beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabran (qədim şəhər) Tarixi

Ptolomeydə (II əsr) bu şəhərin adı Sapothrenae kimi çəkilir. Onun qalıqları Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığındadır. Burada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxır.

Şabran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı çayın üstündə idi. Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur.

Şəbəran (Şaburan) vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər dənizinin sahilində yerləşirdi. Şəbəran şəhərinin qalıqları və xarabalıqları indiki Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığında, Padar-Şəbran kəndindən azca aralı aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edirlər. Görünür, Şəbəran adı (1124 ilə aid gürcü səlnaməsində qeyd olunmuş forma) onun Azərbaycanda rast gəlinən Şapur İran adı ilə bağlılığına işarədir.

İstəxrinin Qota nüsxəsində (təqribən 930-cu il) və Yaqutda deyilir ki, Xəzər dənizinin sahilində, Məsqətdən aşağıda kiçik, lakin möhkəmləndirilmiş Şəbəran şəhəri yerləşir. Onun çoxlu rustaqları (kənd nahiyələri) var. Ondan üstdə Çeşmədən (Xaçmataka Xaçmasa) rustağıdır. Onun digər tərəfində Bakı, Dərnik və Ləkzə qədər kəndlər (diyə), Cəbəl (Qafqaz sıra dağları) və Şirvan dağları yerləşir. Burada yoxa çıxmış şəhərin yeri çox dəqiq lokallaşdırılır. "Hüdud əl-aləm"ə görə (982/3-cü il) Şəvəran (Şəbəran) Şirvanın inzibati mərkəzi (qəsəbə) olub, dəniz sahilində yerləşən səfalı bir yer idi. Oradan zərgərlərin qızılın əyarının təyin olunmasında istifadə etdikləri məhək daşı (sangi mihakk) ixrac olunurdu. "Tarix-i əl-Bab"a görə, Şirvanın əsas gəlirini Şəbəran və onun kəndlərindən, habelə Bakının neft quyularından və duz mədənlərindən yığılan vergilər təşkil edirdi. Müqəddəsi sonra Şəbəranın adını çəkir. "Şəbəran qalasız yerdir. Əhalisinin əksəriyyəti xristiandır, sərhəddədir. X əsrin ikinci yarısında Şəbəran və ətrafındakı kəndlər varlı və münbit yerlər idi. Əl-Bab əmiri h.357 (968)-ci ildə oradan saysız-hesabsız qənimət aparmışdı.

"Tarix-i əl-Bab"da Şirvanşah Əbu Nəsrin h.392 (1002)-ci ildə əl-Bab əmirinin qardaşını həbsdə saxladığı Şəbəran qalasının adı çəkilir. Şəbəran şəhəri indiki Qubadın cənuba doğru axan eyniadlı çayın sahilində idi. Ehtimal ki, Şəbəran üç Şirvan nahiyəsindən biri olan Xursanın inzibati mərkəzi olmuşdur. Burada şüşə bilərziklər, çoxlu miqdarda şirli və şirsiz saxsı qab qırıntıları və kürə aşkara çıxarılmışdır ki, bu da sənətkarlığın inkişafından xəbər verir. "Tarix-i əl-Bab"ın verdiyi xəbərə görə, Şəbəran şəhərinin divarını h.373 (983)-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd çəkdirmişdir. XI əsrdə Şirvanşahların ailə məqbərəsi Şəbəranda olmuşdur. H.418 (1027)-ci ildə ölmüş Yezid ibn Əhməd və onun h.459 (1067)-cu ildə Gülüstanda (Şamaxı yaxınlığında) ölmüş qızı Şəmkuyyə burada dəfn edilmişdir. Ehtimal ki, Şamaxı böyüyənədək Şirvanın paytaxtı olmuşdur.

XVIII əsrin sonlarında Şəbəran ərazisində olmuş Biberşteyn yazır: "Vaxtilə mühüm şəhər olub, indi isə yalnız xarabalıqları qalmış Şəbəran şəhəri düzənlikdə onun adını daşıyan çayın sol sahilində yerləşmişdir".

Hələ 1254-cü ildə Cənubi Qafqaz yolu ilə Monqolustandan qayıdarkən Şəbəranda olmuş fransız rahibi Rubruk burada xeyli yəhudi yaşadığını göstərmişdir. Rubrukun sözlərinə görə, onlar çox halda Şəbəranla Şamaxı arasındakı dağ qalalarında məskən salmışdılar. Şəbəranın adı Teymurun yürüşləri təsvir edilərkən də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa yürüşdən qayıdan Teymuru bu səfərdə müşayiət edən Şirvanşah Şeyx İbrahim bu şəhərdə onun şərəfinə ziyafət vermişdi.


Tarix: 28.01.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Ümumi