beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərur döyüşü

Tarixi
1500-cü ilin sonunda Şirvanda Gülüstan qalasından bir qədər aralı Cabanı adlı yerdə Şirvanşah Fərrux Yasara qalib gələn, 1501-ci ilin yazın da isə, Bakını tutan İsmayıl Səfəvi Gülüstan qalasını hələ də mühasirədə saxlayarkən, Ağqoyunlu Əlvənd Mirzənin böyük bir qoşunla onun üstünə gəldiyindən xəbər tutur. İsmayıl təcili qaydada mühasirəni götürüb, Əlvənd Mirzənin ordusunu Şirvana buraxmamaq üçün tədbirlər gördü və Naxçıvana doğru hərəkət etdi. Kür çayını keçmək niyyəti baş tutmayan Əlvənd Mirzə İsmayıla məktub göndərib, Şirvana qayıtmağı və həmin vilayəti idarə etməklə kifayətlənməyi tələb etsə də, rədd cavabı aldı. Belə olduqda, o, Naxçıvandan çıxıb şm.-q.-ə doğru getdi və Şərur düzündə dayanaraq qəti döyüşə hazırlaşmağa başladı. İsmayıl Arazın cənub sahili boyunca hərəkət edərək, Naxçıvan bölgəsində çayı keçdi və düşməni qarşılamağa tələsdi. Tarixi qaynaqlara görə, ağqoyunluların 30 minlik, qızıl başların isə 7 minlik ordusu var idi.

1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş baş verdi. Döyüşdə İsmayıl yüksək sərkərdəlik məharəti və hünər nümayiş etdirərək, ağqoyunlu sərkərdələrinin bir neçəsini şəxsən qılıncdan keçirdi. Öz sərkərdələrinin başlarını qızılbaşların nizələrində görən ağqoyunlu qoşunları vahiməiçərisində qaçmağa başladılar. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər. Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan edərək Azərbaycan Səfəvilər dövlətinin əsasını qoydu.


Tarix: 22.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Ümumi