beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlisəttar Məlikov

Əlisəttar Məlikov. Aktyor. İkinci rejissor. Rejissor assistenti.

Həyatı

Əlisəttar Muradəli oğlu Məlikov 1892-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlamışdır. Bu teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpgili rollar ifa etmiş, o cümlədən “Paris Notr-Dam kilsəsi” tamaşasında təlxəyin, “Bürünc büt”də polkovnik Olbiricin, “Balta haqqında poema”da Yevdokimin, “Tufan”da poruçik Yalavoyun, “Yanğın”da kolxoz sədri Tərxanın, “Hind qızı”nda Diksonun obrazlarını yaratmışdır.

Aktyor Ə.Məlikovun kinoya gəlişinin tarixçəsi də maraqlıdır. 30-cu illərin əvvəllərində “Azərfilm” kinostudiyasında 26 Bakı komissarı haqqında bədii filmi çəkmək üçün Gürcüstandan tanınmış rejissor N.Şengelaya dəvət olunur. O, filmə aktyorları seçərkən, Türk İşçi Teatrında gənc aktyor Əlisəttar Məlikovun iştirak etdiyi tamaşaya baxır və ona bolşevik rolunu tapşırır. “26 komissar” filminin çəkilişləri, kinostudiyada olan işgüzar ab-hava Ə.Məlikovun o qədər xoşuna gəlir ki, o, həmişəlik “Azərfilm” studiyasında işləməyə qərar verir. Beləliklə, ilk film, ilk rol onun həyatını bütünlüklə kinematoqrafiyaya bağlayır.

Bundan sonra Ə.Məlikov kinoda iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət kinoaktyor, ikinci istiqamət rejissor assistenti, II rejissor kimi.

Kinoaktyor kimi o, 1933-cü ildə “Neft simfoniyası” sənədli filmində çəkilmişdir. Filmdə göstərilir ki, Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edilir. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər. Neftçilərdən birinin rolunu Ə.Məlikov oynayır. Bundan sonra o, rejissor M.Mikayılovun “İsmət” filmində (1934) bortmexanik Məmmədov rolunda çəkilir. Aktyorun yaratdığı surət insanları yeni həyat quruculuğuna səsləyir. O, yeniliyin simvolu kimi yadda qalır.

Böyük dramaturqumuz C.Cabbarlı eyniadlı əsəri əsasında yazdığı “Almaz” ssenarisini bir rejissor kimi ekranlaşdırmağı öz üzərinə götürmüşdü. Buna görə də o, əvvəlcədən naturanı seçmiş, hətta rolları da aktyorlar arasında özü bölüşdürmüş, Barat roluna Əlisəttar Məlikovu təsdiq etmişdi. C.Cabbarlının qəfil vəfatı filmin çəkilişini ləngitsə də, rejissorlardan A.Quliyev və Q.Bakinski bu işi başa çatdırdılar. Biz ekranda Ə.Məlikovu Barat rolunda gördük. 1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Kəndə işləməyə gələn gənc müəllimə Almaz burada yeni quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda gənc Barat - Ə.Məlikov Almaza dayaq və arxa olur. İmkanı daxilində quruculuq işlərində, artelin təşkilində ona köməklik edir. Qolçomaq Hacı Əhməd və onun tapşırıqlarını kor-koranə yerinə yetirən Kərim kimilərdən Almazı qoruyur. Film səssiz olsa da, aktyor yeni quruluşun tərəfdarı olduğunu, ona görə də canla-başla Almaza kömək etdiyini öz oyun tərzi ilə tamaşaçıya çatdıra bilir.

Sovet hökumətinin kinematoqrafçılar qarşısında qoyduğu ən mühüm vəzifələrdən biri tarixi-inqilabi janrda filmlərin istehsalına daha çox diqqət yetirməkdən ibarət idi. Bu elə bir dövr idi ki, sovet hökuməti bu janra xüsusi əhəmiyyət verir, mövcud quruluşun nailiyyətlərini hər vasitə ilə bütün dünya xalqlarına çatdırmaq istəyirdi. Bu məsələdə kinematoqraf onun əlində ən etibarlı rupor idi. Ona görə də 20-30-cu illərdə Sovet İttifaqında, o cümlədən Azərbaycanda bu janrda xeyli film yaradılmış, bolşevik surəti filmlərdə əsas sima olmuşdur.

Rejissor V.Turinin 1938-ci ildə lentə aldığı “Bakılılar” tarixi-inqilabi kinoepopeyadır. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur. Filmdə Əlisəttar Məlikov Cəfərin dostu, bolşevik rolunda çəkilmişdir.

Digər tarixi-inqilabi ekran əsərini - “Kəndlilər” filmini Azərbaycanın ilk professional kinorejissoru S.Mərdanov çəkmişdir. Bu filmdə də mülkədar kəndlinin başına oyun açır. Rus fəhləsi kəndliləri inandırmağa çalışır ki, “Müsavat” hakimiyyəti (Azərbaycan Xalq Cümhuriyyəti - red.) devrildikdən sonra torpaq bəylərin, xanların əlindən alınıb kasıblar arasında bölüşdürüləcək, onlara heç kəs ağalıq etməyəcəkdir. Filmin sonunda göstərilir ki, XI Qızıl Ordu zirehli qatarla Azərbaycana daxil olur. Öz nicatını bu ordunun gəlişində görən kəndlilərdən ibarət süvari dəstələri ölkəmizin içərilərinə doğru sürətlə şütüyən qırmızı bolşevik qatarını müşayiət edirlər. Bolşevik ordusunu sevinclə qarşılayanlardan biri də bolşevik Rəhimdir. Filmin baş qəhrəmanı aşıq Göydəmirin silahdaşı Rəhimin surətini aktyor Ə.Məlikov yaratmış, Rəhimə xas olan nikbin əhval-ruhiyyəni, xarakterindəki insani keyfiyyətləri incə ştrixlərlə göstərə bilmişdir.

“Bakılılar” və “Kəndlilər”dən fərqli olaraq “Yeni horizont” bədii filmi müasir mövzudadır. Rejissorlardan A.Quliyev və Q.Braginskinin 1940-cı ildə çəkdikləri film Bakı neftçilərinin həyatından, onların yeni neft yataqları kəşf etmələrindən danışır. Bu ekran əsərində Ə.Məlikov öz müasiri olan Rüstəm Abbasov rolunda çəkilmişdir.

Böyük Vətən müharibəsi illərində film qıtlığı olmasına baxmayaraq, Ə.Məlikov bir aktyor kimi üç filmdə çəkilmişdir. “Vətən oğlu” filmində arxa cəbhədə gecə-gündüz çalışıb cəbhəyə daha çox neft verməyə çalışan neftçi, “Bəxtiyar” filmində (1942) poçtalyon və “Bir ailə” kinoalmanaxında dalğıc Məmməd rollarını oynamışdır.

Müharibədən sonra, 1947-ci ildə rejissor Y.Dziqan lentə aldığı “Fətəli xan” tarixi-bioqrafik filmində Ə.Məlikova ən gözəl obrazlardan birini - Hüseyn xan obrazını tapşırdı.

Fətəli xana xəbər çatır ki, İran şahının fitvası ilə Şirvan xanı ona xəyanət edib. Xəyanət edəni isə cəzalandırırlar. Ona görə də Quba xanı Fətəli xanla Şəki xanı Hüseyn xan birləşib Şirvan xanını məğlub edirlər. Əsas mətləb də elə buradan başlanır.

Şəki xanı deyir: “Fətəli xan, Şirvanı məğlub etmişik. Onu yarı bölməliyik. Mənim qılıncımın payını ver”. Fətəli xan cavabında: “Hüseyn xan, biz torpaqları parçalamaq yox, birləşdirməliyik”. Bundan sonra Hüseyn xan Fətəli xana düşmən kəsilir.

Əlisəttar Məlikov bu obrazı elə çılğınlıqla, elə ehtirasla ifa edir ki, fikirləşirsən ki, o, aktyor yox, elə Hüseyn xanın özüdür. Gözlərinə baxanda hiss edirsən ki, fürsət düşən kimi o, Fətəli xandan intiqam alacaqdır. Bəli, Ə.Məlikovun ifasında Hüseyn xan çox yaddaqalan və maraqlı obrazlardan biri kimi Azərbaycan kino tarixinə düşmüşdür.

Aktyoru digər respublikalara da çəkilişlərə dəvət edirdilər. O, “Türkmənfilm” kinostudiyasının istehsal etdiyi “Mən qayıdacağam” bədii filmində Qurban rolunda oynamışdır. “Mosnauçfilm” (Moskva) kinostudiyasının çəkdiyi “Qazma rejimi” elmi-kütləvi filmində qazma ustası rolunda çıxış etmişdir.

Aktyor Ə.Məlikov Bakı kinostudiyasında filmlərə çəkilməklə yanaşı, 1948-ci ildən rejissor assistenti kimi də fəaliyyət göstərirdi. Bununla bağlı “Doğma xalqımıza” bədii-sənədli filminin quruluşçu rejissorlarından biri H.Seyidzadənin 1954-cü ildə yazdığı xarakteristikada deyilir: “Azərbaycanın Əməkdar artisti, yoldaş Məlikov Əlisəttar “Doğma xalqımıza” rəngli filmində rejissor assistenti vəzifəsində çalışmışdır. Yoldaş Məlikovun istehsalat təcrübəsi böyükdür. O, yeddi bədii və çoxlu kinooçerklərdə işləmişdir. Yoldaş Məlikov bədii kinematoqrafiya sahəsində professional səriştəyə, rejissor assistenti üçün vacib olan təşkilatçılıq bacarığına malikdir. Həm də o, təşəbbüskarlığı ilə fərqlənir”. Əlisəttar müəllim “Doğma xalqımıza” bədii-sənədli filmindən başqa, “Almaz” (1936), “Kəndlilər” (1939), “Bəxtiyar” (1942), “Sualtı qayıq T-9” (1943), “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Mahnı belə yaranır” (1957), “Kölgələr sürünür” (1958), “Böyük dayaq” (1962) kimi bədii və bir neçə sənədli filmdə rejissor assistenti, “Bir qalanın sirri” film-nağılında (1959) II rejissor işləmiş, Azərbaycan kinosunun inkişafı naminə əlindən gələni əsirgəməmişdir.

Bakı kinostudiyasının yaradıcılıq bölməsinin büro sədri M.Dadaşovun 1955-ci ildə yazdığı yaradıcılıq xarakteristikasında əsl kino adamı olan Ə.Məlikovun yaradıcılıq fəaliyyəti barədə deyilir: “Yoldaş Ə.Məlikov Bakı kinostudiyasının ən qocaman işçilərindən biridir. Kinoaktyor olaraq o, eyni zamanda bir çox filmdə rejissor assistenti kimi də işləmişdir. O, filmin hazırlığı dövründə və pavilyon çəkilişləri zamanı, ən başlıcası isə olduqca çətin ekspedisiya şəraitində çəkilişlərin təşkilində və keçirilməsində əvəzolunmaz rejissor assistentidir. Əməksevərdir, kütləvi, qrup çəkilişlərinin əla təşkilatçısıdır. Bir çox filmlərdə topladığı təcrübə onu bizim studiyanın ən yaxşı rejissor assistentlərinin sırasına çıxarmışdır”. Müdriklərdən biri demişdir: “Kişinin qiyməti əməli ilə ölçülür”. Əlisəttar Məlikov belə insanlardan idi.

Uzun ömür sürmüş, 79 il yaşamış Ə.Məlikovun böyük ailəsi var idi; ailədə dörd uşaq olub - üç oğlan, bir qız. Oğlu Murad kinostudiyada rejissor assistenti işləyirdi, həm də filmlərə çəkilirdi. O, artıq dünyasını dəyişmişdir. Digər oğlu Dadaş təqaüdçüdür.

Ə.Məlikovun 20-dən çox nəvə və nəticəsi vardır. Nəvələri müxtəlif vəzifələrdə çalışırlar, hamısı da ziyalıdır. Nəvələrindən biri - Akif Məlikov Azərbaycan Dövlət Opera və Balet Teatrının direktorudur. Digər nəvəsi - Həsən Zəkizadə uzun müddət məktəb direktoru olub, hazırda isə orta məktəbdə riyaziyyatdan dərs deyir. Həsən müəllimin oğlu, Ə.Məlikovun nəticəsi Şahin Zəkizadə bu gün ulu babasının yolunu davam etdirir, televiziya rejissorudur. Əlisəttar müəllimin qardaşı Qəzənfər Azərbaycanda ilk sirk artistlərindən biri olub. Onun çıxışlarını nəinki respublikamızda, həm də Sovet İttifaqının hər yerində alqışlarla qarşılayırdılar.

Filmoqrafiya
Almaz (film, 1936)
Arşın mal alan (film, 1945)
Bakılılar (film, 1938)
Bəxtiyar (film, 1955)
Bir ailə (film, 1943)
Bir qalanın sirri (film, 1959)
Böyük dayaq (film, 1962)
Doğma xalqıma (film, 1954)
Dostlar (film, 1934)
Əzim Əzimzadə (film, 1967)
Fətəli xan (film, 1947)
Həyat öyrədir (film, 1961)
İsmət (film, 1934)
İyirmi altı komissar (film, 1933)
Kəndlilər (film, 1939)
Vətən oğlu (film, 1941)
Yeni horizont (film, 1940)


Tarix: 06.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 660 Bölmə: Aktyorlar