkələrdə beynəlxalq geoloji konqreslərdə və simpoziumlarda çıxış etmişdir. İsveç sülh konfransının (1968) iştirakçısı olmuşdur. Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı», Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunmuşdur.

"Azərbaycanın əsas və ultraəsas süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir.

"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ), "Oktyabr İnqilabı" ordeni (1977), "Şərəf Nişanı" ordeni (1952) və “Qafqazın müdafiəsi uğrunda”, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif olunmuşdur.

M.S. Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat etdi. Mərhum akademik Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

Tanınmış tarixçi-alim Solmaz Qaşqay və coğrafiya elmləri doktoru Rəna Qaşqayın əmisidir.

Filmoqrafiya

Qaşqayın son proqnozu (film, 2007) (Mirəli Qaşqayın 100 illik yubileyi ilə bağlı rejissor Elçin Musaoğlunun quruluşunda akademikin həyat və yaradıcılığından bəhs edən sənədli film).

Əsərləri

Azərbaycan alunit yataqları/M.Qaşqay, Ə.Babayev.-Bakı: Elm, 1976,
Минеральные источники Азербайджана. 1952,
Из истории древней металлургии Кавказа. 1973,
On the Alpientype veins of Caucasus, Just. Lugas Mallada. C.S.L.O. (Espana), Madrid, 1960, fasc. 7.


Tarix: 06.07.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Azərbaycan coğrafiyası
loading...