beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Batum konfransı

Batum konfransı — 11 may-4 iyun 1918-ci il tarixlərində Osmanlı və Zaqafqaziya seymi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans. 45 nəfərlik Cənubi Qafqaz nümayəndə heyətinə Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq edirdi.

Nümayəndəliyin həlledici səsə malik 6 üzvü arasında Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski də vardı. Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşa və b. da daxil idilər. Almaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa qatılmışdı.

Cəmi bir rəsmi toplantısı keçirilən konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini müzakirəyə çıxardı. Osmanlı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz nümayəndəliyində fikir ayrılıqları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə meyllənmənin qüvvətlənməsi baş verdi.

Azərbaycandan olan təmsilçilər Osmanlı layihəsini dəstəklədilər. Çünki onlar ermənilərin də yaşadıqları bəzi ərazilərin (Axalkalaki və Ahısqa qəzalarının bütünlüklə, Sürməli, Aleksandropol, Eçmiədzin qəzalarının isə müəyyən hissələrinin) Osmanlı dövlətinə güzəştə gedilməsinin Cənubi Qafqazda Azərbaycanın mövqelərini qüvvətləndirəcəyi qənaətində idilər. Qafqaz türklərinin yaşadıqları müxtəlif ərazilərdən Osmanlı dövləti ilə birləşməyə dair çağırışlar, azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlar, Bakı Xalq Komissarları Soveti qoşunlarının Gəncəyə yürüşünün qarşısının alınması zərurəti, nəhayət, Türkiyəyə meylli siyasət də Xəlil bəyin mövqeyinin dəstəklənməsində rol oynadı.

Bu dövrdə Almaniya-Osmanlı münasibətlərində özünü göstərən gərginliyə ümid bağlayan ermənilər və gürcülər Almaniya nümayəndəliyinin konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş diplomatik gedişlərə əl atdılar. Bu, Cənubi Qafqaz nümayəndəliyinin Xəlil bəyin layihəsi müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi Qafqazın müqaviləni yalnız Türkiyə ilə deyil, Dördlər İttifaqının (Mərkəzin) digər dövlətləri ilə də bağlaması təklifi və s. Almaniyanın maraqları baxımından cəlbedici idi. Çünki bu halda, birincisi, Ənvər paşanın Şərq siyasəti hər vasitə ilə əngəllənər, ikincisi, Şimali Qafqazı Almaniyaya tabe etmək imkanı yaranar, üçüncüsü, Gürcüstanda Almaniyanın təsiri qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi.

Bir sıra ciddi səbəb və amillər Batum konfransında, daha sonra isə Zaqafqaziya seymində siyasi qarşıdurmanı sürətləndirdi: Cənubi Qafqaz nümayəndəliyinin təklifləri Osmanlı sülh heyəti tərəfindən rədd edildi; Osmanlı hərbi hissələri Ermənistanın içərilərinə doğru irəlilədi; Xəlil bəy alman vasitəçiliyindən imtina etdi və Almaniya nümayəndəliyi (fon Lossov) Batumdan çıxdı; müsəlman fraksiyası Zaqafqaziya hökumətinin bolşeviklərin Bakıdan çıxarılması üçün tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərəfi mayın 26-da konfransa memorandum (ultimatum) təqdim etdi.

Bütün bunlar Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələyə keçidin yaxınlaşdığını göstərirdi. Vəziyyətdən çıxış yolları arayan tərəflər vahid dövlət şəklində birləşmək imkanlarının tükənməsində həmrəy idilər. Bu şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı. Gürcülər, artıq, almanların himayəsində ayrıca gürcü dövləti yaratmaq qənaətinə gəlmişdilər.

Dövlətçiliyə və xarici ölkələrin himayəsinə fərqli baxışların gerçekləşməsi Zaqafqaziya seymi və hökumətinin dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaranması ilə nəticələndi. Yeni siyasi durum Batum konfransının yarımçıq qalması təhlükəsini yaratdı. Lakin müsəlman fraksiyasının Batum danışıqlarının davam etdirilməsinə dair qərarın (27 may 1918) digər tərəflərin dəstəkləməsi konfransı uğursuzluqdan xilas etdi.

Yeni yaranmış Cənubi Qafqaz cümhuriyyətləri Batum danışıqlarının davam etdirilməsi ilə razılaşdılar. Danışıqlar 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr bağlanması ilə yekunlaşdı. Batum müqavilələri ilə Osmanlı dövləti, Brest-Litovsk sülhünə zidd olmasına baxmayaraq, 1828-ci il sərhədlərini bərpa etdi.

Konfransın Azərbaycan Xalq Cümhuriyyətii üçün mühüm nəticəsi oldu. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda ikitərəfli müqavilə bağlandı. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək oldu.


Tarix: 07.01.2015 / 19:04 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Ümumi