beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quba soyqırımı Arxeoloqların fikri

"Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq". Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib.
"Qubada tədqiqat aparan ekspedisiyanın yekun arayışı bu gün instituta təqdim olunub. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyib".
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova deyib. M. Rəhimovanın bildirdiyinə görə, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.

"Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir". Bu sözləri isə APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev deyib.
Ə. Əliyevin bildirdiyinə görə, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. "Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb", - deyən Ə. Əliyev nəticələrin yerli təşkilatlara təqdim olunduğunu bildirib.

Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: "Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər". Ə. Əliyev elmi ekspedisiyanın fəaliyyətinin başa çatdığını, məsələ ilə bağlı dövlət komissiyasının yaranmasının zəruri olduğunu bildirib.


Tarix: 13.01.2015 / 15:52 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Ümumi