beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şaftalı cana məlhəm olan meyvədir

Dadlı-şirəli, cana məlhəm olan şaftalını böyük məmnuniyyətlə həzmi-rabedən keçirdiyimiz ən sevimli yay meyvələrindən saymaq olar. Lakin şaftalının dadlı olduğu qədər, faydalı olmasını hamımız bilirikmi?

Məsələn, şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır.

Şaftalı sağlam və gümrah olmaq, fəal həyat tərzi sürmək üçün əsl vitamin mənbəyidir: vitamin C orqanizmi virus və infeksiyalardan qoruyur, vitamin A iti görmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir.

Şaftalı arıqlamaq üçün əla vasitədir. Bir şaftalıda cəmi 50 kkal olsa da, uzun müddət toxluq hissi yaradır. Yemək arasında iki şaftalı yeməklə yağlı yeməyi sürətlə həzm edə bilərik. Odur ki, şaftalı nahardan sonra əla desert sayılır.

Şaftalının əti bitki tərkibli sellülozla zəngindir. Sellüloz həzm prosesini yaxşılaşdırır, yüngül qarınişlədici, habelə sidikqovucu təsir göstərir. Təzyiqi yüksək olan adamlara şaftalı yemək məsləhət görülür.

Şaftalı əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Şaftalı zəngin B qrupu vitaminləri qaynağıdır. Yuxunu normallaşdırır, stressin öhdəsindən gəlməyə kömək edir. Onun tərkibindəki maqnezium bizi xiffət etməyə və ruhdan düşməyə qoymur.

Şaftalının güclü ətri onun şirin meyvə olduğunu göstərir. Onun əti ya sarımtıl, yaxud çəhrayı damarları seçilən ağımtıl rəngdə olur. “Ağımtıl” şaftalı daha şirin, “sarımtıl” şaftalı isə daha ətirli olur.

Şaftalının çəyirdəyi büzüşmüşsə, deməli, ona kimyəvi maddələr vurulmuşdur. Belə şaftalını ciddi-cəhdlə yumaq, ondan yalnız kompot, yaxud mürəbbə bişirmək məsləhətdir.


Tarix: 07.01.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər