beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namərdqala Memarlıq xüsusiyyətləri

Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir[4]. Qalanın bucaqlarında dairəvi biçmli möhtəşəm bürclər yüksəlir. Onun əzəmətli surətinin aparıcı elementləri bu bürclərdir.

Qala sərt dağ relyefinə uyğun olaraq içəridə iki səviyyəlidir. Üst qatda, dağın ən uca yerində planda beşbucaqlı biçimli olan içqala yerləşir. Cənubdan içqalaya ondan xeyli aşağı səviyyədə olan qalanın ikinci bölümü birləşir. Plan quruluşu və memarlıq biçimləri dağlıq yerlə birlikdə qalanın müdafiəsini olduqca dayanıqlı etmişdir.

Dağ qalaları bir qayda olaraq ətrafdakı qayalardan və çay yataqlarından gətirilən daşlardan – yerli laltı materialdan inşa edilirdi. Namərd qalanın başqa dağ qalalarından bir fərqi də ondan ibarətdir ki, onun azman memarlıq kütlələri bişmiş kərpicdən ucaldılmış, divar səthləri isə bayırdan bir sıra cilalı kərpiclə üzlənmişdir. Dağ başında kvadrat biçimli kərpicdən nəhəng tikinti işlərinin aparılması qalanı tikdirən sifarişçinin geniş imkanları olduğunu, tikintiyə böyük işçi qüvvəsinin, yüksək ixtisaslı sənətkarların cəlb edilməsini göstərir. Abidədə tikinti işlərinin keyfiyyəti də olduqca yüksəkdir.

Namərd qalanın özümlü cəhətlərindən biri də içqalanın bayır səthlərində maşikulların ikiqatlı olmasıdır. Araşdırmaçılar bunu qaladakı evlərin və bürclərin içərisindəki otaqların ikimərtəbəli olması ilə izah edirlər. Divar və bürclərin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan bu iki sıra maşikullar Namərd qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı onun görkəminə də böyük təbii gücə və təntənə gətirir.


Tarix: 10.01.2015 / 12:58 Müəllif: Feriska Baxılıb: 13 Bölmə: Ümumi