beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik çarlıqlar dövrü

Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911-891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883-859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara "ölkəsinin" Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.

E. ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir.[105] Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı "çar şəhəri" Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.

İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb getmişdir. Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi. Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakıvə mülkiyyəti", çoxlu "mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir. Ameka çarlığında şəhər-qalalardan əlavə, "çar" şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş professional sənətlər göstərir ki, Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir. II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya Mazamua adlandırırlar. Vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi (Zamua sa bitani).

Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823-810-cu illər) kitabəsində Mekdiara formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya qarşı mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821-820-ci illərdə apardığı hərbi yürüşlər zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir. E. ə. IX əsrdə Urmiyayanı rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e. ə. 890-894-cü il) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.

Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş "ölkələri" ilə birlikdə assurlara bac verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar130. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.

IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı. Yuxarıda adı çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi; məğlubiyyətə uğrayır və ondan asılı vəziyyətə düşürdü. Lakin, onların aşşurlulara qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi — Aşşur mənbələri rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir. Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e. ə. I minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm olduğunu göstərir.

Həsənludan qazıntılar zamanı tapılmış əşyaların tipoloji müqayisəsi, həmçinin radio-karbon təhlil qədim qalada binaların əksəriyyətinin təqribən e. ə. 1000-ci ildə tikildiyini göstərir. Həsənluda aşkar edilmiş şəhər mixi yazılı mənbələrdə adı çəkilən şəhərlərdən hələ heç biri ilə eyniləşdirilmir. Lakin qazıntılar həmin dövrdə göstərilən ərazidə yüksək tikinti texnikasına və sənətkarlıq istehsalına malik olan möhtəşəm şəhər-qalanın mövcudluğunu — bu ərazinin mədəni-iqtisadi cəhətdən xeyli inkişaf etdiyini söyləməyə imkan verir. Arxeoloji tapıntıların, mixi yazılı mənbələrin məlumatları ilə müqayisəsi Urmiyayanı əyalətlərdə erkən dövlət qurumlarının hələ çox əvvəllər təşəkkül tapdığını göstərir.


Tarix: 27.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Ümumi