beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valeri Kərimov

Valeri Sultan oğlu Kərimov — Azərbaycan kinooperatoru, rejissor, operator assistenti, aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

1945-ci il iyunun 26-da Bakıda anadan olub. Valeri Kərimov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəlməmişdən əvvəl istehsalatda çalışmış, "Bakıtuneltikinti" idarəsində fəhlə işləsmişdi. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlmişdi. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir, Valeriyə operator assistenti vəzifəsi tapşırılır. 1969-1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb. Bakıya, doğma kinostudiyaya qayıtdıqdan sonra gənc operatorun ilk böyük işi "Çarvadarların izi ilə" bədii televiziya filmi oldu. Film yazıçı və dramaturq İlyas Əfəndiyevin məşhur "Körpüsalanlar" romanının motivləri əsasında 1974-cü ildə lentə alınmışdı. Çarvadarlar qədimdə keçilməmiş yerlərdən, təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur oğullara deyirdilər. Filmin adı da buradan götürülmüşdü. Əsərin qəhrəmanları ulu babalarının açdıqları cığırla gedərək yollar çəkən inşaatçılardır. Filmdə mövzu ilə bağlı çox maraqlı və gözoxşayan mənzərələr var. Operator həmin mənzərələri sevərək lentə almış, Azərbaycanın təbiətini, zəhmət adamlarını tamaşaçılara sevdirə bilmişdi.

Həmin il (1974) Valeri "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı çəkməyə dəvət alır. "Baladadaşın ilk məhəbbəti" novellasında rejissor F. Əliyevlə, "Nəğmə dərsi"ndə isə rejissor G. Əzimzadə ilə işləyir. Birinci filmdə ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır, ikinci filmdə isə şəxsi həyatı uğursuz qurulan gənc fəhlənin balaca oğlu ilə gizli görüş və söhbətlərindən danışılır. Göründüyü kimi, hər iki filmdə gənc qəhrəmanların keçirdikləri hiss və həyəcanlar, onların hadisələrlə bağlı psixoloji vəziyyətləri ön plana çıxarılıb.

Valeri Kərimovun çəkdiyi filmlər müxtəlif janr və mövzudadır. "Alma almaya bənzər", "Yuxu" kinokomediyalarını, lirik-macəra janrında olan "De ki, məni sevirsən", "Qaladan tapılmış mücrü" ekran əsərlərini, detektiv janrda çəkilmiş "Arxadan vurulan zərbə" filmini, "Qızıl uçurum" melodramını, "Qorxma, mən səninləyəm", "Yarımçıq qalmış serenada" musiqili filmlərini, "Ailə" sosial-dramını, müharibə mövzusunda çəkilmiş "Sizi dünyalar qədər sevirdim", müasir mövzuda olan "Bir ailəlik bağ evi", "İlıq dənizdə buz parçası", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "Yay gününün xəzan yarpaqları", "Sürəyya" və s. filmləri misal göstərmək olar.

"Qızıl uçurum" filminə Valeri Kərimov operator həmkarı Kənan Məmmədovla birgə quruluş verib. Filmdəki əhvalatlar XX əsrin əvvəlində baş verir. O dövrün həyatını ekranda canlandırmaq üçün həm filmin rəssamı, həm də operator kino texnikasının müxtəlif vasitələrindən istifadə ediblər. Burada biz rəssamla operatorların qarşılıqlı əlaqəsini və birgə yaradıcılıq fəaliyyətinin nəticəsini görürük. İki müxtəlif başlanğıcın-təsvirin ifadə vasitələri ilə psixologiyanın sintezini görürük.

"Bir ailəlik bağ evi" filmindəki hadisələr əvvəldən axıra kimi sakit intonasiyada təsvir olunur. Operator Valeri Kərimovun kamerası tələsmədən əvvəlcə filmin baş qəhrəmanı Eldarın evində, sonra dəniz sahilindəki bağ evində cərəyan edən hadisələri lentə köçürür, valideynlərlə övladlar arasında yaranmış problemləri tamaşaçılara çatdırmağa çalışır.

Rejissorlar V. Kərimovla birgə işləməkdən razılıq edirdilər. Filmin çəkilişində əsas tənzimləyici sima rejissordur. Bununla belə, onun operatorla birgə işi, fikir birliyinin vacibliyi əsas şərtlərdəndir. Çünki tamaşaçı ekranda baş verən hadisələri operatorun gözü ilə görür. Ona görə də rejissor operatora inanmalı, ona etibar etməlidir. V. Kərimovla işləyən rejissorlar da ona etibar edir, inanırdılar. Valeri Kərimov 36 il Azərbaycan kinosunun inkişafına xidmət edib.

Musiqili film çəkmək çox çətindir. Çünki belə filmlərdə bir sıra musiqi parçaları, mahnılar səslənir. Əvvəlcədən fonoqrama yazılmış bu mahnıları hadisələrin gedişi prosesində aktyorların ifasında səsləndirmək heç də asan məsələ deyil. Bunun üçün yaradıcı qrupun, ələlxüsus operatorun üzərinə böyük məsuliyyət düşür.

"Qorxma, mən səninləyəm" filminə baxarkən bunun nə demək olduğunu bir daha yəqin edəcəksiniz. Burada gözəl musiqi də var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Hadisələri dinamik inkişaf edən filmin ritmi hər kadrda görünür. Bütün bunları bacarıqla, zövqlə lentə alan operator Valeri Kərimov ekranda Azərbaycanın füsunkar təbiətini, onun mənzərəli dağlarını və vadilərini sevə-sevə təcəssüm etdirib.

Valeri Kərimovun operator olduğu daha bir filmi xatırlamaq yerinə düşərdi. Bu, rejissor Rasim İsmayılovun çəkdiyi "Sizi dünyalar qədər sevirdim" bədii filmidir. Film Azərbaycan xalqının rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasından söhbət açır. Ekran əsərində Həzi Aslanovun və onun Volqa çayının sahillərindən Pribaltika (Baltikyanı) cəbhəsinədək döyüş yolu keçmiş igid tankçılarının hünəri inandırıcı kadrlarla canlandırılıb. Filmin çəkilişlərinə çoxlu əsgər və hərbi texnika cəlb olunmuşdu. Qeyd edək ki, biz həmin ekran əsərinədək müharibə mövzusunda çəkilən filmlərimizdə bu cür miqyaslı döyüş səhnələrinə rast gəlməmişdik.

Film Stalinqrad altında tank döyüşü ilə başlayır. Əlbəttə, belə batal səhnələrini çəkmək çətindir. Kinostudiyamızın bu sahədə təcrübəsi çox olmasa da, baş operator Valeri Kərimov öz köməkçiləri ilə birgə işin öhdəsindən bacarıqla gəlib. Onun kamerası döyüş səhnələrindən başqa insan qəlbinin hərarətini, mən deyərdim ki, döyüntülərini tamaşaçıya çatdırmağa müvəffəq olub, döyüşlərin getdiyi ərazinin təbiətinin gözəlliyini göstərə bilib. Film bütövlükdə Azərbaycan kinematoqrafiyasının uğuru kimi qiymətləndirilmiş, filmə ümumittifaq baxışı keçirilmişdi.

Sovet İttifaqı Qəhrəmanı Adil Quliyev "Bütün həyatı döyüşdür" məqaləsində film barədə yazıb: "Filmin yaradıcıları Belarusiyada, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Demək istəyirəm ki, heç bir kadrda bunlar butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir. O, ekranda döyüşün ab-havasını, bunun detallarını verə bilmişdir..." ("Bakinski raboçi" qəzeti, 25 fevral 1986-cı il).

V.Kərimov son vaxtlar kinoda özünü yeni sahədə – rejissorluqda sınamaq istəyirdi. 1989-cu ildə bu istəyinə də nail oldu. "Debüt" studiyasında yazıçı Əkrəm Əylislinin ssenarisi üzrə "Həmyerli" adlı qısametrajlı bədii filmə quruluş verdi. Bu dünyada öz yerini necə axtarıb tapmalı, qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır.

V. Kərimov 1998-ci il martın 9-da "Ailə" filmini çəkərkən qəflətən vəfat etdi. O, 53 yaşında həyatdan getdi. Amansız ölüm onu aramızdan aparmasaydı, bu gün biz kinorejissor Valeri Kərimovun yeni filmlərinə baxa biləcəkdik...

Valeri Kərimov peşə fəaliyyəti ilə yanaşı, kino sahəsində təşkilatı işlərdə yaxından iştirak edirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi işinə vicdanla yanaşır, kinomuzun inkişafı naminə hər iki cəbhədə-yaradıcılıq sahəsində və ictimai işlərdə həvəslə çalışırdı. Çünki o, kino adamı idi, kinonun vurğunu idi. 1996-cı ildə görkəmli sənətkar Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Bakıda Beynəlxalq "Festivallar festivalı" kino mərasimi təsis olunanda bu möhtəşəm tədbirin keçirilməsi üçün böyük vəsait tələb olundu. Valerinin apardığı danışıqlar nəticəsində "Filipp Moris" şirkəti festivalın baş sponsorluğunu öz öhdəsinə götürdü. Şirkət sonrakı illərdə II, III və IV festivallara sponsorluq etdi.

Kərimovlar ailəsini kinematoqrafçılar ailəsi adlandırırdılar. Valerinin kiçik qardaşı Tofiq 30 ildən artıq kinostudiyada fotoqraf-rəssam kimi 40-dan artıq filmdə işləyib. Valerinin həyat yoldaşı Tatyana xanım kinostudiyada səs operatoru vəzifəsində çalışır. Yeganə oğlu Teymur Mədəniyyət və İncəsənət Universitetini kinoşünaslıq ixtisası üzrə bitirsə də, anasının peşəsinə yiyələnib, səs operatoru kimi "Həqiqət anı", "Qraf Krestovski" çoxseriyalı televiziya bədii və s. filmlərdə çalışıb.[1]
Səs operatoru Tatyana Kərimovanın həyat yoldaşı
Fotoqraf-rəssam Tofiq Kərimov qardaşıdır.
Oğlu Teymur Kərimov səs operatorudur, həmçinin uşaq rollarında çəkilmişdir

Filmoqrafiya
"Ağ pambığı becərəndə, yığanda..." (film, 1989)
"Ağ pələng"lə görüş (film, 1988)
Axtaran tapar (film, 1980)
Ailə (film, 1998)
Alma almaya bənzər (film, 1975)
Arxadan vurulan zərbə (film, 1977)
Arzunu yarat (film, 1977)
Atamın sənəti (film, 1980)
Avqust gələndə (film, 1984)
Baladadaşın İlk Məhəbbəti (1974)
Baş tutmayan ziyafət (film, 1981)
Beləliklə, biz başlayırıq (film, 1976)
Bir ailəlik bağ evi (film, 1978)
Bizim Cəbiş müəllim (film, 1969)
Çarə (film, 1981)
Çarvadarların izi ilə (film, 1974)
De ki, məni sevirsən! (film, 1977)
Əmək və qızılgül (film, 1962)
Günlərin bir günü (kinoalmanax, 1976)
Həmyerli (film, 1989)
İlıq dənizdə buz parçası (film, 1983)
İşarəni dənizdən gözləyin (film, 1986)
Qaladan tapılan mücrü (film, 1982)
Qızıl uçurum (film, 1980)
Qorxma, Mən Səninləyəm (1981)
Mən ki gözəl deyildim (film, 1968)
Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
Möcüzələr adası (film, 1963)
Müqəddəs and (film, 1983)
Nəğmə Dərsi (1974)
Öpürəm (film, 1988)
Ötən ilin son gecəsi (film, 1983)
Rəşid Behbudov (film, 1985)
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Suya səyahət (film, 1996)
Sürəyya (film, 1987)
Sürücünün aqibəti (film, 1973)
Ulduz (film, 1964)
Yanğın (film, 1975)
Yarımçıq qalmış mahnı (film, 1979)
Yay Gününün Xəzan Yarpaqları (1986)
Yol ayrıcında (film, 1988)
Yuxu (film, 2001)


Tarix: 05.02.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 785 Bölmə: Aktyorlar