beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tağı İsmayılov

Tağı İsmayılov (tam adı:Tağı Mahmud oğlu İsmayılov; d. 1887,Çomaxtur, Şərur rayonu, Rusiya İmperiyası - ö. 1958, Çomaxtur, Şərur rayonu,Naxçıvan MR, Azərbaycan SSR) — istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən.
Həyatı

Tağı Məşədi Mahmud oğlu İsmayılov 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali Ruhani məktəbində təhsil almış atası Məşədi Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olmuşdu. O,yalnız Naxçıvan elində deyil, Cənubi Azərbaycanın bəzi şəhərlərində (Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun Avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq ona “Zaqraniçnı Mahmud” deyərmişlər. Heç də təsadüfü deyildi ki, Məşədi Mahmud kiçik yaşlı Tağını Çomaxtur kəndində olan molla məktəbinə deyil, inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçin qonşu Yengicə kəndində yenicə təşkil etdiyi “rus –tatar” (“rus-azərbaycan”) məktəbinə qoyur.

Tağı ilk gündən şagird qabiliyyəti və cəsarəti ilə müəlliminin diqqətini çəkir. O,bu məktəbdə rus dilində üç il təhsil alır. Ancaq Rusiyada baş verən inqilabı hadisələrdən danışan Vanya Petroviç Tağının mənəvi aləminə ciddi təsir edir, onda yeni dünyagörüş formalaşdırır.

Rusiyaya qayıtmalı olan Vanya Petroviç bu müddətdə hörmətini qazanmış Məşədi Mahmuda yaxın adamlarının biri ilə Məşədi Mahmuda sifariş yollayır: ”Tağıdan nigaran qalma, o,mənimlə bizə - Armavirə gedir.” Tağının Armavirdə Vanya Petroviçin inqilabçı dostları ilə tanışlığı onun həyat tarixçəsində haqsızlığa, ədalətsizliyə, mövcud quruluşun qəddarlığına qarşı mübarizə səhifəsi açır.
Cəsur komandir

Azərbaycanın istiqlalı uğrunda mübariz. Şimali Qafqazda Armavir dəmir yol çəkilişində desyatnikliyə, mühəndis köməkcisi vəzifəsinə qədər yüksəlir (səhifədə təqdim edilən foto şəkil həmin dövrə aiddir). 1902-ci ildə Naxçıvan-İrəvan dəmir yolunun inşasında iştirak etmişdir. Rusiyanın hərbi qüvvə və texnikasını daşımaq üçün çəkiləcək Şaxtaxtı-Maku-Bəyazid dəmir yolunun tikintisində işləyərkən əsgərlər arasında təbliğat işi apararaq, “Şahtaxtı fəhlə, kəndli və əsgər soveti”nin yaradıcılarından (1917), 1918-1919-cü illərdə Şərur mahalına basqın edən daşnaklara qarşı döyüşçü dəstələrinin təşkilatçılarından olmuşdur.

Şərur mahalının kəndlərini erməni quldurlarından təmizləyən türk hərbi hissələrinin tərkibində həmkəndlilərindən ibarət könüllü döyuşçü dəstələrində vuruşmuşdur.

Xok kəndi altında daşnak ordusuna son zərbənin endirilməsində göstərdiyi igitliyə görə “Türk çapı” adlanan silah və qəbzəsi qiymətli daşlarla bəzədilmiş gümüş xəncərlə təltif edilmişdi. Onun komandiri olduğu partizan dəstəsi 1920-ci il iyulun 28-də Dərələyəz dərəsindən Şərur mahalına hücum edən daşnak quldur dəstəsinə qarşı döyüşlərdə xüsusiilə fərqlənmiş və bu döyüşlərdə Tağı İsmayılov böyük qəhrəmanlıq nümunələri göstərmişdi.

1920-1922-ci illərdə Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor"un komandirlərindən idi.
Partizan komandirin vətəndaş həyatı
Sovet dövründə bank, kooperasiya və taxıl tədarükü kombinatı strukturlarının təşkilatçılarından və rəhbərlərindən olmuşdur.

1927-ci ildə kecrilən Azərbaycan kənd təsərrüfatı kooperasiya birliyinin 1-ci qurultayına, 1929-cu ilin yanvar ayında Moskvada keçirilmiş SSRİ kənd təsərrüfatı bankının kredit işçilərinin III-cü ümümittifaq qurultayına həlledici səslə nümayəndə seçilmişdir.

25 yanvar 1939-cu ildə SSRİ Xalq Tədarükü Komisarlığının qərarı ilə “əlaçı tədarükçü”, ”taxılçılıq və çovdarçılıq sənayesinin əlaçısı” və SSRİ tədarükçülüyünün qurucu əlaçısı” – döş nişanı ilə təltif edilmişdir.

Böyük vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə, sərəncamında olan taxıl ehtiyyatlarını yaxşı və itkisiz saxladığına görə (onu da qeyd edək ki, Şimali Qafqazın faşistlərdən qaçırılan taxılların çoxu Noraşen taxıl anbarında saxlanılırdı) Tağı İsmayılov 1943-cü il fevral ayının 22-də əvvəlcə SSRİ Xalq Tədarük komissarlığının “Əlaçı tədarükçü” döş nişanı ilə, sonra isə SSRİ Ali Soveti Rəyasət Heyyətinin 1946-cı il 24 iyun tarixli fərmanı ilə “1941-1945 illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdir. Vicdanla xidmət etdiyinə görə Tağı İsmayılovun əməyi “Şərəf nişanı”ordeninə laiq görülmüşdür.

Tağı İsmayılov 1958-ci ildə vəfat etmişdir.


Tarix: 06.07.2015 / 15:45 Müəllif: Feriska Baxılıb: 193 Bölmə: Azərbaycan coğrafiyası