beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Armud

Dərman vasitəsi kimi təzə armuddan və onun qaxından istifadə edilir. Armud qiymətli qida məhsuludur. O yeməyin yaxşı həzm olmasına və bağırsaqların işləyib boşalmasına kömək edir. Xalq təbabətində bişmiş armud (qazanda, sobada) bronxitdə öskürəyə qarşı və ağciyər vərəmində boğulmaya qarşı məsləhət görülür. Titrətmə-qızdırma xəstəliyində susuzluğu yatırmaq və sidik ayrılmasını yaxşılaşdırmaq üçün armud həlimi məsləhətdir. Armud şirəsi sidikqovucu xassəyə malikdir. Şəkər xəstəliyində pəhriz qida kimi faydalıdır. Armud kapillyarları möhkəmlədən profilaktik və müalicə vasitəsi kimi də işlədilə bilər. Turşməzə sulu armud hərarəti, qan təzyiqini və ödü sakitləşdirir, susuzluğu aradan qaldırır və iştahanı artırır. Armud qaxının qaynadılmış həlimi xüsusilə faydalıdır. Armud böyrək və qan dövranı sistemi xəstəliklərində məsləhətdir.

Titrətmə - qızdırmada armud qurusunu suda bişirmək və həlimini xəstəyə içirtmək.

Kəskin prostatitdə 30 qr armud çiçəklərinin üstünə 1 litr çox qaynar su töküb 10 dəq büküb dəmləmək, süzmək. Gün ərzində 5 dəfə, hər dəfə bir stəkan qəbul etmək. Prostatit xəstəliyinin profilaktika və müalicəsində armud əsas yeri tutur. Yalnız ətirli armudlar müalicə əhəmiyyətinə malikdir. Ən yüksək müalicə əhəmiyyətinə ətirli cır armudlar malik olur. Bu armudlardan kompot hazırlamaq lazımdır. Bu məqsədlə armudu və ya onun qaxını termosa töküb axşamdan üstünə qaynar su tökmək. O biri gün ½ stəkan gündə 4-5 dəfə içmək.

Adenomanı müalicə etmək və profilaktika üçün qədim zamanlardan armuddan istifadə edilir. Meşə armudu (cır armud) daha faydalıdır. Meşə armudundan kompot bişirmək ¼ stəkan gündə 4-5 dəfə içmək.

Armudu acqarına yemək olmaz. Armudu yeməkdən ən azı 30 dəqiqə sonra yemək. Ahıl yaşda (70 yaşdan sonra) yalnız yumşaq və şirəli armud yemək olar.

Göbələklə ağır zəhərləndikdə armud yemək kömək edir. Bunun üçün yeməkdən 0,5-1 saat sonra armud yemək lazımdır. Armud yeyəndən sonra çiy su içmək və ağır yeməklər yemək olmaz.

Podaqra (duz yığılması) xəstəliyində uzunluğu 10-15 sm armud ağacının cavan 2-3 budaqlarını doğrayıb çaynikə töküb 10-15 dəq qaynatmaq, süzmək çay kimi içmək faydalıdır.

Qədim Şərq həkimləri müşahidə etmişdilər ki, armud gümrahlaşdırır, gərginliyi götürür, əhval-ruhiyyəni yaxşılaşdırır, sağlamlaşdırır və nəşələndirici təsirə malikdir. Xəstəyə də elə bunlar lazımdır. Müsbət emosiya və sağalmaq əhval-ruhiyyəsi orqanizmin xəstəliklə mübarizəsində möcüzələr edə bilir, orqanizmin xəstəlikdən sağalmasına kömək edir. Ətirli armud növləri taxikardiyada kömək edir. Armud qan damarlarını möhkəmlədir və aterosklerozun inkişafına mane olur.

Maraqlıdır ki, yetişməmiş armud sorbitlə çox zəngindir, buna görə şəkərli diabet xəstələri onları yeyə bilərlər. Armud makroelementlərlə zəngindir, buna görə də mübadilə proseslərində aktiv iştirak edir. Armud əvəzedilməz pəhriz ərzağıdır. Xüsusilə şirəsi, həlimi, kompotu (şəkər qatmadan). Arıqlamaq istəyənlər kökəlmədən qorxmadan istədikləri qədər armud yeyə, kompotunu içə bilərlər.

Piylənmədə, şəkərli diabetdə, sidik və ödyolları xəstəliklərində, gündə 200-300 qr təzə armud yemək məsləhətdir. Bundan bir qədər az qurudulmuş armud yemək, armud kompotunu və həlimini də içmək olar.

İshalda 1 stəkan quru xırda doğranmış armudu 500 ml suda bişirmək, 4 saat dəmləmək, yeməkdən 15-20 dəq. qabaq ½ stəkan gündə 4 dəfə içmək.

Uşaqlarda ishal olanda ½ stəkan armud, 3 xörək qaşığı yulaf və 2 stəkan qaynar su töküb (qaynatmaq) bişirmək, 1 saat dəmləmək, süzmək. Gündə 4 dəfə yeməkdən 20-30 dəq. qabaq ¼ stəkan qəbul etmək.

Baş ağrısında armuddan qatı həlim hazırlamaq üçün onu çoxlu qaynatmaq və ondan alına sarğı qoymaq.

Böyrək və sidik kisəsində qum olanda acqarına bir neçə gün sulu armud yemək xeyirlidir.


Tarix: 22.08.2012 / 02:09 Müəllif: [Ram] Baxılıb: 1559 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər