beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kür çayı sahilində döyüş

Qney Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı. Tit Livi yazırdı:

"Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə qələbə çaldı".

Plutarx isə xəbər verir ki,

"albanlar əvvəlcə Pompeyin onların ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."Pompey bu yürüş zamanı Ermənistandan Sevan gölünün yanı və Dilican dərəsindən keçərək Qazax və Ağstafa tərəfə uzanan yeganə rahat ticarət yolu ilə hərəkət edirdi. Anait məbədinin yaxınlığı romalılara bir çox cəhətdən sərfəli idi. Qismən ona görə ki, müxtəlif əyləncələrlə müşayiət edilən Roma bayramları yaxınlaşırdı. Albanlar əvvəlcə Roma sərkərdəsinə yol verməyə razı oldular. Lakin dekabr ayında qeyd edilən Kron (Saturn) bayramı başlandıqda, azı 40000 alban çağırılmamış qonaqların üzərinə hücum etdi.



Bu zaman alban hökmdarı Oroys idi. Ondan əvvəlki alban hökmdarlarının adları məlum deyildir. Düşünmək olar ki, Oroys Qafqaz xalqları ilə həmrəylik naminə romalıların VI Mitridata qarşı hərəkətinə maneçilik törətmək istəmişdi, həm də Albaniyanı romalıların işğal etməsi təhlükəsi yarana bilərdi. Oroysun bayram günü Roma ordusuna hücumu təsadüfi deyildi. O, romalıların tətbiq etdiyi gözlənilməz və qəfil hücum taktikasını onlara qarşı işlədirdi. Lakin Oroysun közlənilməz həmləsi pis təşkil olunmuşdu. Əslində, albanların gözlənilməz hücumu baş tutmadı, çünki Pompey onların Kür çayını keçməsi barədə məlumat almış və ordunu üç hissəyə bölərək, hazır vəziyyətdə dayanmışdı. Roma dəstələrinə müvafiq surətdə Metell Keler, Luki Flakk və Pompey rəhbərlik etməli idilər. Albanlar əvvəl Kelerin və Flakkın dəstələrini təkləmək, sonra isə Pompeyə hücum etməyi qərarlaşdırdılar. Lakin Dion Kassinin məlumatına görə, Pompey albanların həmin sərkərdələrə hücum etməsi xəbərinin eşidən kimi, onların qarşısına çıxdı və gördü ki, albanlar artıq Kür çayını keçirlər. Döyüş başlandı. Oroys Metell Kelerin dəstəsinə hücumu öz üzərinə götürmüşdü. Lakin Pompey Kelerin köməyinə gəldi. Oroys döyüş təşəbbüsünü əldən verdi və Kelerin zərbələrinə məruz qaldı. Luki Flakkın vəziyyəti bir qədər çətin oldu; bu zaman Pompey birbaş Oroysa tərəf hərəkət etdi. Oroys kimi digər alban dəstələri də uğursuzluğa düçar oldular. Döyüşü uduzacağını başa düşən Oroys Kür çayını keçdi və döyüş meydanından uzaqlaşdı.Romalılar üzbəüz sahilə keçmədilər və hücum dayandırıldı . Beləliklə, E.ə. 66-cı ilin dekabr ayında romalılar ilə döyüş albanların uğursuzluğu ilə başa çatdı, Pompeylə müqavilə bağlandı.


Tarix: 10.01.2015 / 13:09 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Ümumi