beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Abdullayev

Abdullayev Həsən Məmmədbağır oğlu (1918-1993) — Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.
Həyatı

Həsən Abdullayev 20 avqust 1918-ci ildə Naxçıvan MR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1970-1983-cü illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1957-1958-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutunun (indiki Fizika İnstitutu) direktoru vəzifəsində işləmişdir. 1959-1993-ci illərdə Azərbaycan EA Fizika İnstitutu direktoru vəzifəsində işləmişdir. 1968-1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik katibi olmuşdur. 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

1993-cü ildə vəfat etmişdir.
Əsas elmi nailiyyətləri

Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır.

Termoelektrik çevriciləri üçün aldığı yarımkeçirici materiala Amerika Birləşmiş Ştatları və Fransanın patentləri verilmişdir. Onun təşəbbüsü ilə 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrası təşkil edilmişdir. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. O, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaratmışdır. Keçmiş SSRİ Elmlər Akademiyası "Yarımkeçiricilər fizikası və kimyası" elmi şurasının üzvü, respublika "Fizika problemləri" elmi şurasının və "Bilik" cəmiyyətinin sədri olmuşdur.

Beynəlxalq elmi müşavirələrdə iştirak və çıxış etmişdir. Amerika Birləşmiş Ştatlarında (1970), Türkiyədə (1974) yarımkeçiricilər fizikasına dair mühazirələr oxumuşdur. Yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair bir sıra əsərlərin müəllifidir. "Elektron yarımkeçiricilərin və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir.

13 monoqrafiyanın, 400-dən çox ixtiranın, onlarla dərsliyin, yüzlərlə elmi məqalənin və s. müəllifidir.
Mükafatları

1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı,
1974-ci ildə əməkdar elm xadimi fəxri adı,
1975-ci ildə Qırmızı Əmək Bayrağı ordeni,
1978-ci ildə Lenin ordeni,
1970-ci ildə S.İ.Vavilov adına medal,
1972-ci ildə Beynəlxalq Leypsik yarmarkasının (ADR) böyük qızıl medalı,
1972, 1975, 1977 və 1978-ci illərdə SSRİ XTNS-nin qızıl medalları ilə təltif olunmuşdur.


Tarix: 06.07.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 166 Bölmə: Azərbaycan coğrafiyası