beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musa Əliyev

Həyatı

Əliyev Musa Mirzə oğlu 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.

Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.

Musa Əliyev Azərbaycanda mezozoy fauna­sının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1936-1938-ci illərdə Zaqafqaziya Geologiya Trestinin Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi, Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, 1939-1941-ci illərdə rektor vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Moskva Neft İnstitutunun "Paleontologiya və tarixi geologiya" kafedrasının dosenti, SSRİ Xalq Neft Sənayesi Komissarlığının tədris müəssisələri Baş idarəsinin rəisi vəzifəsində işləmiş, 1941-1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.

Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilmiş, 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olmuş, SSRİ Ali Sovetinin II, III və IX çağırışlarında deputat seçilmişdir. Musa Əliyev 1950-ci ildə Az.SSR EA-nın həqiqi üzvü seçilmiş, 1957-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını almışdır. 1950-1958-ci illərdə o, Az.SSR Elmlər Akademiyasının prezidenti olmuş, onun fövqəladə təşkilatçılıq fəaliyyəti nəticəsində orada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. elm sahələrinin inkişafına güclü təkan verilmişdir. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirant keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilmişdir.

Musa Əliyevin prezidentliyi müddətində Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda "Astronomiya ekspedisiyası, astrofizika" şöbəsi yaradılmışdır.

1958-ci ildən başlayaraq Musa Əliyev Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu"nun elmi işlər üzrə direktor müavini təyin olun­muşdur. Tez bir zamanda o, neftli-qazlı regionların biostratiqrafiyası laboratoriyasını təşkil etmiş, apardığı tədqiqatların coğrafiyası Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı və Qərbi Sibiri əhatə etmişdir. 1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.

1971-ci ildən ömrünün sonuna kimi Musa Əliyev Moskvada sözü gedən institutda keçmiş vəzifəsində çalışmışdır. O, 210 elmi əsərin, 15 monoqrafiyanın müəllifi, çoxsaylı elmlər doktorları və namizədlərinin rəhbəri olmuşdur.

Akademik Musa Əliyev 1985-ci ilin may ayının 3-də Moskva şəhərində vəfat etmiş və Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsas elmi nailiyyətləri

Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Yanar Faydalı Qazıntıların Geologiyası və Kəşfiyyatı İnstitututunun direktor müavini və Neftli-qazlı vilayətlərin stratiqrafik tədqiqi laboratoriyasının rəhbəri olmuşdur.

Təbaşir dövrünün inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olmuş, Qafqazın, Orta Asiyanın, Qərbi Sibirin neft-qazlı komplekslərinin stratiqrafik tədqiqini aparmış, həmçinin Əlcazair Saxarası və Atlasların, Yaxın və Orta Şərqin regional geologiyası və neftliliyi ilə məşğul olmuşdur. Mezozoy üzrə Bakı paleontoloq və stratiqraflar məktəbinin yaradıcısıdır. Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

40 elmlər doktoru və namizədi yetişdirmişdir.
210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.


Tarix: 06.07.2015 / 16:40 Müəllif: Feriska Baxılıb: 179 Bölmə: Azərbaycan coğrafiyası