Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Girdiman knyazlığı

Girdiman knyazlığı — Albaniyanın Girdiman vilayətində knyazlıq

VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.

591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə - IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar. Məlum ideyanı irəli sürən müəlliflər Mehranilər sülaləsinin banisi Mehranın (570-590) Sasani şahı II Xosrova qohum olduğuna işarə vurmaqla bu sülaləni farsmənşəli hesab etmişlər. Məsələ ondadır ki, Mehranilər sülaləsi zaman-zaman gah Bizans, gah da türk meylli siyasət yürütmüşlər. Ən əsası isə Girdman knyazlığının qədim oğuz yurdu – Albaniyada yaranmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi burada yaşayan əhalinin əsas hissəsini-nüvəsini Azərbaycan türkləri təşkil etdiyinə görə Girdiman knyazlığını yaradanların fars olduğunu düşünmək düzgün olmazdı.

Yarandığı ilk zamanlarda knyazlıq kiçik ərazini əhatə etsə də, sonralar – Mehranilərin ən görkəmli nümayəndəsi Cavanşirin (642-681) hakimiyyəti illərində genişlənərək İberiya (Gürcüstan) sərhədlərindən Araz çayına və Dərbəndə qədər çatırdı.Mülahizələrə görə Girdiman qalasını Mehranın nəticəsi cəsur Vardan (600-615) tikmişdir. Qeyd edək ki, VII yüzilliyin əvvəllərində Azərbaycan şimaldan gələn xəzərlərin, ortalarına yaxın isə cənubdan ildırımsürətli ərəblərin hücumlarına məruz qalırdı. Girdiman hökmdarı Varaz Qriqorun oğlu Cavanşir təlatümlü belə bir dövrdə taxt-tacı qəbul etməli oldu. Cavanşir dövrünün uzaqgörən dövlət xadimi, səriştəli, qorxubilməz bir sərkərdə idi. Ərəb-Sasani müharibələrində Sasanilər tərəfində vuruşaraq qəhrəmanlıqlar göstərmiş, 636-cı ildə baş vermiş Kadisiyyə döyüşündə şücaətlə seçilmişdi. Hətta sasani şahı II Yezdəgerd ona qiymətli hədiyyələr – qızıl kəmər, qızıl dəstəkli qılınc vermiş, başına gözəl qızıl tac qoymuşdu.

Lakin bütün bunlara baxmayaraq, Mehranilər sülaləsi daim inadlı bir şəkildə Albaniyanın müstəqilliyi siyasətini yeridirdi. Digər tərəfdən, Cavanşir siyasi hadisələri düzgün qiymətləndirməyi bacardığından Sasanilərin hakimiyyət günəşinin qürub etdiyini, dünyanın siyasi xəritəsində yeni bir dövlət - ərəb xilafəti yaradan ərəblərin bəxt ulduzunun parladığını anlayırdı. Albaniyanın siyasi müstəqililyini özünün həyat kredosuna çevirmiş Cavanşirin 638-ci ildə ərəblərin Ktesifonu mühasirəyə aldığı zaman 6 ay sasanilərin tərəfində Ktesifonun müdafiəsində ərəblərə qarşı vuruşması siyasi müttəfiqlik səbəbindən idi. Ərəblərə qarşı vuruşmağın faydasız olduğunu dərk edən Cavanşir 640-cı ildə Girdimana-Albaniyaya qayıtmağa məcbur olur. Hakimliyin ilk mərkəzi-iqamətgahı Girdiman qalası artıq tələbləri ödəmədiyinə görə Cavanşir paytaxtı Partav-Bərdə şəhərinə köçürdü. Bununla da, o, hakimiyyətini daha geniş ərazilərə yaymağa nail oldu. Məlum olduğu kimi, şimaldan xəzərlərin hücumunun ardı-arası kəsilmirdi. 662-664-cü illərdə xəzərlər Albaniyaya soxularaq Albaniyanın sərvətini qarət etdilər, xeyli sakini əsir apardılar. Xəzərlərin dağıdıcı yürüşlərinin qarşısını almaq məqsədilə Cavanşir xəzərlərlə sülh bağlamağa məcbur oldu. O, bu sülhü "diplomatik nikah"la möhkəmləndirdi – Xəzər xaqanının qızıyla evləndi. Cavanşir eyni zamanda Bizans imperatoru II Konstantinlə 654-660-cı illərdə siyasi müttəfiqliyə dair müqavilələr imzalamışdı. Lakin Bizansın zəifliyi, özünü ərəblərdən güclə qoruması Girdiman-Alban hökmdarı Cavanşirə güclü tərəfdaş zərurətini anladırdı. Göstərilən nüansları nəzərə alan Cavanşir 667-670-ci illərdə ərəb xilafətinin paytaxtı Şama (Dəməşqə) səfər edərək, xəlifə Müaviyə ilə görüşmüşdü. Bu səfərlər Albaniyanüın daxili müstəqilliyinin saxlanması şərtilə ərəb xilafətindən asılılığı qəbul etməklə sonuclanmışdı. Bununla yanaşı, Cavanşir Albaniyadan Xilafət xəzinəsinə axan vergilərin üçdə birinə qədər azaldılmasına nail olmuşdu. Başqa sözlə, Albaniya seriyası müstəqilliyini saxlamaqla, xilafətdən nominal asılılığı qəbul etmişdi. Yəni, Cavanşir Albaniyanın qeyri-məhdud hakimiyyətə malik hökmdarı olmaqla, xilafət xəzinəsinə yalnız vergi ödəyirdi. Albaniyada Bizanspərəst feodalların Cavanşirin yeritdiyi siyasətdən narazılıqları onları sui-qəsdə sövq etdi. Məhz həmin Bizanspərəst qüvvələrin səyi nəticəsində Cavanşir 681-ci ildə qətlə yetirildi. Hakimiyyət Cavanşirin qardaşı oğlu Varaz Tiridatın əlinə keçdi. Varaz Tiridatın hakimiyyətə gəlişi, Albaniyaya Xəzərlərin hücumu ilə eyni vaxta təsadüf edir. Kürəkəninin öldürülməsini bəhanə edən. Xəzər xaqanı Alp İlitver Albaniyaya hücum edərək, genişmiqyaslı talançılıqla məşğul olur. Varaz Tiridat xəzərlərlə danışıq aparıb sülh bağlayır. Lakin, Bizans imperiyası ilə münasibətlər dözülməz həddə olduğundan Varaz Tiridat imperatorla danışmaq üçün 699-cü ildə Konstantinopola getmək qərarına gəlir. Varaz Tiridat o qədər səbatsız hökmdar idi ki, onu xilafətlə əlaqədə günahlandırıb, 705-ci ilədək Bizansın paytaxtında Zindanda saxlayırlar. 705-ci ildə Albaniyaya qayıdan Varaz-Firidat yalnız ərəblərə xərac verərək xəlifənin tabeçiliyini qəbul etsə də, ölkənin ərəblər tərəfindən işğalının qarşısını ala bilmədi. Mehranilər sülaləsinin bütün nümayəndələri ərəb ordularının başında Cənubi Qafqaza gəlmiş ərəb sərkərdəsi tərəfindən həbs olunaraq Xilafətin mərkəzinə - Şama göndərilmiş, orada gizli surətdə xilafətin əmrilə edam olunmuşdular. Mehranilər sülaləsinə son qoyulmaqla Albaniya daxili müstəqilliyini itirdi, ölkənin idarə olunması isə xəlifə tərəfindən təyin olunmuş canişinlərə tapşırdı. Bununla da, 705-ci ildə Albaniya dövlət kimi siyasi səhnədən silindi. Girdiman knyazlığı Azərbaycanın ilk feodal dövləti olmaqla yanaşı, IX əsrdə yaranmış sonrakı Azərbaycan dövlətləri üçün təməl rolunu oynamışdı.


Tarix: 08.01.2015 / 01:11 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Ümumi
loading...