beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoz

Qozun müalicəvi əhəmiyyəti hələ qədim zamanlardan məlumdur. 17-ci əsrdə hərbi həkimlər onun yarpaqlarını yara sağaldan vasitə kimi işlədirdilər.
Qoz ağaclarının altının və ətrafının havası ağciyər xəstəliklərində – bronxial astmada, vərəmdə, xroniki sətəlcəmdə (ağciyər iltihabı) müalicəvi təsirə malikdir.
Qədim zamanlarda xalq təbabətində qoz yarpaqları və yetişmiş qoz qabıqları – sinqada, isalda, diş ağrısında, revmatizmdə və ginekoloji, böyrək, ürək, sidik kisəsi xəstəliklərində, stomatitdə, anginada, aterosklerozda, avitaminozda, şəkərli diabetdə, babasil və damaq qanaxmalarında istifadə edilirdi.
Bu deyilənlərdən görünür ki, əgər biz qoz mürəbbəsi yeyiriksə, özümüz də hiss etmədən özümüzü bu sayılan xəstəliklərdən müəyyən dərəcədə müalicə edirik.
Bir kiloqram qoz ləpəsi 8500 kal. malikdir. Kaloriliyinə və həzm olunmasına görə qoz ləpəsi ətdən hazırlanan yeməklərdən geri qalmır. İnsan orqanizminin gündəlik piyə olan ehtiyacını 20-25 ədəd qoz yeməklə təmin etmək olur.
300 min adamın bir günlük C vitamininə olan ehtiyacını ödəmək üçün bir ton qoz kifayətdir.
Ateroskleroz və diabet xəstəliklərində qoz ləpəsi yemək məsləhətdir. Qozun ləpəsindəki yağda linolen turşusu vardır ki, bu da qanın tərkibindəki xolestirini aşağı salır. Mədə turşusu çox olan xəstələr gündə 25-100 q qoz ləpəsi yeməlidir. Həzmi yaxşılaş-dırmaq və ağır xəstəliklərdən sonra qoz ləpəsi yemək faydalıdır. Yetişməmiş qozun göy qabığında çoxlu miqdarda (100 q-da – 1000 dən 3000 mq) C vitamini vardır. Bundan başqa qabığında yuqlon adlanan maddə vardır ki, həmin maddə müasir təbabətdə dərinin vərəmində, ekzemada və b. xəstəliklərdə istifadə edilir. Qoz yağı işlədici kimi qəbul edilir. Yarpaqlarının suda cövhəri yarasağaldıcı və bakteriyaöldürücü təsirə malikdir. İsalda tinkturası qəbul edilir.

Tinktura. 300 q ləpəarası qabığa 250 ml spirt töküb 3 gün saxlamaq və vaxtaşırı çalxalamaq, sonra isə süzmək. Yeməkdən qabaq gündə üç dəfə 6-10 damcı isti qaynanmış suya töküb içmək.

Yarpaqları qandakı şəkərin miqdarını azaldır və sakitləşdirici təsir göstərir.

Ədəbiyyatda məlumat vardır ki, qabığında və yarpaqlarında qara maddə vardır ki, bu maddə də şiş əleyhinə aktivliyə malikdir. Yetişməmiş qoz qabığı və yarpaqları saçları tünd rəngləmək üçün işlədilir.

Qozun tərkibində ellagen turşusu vardır ki, bunun sayəsində də orqanizm xərçəng hüceyrələri ilə mübarizə apara bilər.

Quduzluqda. 1. 100 qr üyüdülmüş qoz ləpəsi, 100 qr bal, 50 qr duz və 50 qr soğan suyunu qatıb soyuducuda saxlamaq. Hər 2 saatdan bir 1 desert qaşığı qəbul etmək və yaraya bu qatışığı bağlamaq.

2. Dişlənmiş yara yerini duzlu su ilə yumaq və qoz yağını bintə hopdurub bağlamaq. 1 x.qaşığı qoz yağını gündə 3 dəfə içmək.

Dəmirovda 50 qr göy qozları xırdalamaq, 0,3 litr araq töküb 10 gün qaranlıq isti yerdə, dövri qarışdırmaqla saxlamaq, süzmək. Xəstə yerlərə sürtmək.

Ürək-damar və həzm sisteminin işini yaxşılaşdırmaq və seksual qabiliyyəti artırmaq üçün aşağıdakı reseptdən istifadə etmək məsləhət görülür:

200 qr qozun ləpəsi;

200 qr qaysı;

200 qr əncir;

200 qr qara gavalı;

200 qr kişmiş.

Bütün bunları çox xırda doğrayıb qarışdırmaq (ət maşınından istifadə etmək məsləhət deyil). Bu gözəl dadlı dərmandan gündə 2 x.qaşığı qatıqla içmək.

Maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn çiban, ekzema və b. dəri xəstəliklərində yetişməmiş qozların qabığı və ya cavan yarpaqları istifadə edilir.

Çay: yetişməmiş qoz qabıqlarının və yarpaqlarının 10% çayı 1/3 stəkan gündə 3 dəfə yeməkdən qabaq qəbul edlilir.

Zob xəstəliyində 1 stəkan qozun ləpələrinin arakəsmə qabığını 0,5 litr araqda 10 gün saxlamaq. 1 ç.qaşığı səhərlər yeməkdən qabaq qəbul etmək. 10 gün qəbul edib 10 gün fasilə etmək. Bir ay feyxoa, bir ay isə qoz ləpəsinin arakəsməsindən hazırlanan dərmanı qəbul etmək məsləhətdir.

Diffuzion zobda: 1. Qozun ləpəsinin arakəsməsindən 1 stəkan götürüb 70%li 300 ml spirtə tökmək 7 gün qaranlıqda dəmləmək. Gündə 1 dəfə 40 damcı qəbul etmək lazımdır.

2. 50 qr göy qoz götürüb üstünə 1 stəkan spirt tökmək, 21 gün tez-tez çalxalamaqla saxlamaq, süzmək. Gündə 3 dəfə yeməkdən 30 dəq qabaq 1 ç.aşığı qəbul etmək. Göstərilən dozadan çox içmək qəti qadağandır!

Burunda polip olanda 10 ədəd göy qozu (sütul vaxtı) ət maşınından keçirtmək, 3 stəkan təmizlənmiş kerosin töküb qaranlıq yerdə 10 gün saxlamaq, sonra isə 30 gün işıq yerdə saxlamaq, tənzifdən süzmək. Gündə 2 dəfə buruna damızmaq. Kurs 3-4 gündür (bu dərman todikamp adlanır).

İshal zamanı 200 qram qozu sındırmaq, ləpələrinin arasındakı arakəsmələri yığıb bankaya tökmək, üstünə 500 ml spirt töküb 3 sutka saxlamaq. 2 x.qaşığı ilıq suya 6-dan 10 damcıya qədər töküb gündə 1 dəfə içmək. İshal kəsilən kimi bu dərmanın qəbunu dayandırmaq. Belə ki, bu çox güclü vasitədir və ola bilər qəbizlik yaratsın.

Şəkərsiz diabetdə gündə 100 qr qoz ləpəsi yeməyi (bal ilə də olar) məsləhət görürlər. Şəkərsiz diabetdə təzə cavan qoz yarpaqlarının çayı köməkçi vasitə kimi istifadə edilir.

Çay: 5 qr yarpaqları 1 stəkan qaynar suda dəmləyib içmək.

Şəkərli diabetdə: Qozun yarpaqlarından 1 x.qaşığı götürüb 1 stəkan qaynar su töküb 1 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq. qabaq gündə 3-5 dəfə 1-2 x.qaşığı içmək. Uzun müddət olmaz!

Qozun cavan yarpaqlarından şəkərli diabetdə cövhər (çay), həlim hazırlamaq üçün istifadə edilir.

Həlim: 1 x.qaşığı yarpaqları 2 stəkan su töküb 15-20 dəq qaynatmaq və gün ərzində içmək.

Çay: 10:200 nisbətində çay hazırlayıb gün ərzində içmək.

Qozun arakəsmələrini toplayıb araq və ya spirtdə 40 gün qaranlıq yerdə saxladıqdan sonra 15-20 gün, gündə 1 xörək qaşığı acqarına içmək şəkər xəstəliyində faydalıdır.

Qozlardan göy vaxtı 50 qr götürüb əzmək və 0,3 litr araq töküb 10 gün qaranlıq, isti yerdə dəmləmək və vaxtaşırı çalxalamaq, süzmək. Xəstə yerlərə sürtmək.

Qurd olanda (Qlistı). Göy qozdan 2 x.qaşığı götürüb 2 stəkan qaynar su töküb termosda gecəni dəmləmək, süzmək. Gündə 4 dəfə yeməkdən 30 dəq qabaq 100 ml qəbul etmək.

Göz qapaqlarının iltihabı. Qoz yarpağından 1 x.qaşığı götürüb 1 stəkan qaynanmış suda qaynayana qədər çatdırmaq və bundan sonra 1 saat dəmləmək, süzmək. Gündə 3 dəfə 1/3 stəkan içmək. Bu həlimdən gözlərə damızdırmaq və ya kompres qoymaq olar.

Adenomada – sütül qozun 40 gün kerosində arağı. Bu çox böyük təsir spektrinə malikdir: prostatiti, pielonefriti, radikuliti, mədə yarasını, hipertoniyanı, aterosklerozu, tromboflebiti, serrozu, sonsuzluğu və çox miqdar başqa xəstəlikləri sağaldır. Xərçəng və şiş əleyhinə güclü vasitədir.

Resept. 10 ədəd sütül qoz götürülüb ət maşınından keçirtmək və üstünə 3 stəkan təmizlənmiş kerosin əlavə edib 10-14 gün qaranlıq yerdə saxlamaq, qalan günləri 40 günə qədər, yəni 26 gün( işıq yerdə saxlayıb tənzifdən süzmək. Qəbul etməyə axşam və səhər yeməkdən qabaq 5 damcıdan başlamaq. Hər gün 1 damcı əlavə etməklə birinci həftə 15 damcıya çatdırmaq. İkinci həftə və lazım gələrsə 3 həftə 15 damcı qəbul etmək. 4-cü həftə 15 damcıdan başlayıb 5 damcıya endirmək.

Səhər və axşam yeməkdən qabaq 1 çay qaşığı qəbul etmək olar. Bu tərkib radikulitdə, hipertoniyada, aterosklerozda, piolonefrit və b. bir çox xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

Lipomada (piy şişi) 10 ədəd göy qozu (sütül vaxtı) ət maşınından keçirtmək və üstünə 3 stəkan təmizlənmiş kerosin tökmək. Qaranlıq yerdə 14 gün saxlamaq, sonra 40 gün işıq yerdə saxlamaq (tənzifdən) süzmək. Alınan dərmana todikamp deyilir. Birinci həftə bu dərmandan 7 gün yeməkdən 20 dəq qabaq gündə 3 dəfə hər dəfə 1 damcı 50 ml suya töküb içmək. İkinci həftə 2 damcı, üçüncü həftə 3 damcı qəbul etmək. 1-2 kurs müalicə etmək lazımdır.

Qozun xırdalanmış ləpələri balla, südlə və ya qaymaqla üzülmüş (arıqlamış), qüvvədən düşmüş xəstələr üçün yüksək kalorili qida (ərzaq) məhsuludur. Bu tez sağalmaq, gümrahlığı və qabiliyyəti tez bərpa etməyə kömək edir.

1 stəkan xırdalanmış qoz ləpəsinə 2 stəkan qaymaq və ya süd töküb, ½ stəkan duru bal və ½ stəkan yulaf unu əlavə etmək. Bütün bunları çox yaxşı qarışdırmaq. Yeməkdən 30 dəq qabaq gündə 3-5 dəfə 2/3 stəkan qəbul etmək.

1 stəkan qoz ləpəsi, 2 stəkan süd (keçi südü daha yaxşıdır), cinsi fəaliyyəti və qabiliyyəti artıran vasitədir. 1 stəkan ləpəni gün ərzində 2-3 dəfəyə 2 stəkan keçi südü ilə içmək məsləhət görülür. Müalicə kursu 1 aydır.

Raxitdə və vitamin çatızmazlığında qoz saplaqlarından və yarpaqlarından istifadə edilir. Bunun üçün 1 x.qaşığı qoz yarpaqlarını 1 stəkan qaynar suda 30-40 dəq. dəmləmək, süzmək. Yeməkdən qabaq 1 x.qaşığı gündə 3-4 dəfə qəbul etmək.

İnfarktdan sonra qozun yetişməmiş meyvələrindən 30 ədəd xırda doğramaq 70%-li spirtdə və ya araqda 14 gün cövhərini çıxartmaq, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 3 dəfə 20 damcı içmək. Bir həftə qəbul etmək. Uzun müddət olmaz!

İnfarktın reabilitasiya dövründə 100 qr qoz ləpəsini 2 x.qaşığı qarabaşaq və bal ilə qarışdırıb gün ərzində 3 dəfəyə qəbul etmək.

Kista xəstəliyində 14 ədəd qozun qabığını xırdalamaq 0,5 litr araq töküb isti qaranlıq yerdə 10 gün dəmləmək, süzmək. Hər səhər acqarına 1 x.qaşığı içmək.

Anginada və diş ağrısında qozun cavan yapaqları ilə ağız və boğazı qarqara etmək. Bunun üçün qozun cavan yarpaqlarını 20:200 nisbətində 1 saat qaynar suda dəmləmək lazımdır.

Aterosklerozda (ürək-dlamar sistemi xəstəliyi), kardiosklerozda (ürək əzələ və damarlarının sklerozunda), baş-beyin sklerozunda (skleroz, bədənin müxtəlif orqanlarının toxumlarının bərkiyib kobudlaşması), hipertoniyada gündə 100 qr qoz ləpəsi yemək faydalıdır (bunu bal ilə də yemək olar). Bu məqsədlə təzə (cavan) qoz yarpaqlarından da istifadə edilir. Dəmləmə: 1 x.qaşığı yarpaqları 500 ml qaynar suda 1 saat dəmləmək, süzmək. Yeməkdən qabaq gündə 3-4 dəfə ½ stəkan içmək.

Qozun təzə (cavan) yarpaqlarından cövhər (çay) hazırlayırlar ki, bundan dərinin xroniki qurdeşənəyi, vərəm və başqa dəri xəstəliklərində daxilə qəbul edilmək və dəriyə sürtmək üçün istifadə edilir.

Cövhər (çay): 20 qr qoz yarpaqlarını 1 stəkan qaynar suya töküb 30-40 dəq dəmləmək, gündə 3 dəfə 1 x.qaşığı içmək. Bu çaydan kompres qoymaq.

Çay: 5 qr cavan qoz yarpaqları 1 stəkan qaynar su tökülüb dəmləmək və istənilən qədər içmək.

Sıraca xəstəliyində qozun cavan yarpaqlarından 1 ç.qaşığı götürüb 1 stəkan qaynar suda 2 saat dəmləmək, süzmək. Uşaqlar yeməkdən 30 dəqiqə qabaq gündə 3 dəfə 2 x.qaşığı qəbul edə bilər. Bal da əlavə etmək olar.

Osteomelit (iliyin iltihabı) xəstəliyində 2-3 kq yetişmiş qozun ləpələrinin arakəsmələrini araq töküb 2 həftə dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq 1 x.qaşığı gündə 3 dəfə, 20 gün qəbul etmək. Bundan sonra ağrı olsa, yenə hazırlayıb, bir kurs da qəbul etmək.

30 ədəd yetişməmiş qozu xırdalamaq 1 litr araqda və ya spirtdə 14 gün günün altında dəmləmək. Bundan ağrıyan yerə kompres qoymaq.

Xərçəng xəstəliyinin müalicəsində todikampdan istifadə edilir. Bunun üçün 100 ədəd sütül göy qozu (qabıqlı) 3 litrlik balona doldururlar. Üstünə duru bal töküb bankanın ağzını yaxşı bağlayıb 1 m dərinlikdə torpağa basdırırlar. 3 ay saxlamaq, süzmək və gündə 3 dəfə, yeməkdən 20 dəq. qabaq 1 ç.qaşığı qəbul etmək.

Dolamada qoz yarpaqlarının 20-30%-li cövhəri hazırlanır və xaricə istğifadə edilir. Hazırlanmış bu məhluldan təpitmə və vanna kimi istifadə edilir.

Həddən artıq yorğunluqdan (üzülmədən) xilas olmaq üçün ləzzətli və etibarlı vasitə: 1 stəkan qoz ləpəsini, 1 stəkan quşüzümü ilə qarışdırıb ət maşınından keçirib 1 stəkan bal qatmaq. Bundan gündə 3 dəfə hər dəfə 1 çay qaşığı qəbul etmək.

Şüa xəstəliyində hər gün 1 ovuc (bir az) qoz ləpəsi yemək.

Baş beyin sklerozunda 100 qr qoz ləpəsi (bal ilə də olar) yemək məsləhətdir.

Qəbizlikdə qozun köklərinin qabıqlarının üyüdülmüş tozları, incə işlədici təsirə malikdir. Yeməkdən qabaq 0,5-1 qr toz gündə 3 dəfə qəbul edilir.

Qerasimov balzamı:

Yetişməmiş göy qozlardan yığıb 3 litrlik bankaya (bankanın çiyninə qədər – təxminən 1,5 kq) doldurmaq (qozları əzmədən), üstünə yaxşı araq və ya konyak töküb doldurmaq. Banka polietilen qapaqla bağlanır. 3 gündən sonra bankanın ağzını dəmir qapaqla möhkəm bağlamaq. Belə olanda yod oksidləşməz. Bu balzam 21 gündən sonra hazır olur. Bundan sonra bankadakı duru məhlulu başqa qaba süzmək və ağzını möhkəm bağlamaq.

Bankadakı qozların üstünə keyfiyyətli çiçək balı tökmək, qozlardan duru ekstrakt ayrılana və qozların xarici görünüşü quru meyvəyə oxşayana və öz həcmlərini bir neçə dəfə kiçildənə qədər saxlamaq. Bu proses, yəni balda saxlanma müddəti də təxminən 21 gün və bir qədər çox davam edir. Bundan sonra araqda və balda çəkilmiş mayelər qarışdırılır və balzam hazır olur. Bu balzamın hazırlanması sadədir. Balzamın tərkibində üzvi yod və başqa mikroelementlər çox olduğu üçün orqanizmin daxili vəzilərinin sekresiyasını (vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan maddələr hazırlayıb ifraz etməsi prosesi) tənzimləyir, immuniteti möhkəmlədir, orqanizmi şlaklardan və parazitlərdən təmizləyir. Balzamı yeməkdən 20 dəq qabaq, gündə 3 dəfə 1 ç. qaşığı qəbul etmək. Uşaqlar üçün bu balzamı yalnız bal ilə hazırlamaq.

100 ədəd sütül qozu yarı bölüb 3 litrlik balona doldurmaq. Üstünə dolunca bal (ya kerosin) töküb ağzını dəmir qapaqla bağlamaq 1 m dərinlikdə torpağı qazıb bankanın üstünə 10-15 kq yük qoymaq və bağlamaq. 3 ay yerin altında qalandan sonra dərman hazır olur. 20-30 damcı yeməkdən qabaq qəbul etmək. Buna todikamp deyirlər. Bir çox xəstəliklərdə kömək edir.

Aterosklerozda qozun qabıqlarının və ləpələrinin arakəsmələrinin həlimi kömək edir: 1 x.qaşığı xırdalanmış qozun qabığını və 1 x.qaşığı arakəsmələri 1 stəkan su töküb 1 dəq qaynatmaq. 10 dəq dəmləmək, süzmək. Gündə yeməkdən sonra 3 dəfə ¼ stəkan qəbul etmək.

Maddələr mübadiləsinin pozulması ilə əlaqədar oynaqlardakı yel, podaqra, artirit və b. xəstəliklərdə qozun qabıqlarının spirtdə hazırlanmış arağından istifadə edilir: əzilmiş xırda qoz qabıqlarını qaba töküb üstündən 5-6 sm qalxana qədər araq tökmək, bir həftə araqda çalxalamaq, süzmək. Gündə 2-3 dəfə yeməkdən 30 dəq. qabaq 1 ç.qaşığı qəbul etmək.

Mədə və bağırsaqlarda ağrı olanda, mədə həzm etmədikdə göy (yetişməmiş) qozların arağı kömək edir.

Araq: 30 ədəd göy qoz qabıqları ilə birlikdə xırda doğranır, 1 litr spirt töküb günün altında 14 gün saxlamaq, süzmək. Bu araqdan gündə 3 dəfə yeməkdən qabaq 1 x.qaşığı suya töküb içmək.

Yetişməmiş göy qozları 200 qr lampa kerosininə töküb 21 gün saxlamaq, (yalnız lampa kerosini) süzmək və xərçəng xəstəliyində gündə 1 damcıdan artırmaqla 45 damcıya çatdırıb təzədən 45-dən 1 damcıya qədər qəbul etmək.

Vərəm xəstəliyində və ürək damarlarının iltihabında, orqanizm zəiflədikdə 1:1 balın qoz ləpəsi ilə qarışığından gündə iki dəfə 1 x.qaşığı işlətmək faydalıdır.

Mədəsində turşuluq çox olan xəstələrə gündə 3 dəfə 2 qozun ləpəsini yemək məsləhətdir. Ac qarına yemək olmaz!!

İbn Sinanın dövründən qoz ləpəsi alimlərin, müdriklərin, ağıllıların meyvəsi hesab olunurdu və onların yeməklərinə mütləq əlavə edilirdi.

Şərqdə belə hesab edirlər ki, qozun ləpəsi insan beyninə bənzəyir, onun yağı isə (ağılı) zehni artırır. Yadda saxlamaq lazımdır ki, qoz yarpaqları ilə müalicə qanıın qatılığını artırır.

Yüksək və aşağı arterial təzyiqi normallaşdırmaq və ürək əzələlərini möhkəmlətmək üçün 10 ədəd qoz qabıqlarını arakəsmələri ilə birlikdə 500 ml suda 30 dəq. qaynatmaq. Yeməkdən 30 dəq. qabaq gündə 3 dəfə içməklə bu məhlul 3 günə bəs etməlidir. Müalicə kursu 9 gündür.

Kim ki qüvvəsini iki dəfə artırmaq istəyir, ona Makedoniyalı İskəndərin səhər yeməyi məsləhət görülür: bərabər miqdarda sürtkəcdən keçirilmiş pendir, xırdalanmış qoz ləpəsi və kişmişi qatıb yemək. Bu səhər yeməyi sizə gümrahlıq verəcək, ürək əzələlərinizi möhkəmləndirəcək və əsəb sisteminizə səmərəli təsir göstərəcək.

Qoz yağının hazırlanma üsulu: 100 qr qozun ləpəsi üyüdülür (xırdalanır və üzərinə 0,5 litr təzə günəbaxan yağı əlavə edilir. Qaranlıq isti yerdə 14 gün saxlanır və tez-tez çalxalanır, süzülür və ləpə möhkəm sıxılır.


Tarix: 22.08.2012 / 02:21 Müəllif: [Ram] Baxılıb: 3169 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər