beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Flora

Flora
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir. Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır:

Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr
Ardıc seyrək meşəlikləri
Şərq fıstığından ibarət fıstıq meşələri
Palıd meşə formasiyaları:
a) Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
b) Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
c) Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
ç) Uzunsaplaq palıddan ibarət düzən meşələr
d) Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)
Vələs meşə formasiyası
Dəmirağacından ibarət relikt meşə formasiyası
Ağcaqayın meşə formasiyası
Məxməri ağcaqayından ibarət meşələr
Tranttoveter ağcaqayından ibarət seyrək meşələr
Xurma meşələri
Qarağac meşələri
Adi qozdan ibarət meşələr
Adi şabalıddan ibarət meşələr
Azad ağacından ibarət meşələr
İpək akasiyadan ibarət meşələr
Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri
Tozağacı meşələri Qovaq meşələri
Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri
Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təcavüz nəticəsində xeyli ərazilər işğala məruz qalmışdır. Burada yerləşən meşələrə xüsusilə də dağ meşələrə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min ha meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır.


Tarix: 06.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Azərbaycan coğrafiyası