Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heydər Əlirza oğlu Əliyev

Həyatı

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.

Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları, təltifləri və fəxri adları
SSRİ dövrü

"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı - 1945
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı - 1945
"Sovet Ordusunun və Donanmasının 30 illiyi" yubiley medalı - 1948
"Əmək rəşadətinə görə" medalı - 1949
"Döyüş xidmətlərinə görə" medalı - 1954
"SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı - 1957
II dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1959
"DTK-nın fəxri əməkdaşı" nişanı - 1960
"Qırmızı Ulduz" ordeni - 1962
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1964
I dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1964
"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı - 1965
"Sovet milisinin 50 illiyi" yubiley medalı - 1967
"ÜFK-DTK-nın 50 illiyi" nişanı - 1967
"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı - 1967
"SSRİ Sərhəd Qoşunlarının 50 illiyi" yubiley nişanı - 1968
"V.İ.Leninin anadan olmasının 100 illiyi şərəfinə rəşadətli əməyə görə" yubiley medalı - 1970
5 dəfə Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983)
"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı - 1975
"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı - 1978
Sosialist Əməyi Qəhrəmanı (1979, 1983)
"Oktyabr İnqilabı" ordeni - 1982
Sov.İKP MK-nın "Политическое самообразование" jurnalı redaksiya heyətinin Fəxri Fərmanı - 1982
"Kiyevin 1500 illik yubileyinin xatirə" medalı - 1982
"Georgi Dimitrovun anadan olmasının 100 illiyi" yubiley medalı - 1982
Georgi Dimitrov ordeni - 1983
"Komsomolsk-Amurun 50 illiyi" yubiley nişanı - 1984
ÜİLKGİ MK-nın "60 il V.İ.Leninin adı ilə" fəxri nişanı - 1984
"Qırğızıstan SSR- in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi" xatirə medalı - 1984
"25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti" medalı - 1985
"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı - 1985
I dərəcəli Vətən Müharibəsi Ordeni - 1985
"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı - 1988

Müstəqillik dövrü

Tbilisi Dövlət Universitetinin fəxri doktoru - 1996
Kiyev şəhərinin fəxri qonağı - 1997
Türkiyə-Azərbaycan Dostluğu Vəqfinin fəxri sədri - 1997
Hyüston-Bakı Assosiasiyasının fəxri üzvü - 1997
Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının "1997-ci ilin adamı" mükafatı - 1997
Milli Olimpiya Komitələri Assosiasiyasının "Ləyaqət" mükafatı - 1997
"Ankara iş qadınları" cəmiyyətinin "1997-ci ilin görkəmli dövlət adamı" mükafatı - 1997
"Ankara iş qadınları" cəmiyyətinin "1998-ci ilin dövlət adamı" mükafatı - 1998
"Ankara iş qadınları" cəmiyyətinin "2001-ci ilin müdrik dövlət adamı" mükafatı - 2001
"Ankara iş qadınları" cəmiyyətinin "2002-ci ilin dövlət adamı" mükafatı - 2002
Kırkpınar yağlı güləş yarışlarının "Baş Ağası" - 1998
Qars şəhər bələdiyyəsinin "1997-ci ilin insan haqları" mükafatı - 1998
Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1998
Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1999
Türk Sənayeçiləri və İş adamları vəqfinin "Üstün xidmət və başarı mükafatı" - 2002
Türk Sənayeçiləri və İş adamları vəqfinin fəxri sədri - 2002
Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin "Türk dünyasına xidmət" mükafatı - 1998
Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin "Türk dünyasının 2001-ci il xüsusi mükafatı" - 2002
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü - 1998
Rusiyanın Saratov vilayətindəki "Yurd" Cəmiyyətinin fəxri üzvü - 1998
Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı" - 1998
Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Türk dünyası qardaşlıq və dostluq mükafatı" - 2000
Türkiyənin Bayburt diyarının "Dədə Qorqud" mükafatı - 1998
Türkiyənin İzmir şəhərinin Qarşıyaka bələdiyyəsinin "İnsan haqları" beynəlxalq mükafatı - 1998
Türkiyənin İpək Yolu Vaqfının fəxri üzvü və mükafatı - 1998
Türkiyənin İpək Yolu Vaqfının 1998-ci il "Böyük lider" mükafatı və vəqfin fəxri sədri - 1999
Türkiyənin İpək Yolu Vaqfının " 1999-cu ilin dövlət adamı" mükafatı - 2000
Türkiyənin İpək Yolu Vaqfının "2001-ci ilin dövlət adamı" mükafatı - 2001
Türkiyənin İpək Yolu Vaqfının "2002-ci ilin siyasət adamı" mükafatı - 2003
Türkiyənin "Siyasət" jurnalının "İlin şərəf mükafatı" - 1998
Türkiyənin "Siyasət" jurnalının "İlin dövlət adamı mükafatı" - 2003
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri - 1998
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Günümüzün ən dözümlü adamı" mükafatı - 1999
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 2002-ci ilin "Baş müəllim Atatürk" mükafatı - 2002
Beynəlxalq Bioqrafiya Mərkəzinin (İngiltərə, Kembric) "Dünyanın XX əsrdə görkəmli xadimi" mükafatı - 1999
Azərbaycan Respublikası Əsilzadələr Məclisinin 1 nömrəli şəhadətnaməsi - 1999
İ.Y.Yakovlev adına Ümumçuvaşiya Milli Mükafatı - 2000
Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının "Nika" mükafatı - 2000
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı - 2001
"Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatı - 2002
"Rusiyanın Milli Şöhrəti Mərkəzi"nin "Sivilizasiyaların dialoqu" beynəlxalq Andrey Pervozvannı mükafatı - 2002
Avrasiya teleforumunun mükafatı və diplomu - 2002
Türkiyənin "Samanyolu" televiziya kanalının "Medianın dostu" mükafatı - 2002
Məmməd Araz mükafatı - 2003
Türkiyənin "Zaman" qəzetinin "Avrasiyada sülh və dialoq" beynəlxalq mükafatı - 2003
Moskva Hüquq Akademiyasının fəxri doktoru - 1997
İzmir şəhərindəki "Doqquz Eylül" Universitetinin fəxri doktoru - 1997
İstanbul şəhərindəki "Fatih" Universitetinin fəxri doktoru - 1997
Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru - 1997
Daşkənd Dövlət Universitetinin fəxri doktoru - 1997
Türkiyə Respublikasının ən yüksək mükafatı - "Dövlət nişanı" - 1997
Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni - 1997
İzmir şəhərindəki Egey Universitetinin fəxri doktoru - 1998
Atatürk adına Ərzurum Universitetinin fəxri doktoru - 1998
İsgəndərin şəhərindəki Universitetin fəxri doktoru - 1999
İsparta Universitetinin fəxri doktoru - 1999
Beynəlxalq Kadr Akademiyasının "Elm və təhsilin inkişafına görə" beynəlxalq ordeni - 1998
Türkiyənin ən nüfuzlu mükafatı "Atatürk Beynəlxalq Sülh Mükafatı" - 1999
Osmanqazi Universitetinin fəxri doktoru - 2000
Rusiya Rəssamlıq Akademiyasının "Ləyaqət" qızıl medalı - 2000
Ankara Universitetinin fəxri doktoru - 2001
Beynəlxalq Mühəndislik Akademiyasının "Böyük qızıl medalı" - 2001
Ukraynanın "Qızıl tale" Beynəlxalq Açıq Məşhurluq Reytinqinin "Qloriya Populi" qızıl ulduzu - 2001
Rus Pravoslav Kilsəsinin (RPK) I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni - 2001
Gürcüstanın ali mükafatı - "Qızıl runo" ordeni - 2001
Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru - 2002
Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki - 2002
Qars şəhərindəki Qafqaz Universitetinin fəxri doktoru - 2002
Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının fəxri üzvü - 2002
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru - 2002
Kırıkqala Universitetinin fəxri doktoru - 2003
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat - 2003
ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru - 2003
Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru - 2003
Avropa Güləş Federasiyasının "Qızıl boyunbağı" fərqlənmə nişanı - 2002
Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı - 2002
Fransa Respublikasının "Fəxri Legion" ordeninin Böyük Xaçı - 2003
Rusiyanın ən yüksək mükafatı - "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeni - 2003
Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı - 2003
Ukraynanın mədəniyyət ictimaiyyətinin "Şərəf"' ordeni - 2003
Ankara şəhərindəki Hacəttəpə Universitetinin fəxri doktoru - 1994
Bakı Dövlət Universitetinin fəxri doktoru - 2000
Moskva Dövlət Universitetinin fəxri professoru - 2002
Texas ştatının fəxri vətəndaşı - 1997
Türkiyənin "Nərgiz TV" kanalının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatı - 1998
Azərbaycanda ilin adamı mükafatı (2002, 2003)
Şeyxülislam Ordeni - 2005 (vəfatından sonra)
Heydər Əliyevin heykəl və büstləri

Naxçıvan şəhərində Heydər Əliyevin büstü (1983-cü il, heykəltaraş - Ömər Eldarov)
Heydər Əliyevin heykəli (Bakı, 2005-ci il).
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qəbirüstü abidəsi (Bakı, 2004-cü il)
Misirin Qəlyubiyyə vilayətinin Qanatır şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi və Azərbaycan-Misir dostluq parkı - 2008.
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda Heydər Əliyev parkı və heykəli - 2006.
Serbiyanın Belqrad şəhərinin Taşmaydan parkında Heydər Əliyevin heykəli - 2011.
"Heydər Əliyev" ordeni

Əsas məqalə: "Heydər Əliyev" ordeni

"Heydər Əliyev" ordeni Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir.


Tarix: 06.07.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 281 Bölmə: Azərbaycan coğrafiyası
loading...