beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgəran döyüşü

Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi. Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramord kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxılaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak dəstələri Azərbaycan qüvvələrinin qarşısını saxlayıb, hətta geri çəkilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmadı. Döyüşün aparılmasında partizanlara deyil, nizami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala piyada alayının, 7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayının, bir dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. Bu qüvvələrin Ağdama yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil edildi. Hücum 1920-ci il aprelin 3-də başladı. Dəqiq planlaşdırılan döyüş Azərbaycan ordusu hissələrinin qələbəsi ilə nəticələndi. İlk hücumdakı marşrut üzrə irəliləyən Azərbaycan qüvvələri daşnakların bütün müqavimətini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi. Azərbaycanın qoşun bölmələri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəmləndirilmiş məntəqələri erməni silahh dəstələrindən azad etdilər. Əsgəran döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı.


Tarix: 22.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Ümumi