beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev sənətkarlığı

Eneolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal sahələri inkişaf edir. Burma və cilalanma texnikası tətbiq olunur. Ağacişləmə sənətinin inkişafı ilə əlaqədar daş baltaların cilalanması və itilənməsi geniş yayılır. Daş baltalar vasitəsilə toxa və bir çox başqa alətlərə sap hazırlanırdı. Daş toppuzların cilalanması və onlarda dəstək yerinin deşilməsi təcrübə və ustalıq vərdişi tələb edirdi. Ağstafanın Aşağı Göycəli kəndində Töyrətəpə eneolit yaşayış yerində bir otaqda döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı tapılmışdır. Oradaca doqquz sümük toxa, maral buynuzundan ikideşikli boru, sümük qaşıq, beşdişli oraq, iki dən daşı və qaşıqvari sümük əşya var idi. Bu otaq, çox güman ki, sümük və başqa məmulat hazırlanan emalatxana olmuşdur. Dəri işləmə və dəri məmulatı hazırlama peşəsi də inkişaf etməkdə idi. Bir qayda olaraq dövrün yaşayış yerlərində külli miqdarda sümük bizlər tapılır. Bunlar isə dəridən paltar, ayaqqabı və başqa əşyaların geniş istehsalını sübut edir. Əliköməktəpədən tapılan boğazlı çəkmə formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə imkan verir.

Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına və çox zərif parça izlərinə rast gəlinmişdir.

Eneolit dövrü əhalisi daha çox qamışdan həsir, səbət və başqa məmulat hazırlayırdı. Evlərin döşəmələrində tez-tez həsir qalıqlarına rast gəlinir. Bəzən ölülərin də həsirə bükülməsi halları müşahidə olunmuşdur. Oturacaqlarında toxuma izləri qalmış gil qablara AZərbaycanın bir sıra rayonlarında rast gəlinmişdir. İstehsaledici təsərrüfatın yaranma və inkişafı dövründə ev sənətkarlığında dulusçuluq xüsusi yer tuturdu. Əhalinin artmaqda olan tələbatı gil qab istehsalını çoxaltmaq zərurətini doğururdu, bu isə təbii olaraq xüsusi dulus kürələrinin hazırlanmasına səbəb olurdu. Belə kürələrin qalıqları I Kültəpədə, Şomutəpədə, İlanlıtəpədə, Əliköməktəpədə, Çalağantəpədə aşkar olunmuşdur.İkiyaruslu kürələrin varlığı da müəyyən edilmişdir.Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda isə gil qablar qoyulurdu. Yanacaq kamerasının külfələri və damındakı gözlər vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq, həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi. Qablar əldə hazırlanırdı, formaca onlar məhdud, əsasən, qalındivarlı, kobud işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. Yalnız Əliköməktəpə yaşayış yerində adi qulpları olan kuzələr əldə edilmişdir.

Şərqi Zaqafqaziya dulusçuluq sənətində iki müstəqil zonaya ayrılır. Onlardan biri Kür vadisini, onun orta axınını, o biri isə cənub düzən rayonlarını əhatə edir. Kür vadisinin qabları bir qayda olaraq qısa dabanlı, rəngləri tutqun, qonur, üzərləri yüngülcə sığallı və yapma konusvari, qabarıq yapma xətlər və fiqurlarla bəzədilmişdir. Gilin tərkibinə qum, daş və saxsı xəkəsi qatılmışdır. Zaqafqaziyanın cənub rayonlarının saxsı məmulatı isə geniş oturacaqlı, açıq qırmızı rəngli, gilində bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən yapma bəzəklərə rast gəlinir. Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin dulusçuları yüksək ustalığa nail olub, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz yaşayış yerindən əldə edilmişdir.

Eramızdan əvvəl IV minilliyin birinci yarısında gil qabların hazırlanmasında fırlanan primitiv dəzgahdan istifadə olunması Azərbaycanın dulusçu sənətkarlığında tamamilə yeni mərhələ idi. Qablar yüksək keyfiyyəti, çox müxtəlifliyi ilə seçilir. Ağdam rayonunda Leylatəpə yaşayış yerindən alınan məlumata görə, bu dövrün qabları dairəvi planlı ikiyaruslu dulus kürələrində bişirilirdi. Eneolit dövrünün daha qədim yaşayış yerlərinin dulus kürələri isə uzunsov oval formada olmuşdur. Zaqafqaziyanın Eneolit dövrü əhalisinin metalla tanışlığı barədə tapılmış mis əşyalara görə mühakimə yürütmək olar.

Qazax rayonunun Qarğalartəpəsi yaşayış yerindən mis lövhədən hazırlanmış muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir. Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki muncuq və üç naməlum əşya qırığı əldə edilmişdir. Leylatəpə yaşayış yerindən isə daha çox metal, o cümlədən mismərgmüşnikel qatışıqlı əşya, ən başlıcası isə, Qafqazda metal əritməyə aid ən qədim maddi qalıqlar tapılmışdır.


Tarix: 07.01.2015 / 17:41 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Ümumi