beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çobanilər dövründə qızılordalıların Azərbaycan yürüşü

1352-ci ildə Məlik Əşrəf Sulduzun zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış Qarabağ üsyanı (1343-1356) çətinliklə yatırıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh düşkünküyünə qapıldı və dövlət işləri ilə fəal məşğul olmadı. Azərbaycanda yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə buraya gələrək yerli feodalların müşayiəti ilə Təbrizə daxil oldu və Məlik Əşrəfi edam etdirdi. Bu dövrdə Şirvanşahlar Çobanilərə qarşı mübarizəni davam etdirirdilər və bu məqsədlə şimal qonşuları olan Qızıl Orda xanı ilə əlaqədə idilər. Qızıl Orda xanı Canı bəy 1357-ci ildə Şirvan ərazisini maneəsiz keçərək Təbrizə daxil olanda Şirvanşah Kavus ibn Keyqubad da Canı bəylə Təbrizə gəldi və Çobani əmiri Əşrəfin öldürülməsində yaxından iştirak etdi. Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan ərazidə Hülakuların təsirindən azad, müstəqil dövlət təsis etmədilər. Onlar bütün fəaliyyətləri dövründə Hülakular dövlətinin müdafiəsi bayrağı altında mübarizə apardılar və dövləti Hülaku şahzadələrinin (Satıbəy xatunun, Süleyman xanın, Ənuşirəvani Adilin və Həsən xanın) adından idarə etdilər. Çobanilər dövründə orta əsrlərdə Şərq dövlətlərində səltənət rəmzi hesab olunan sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil, Hülaku şahzadələrinin adından həyata keçirilirdi, fərmanlar da Hülakularin adından verilirdi. Çobanilər əməli olaraq hakimiyyəti ələ aldılar, lakin onlar qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi tanınmadılar. Məlik Əşrəfin öldürülməsi ilə Çobanlılar sülaləsinin Azərbaycanda Hülakular dövlətinin mühafizəsi uğrundakı mübarizəsi də başa çatdı və Hülakular dövləti 1357-ci ildə süqut etdi.Azərbaycanda hakimiyyəti ələ almış Canı bəy oğlu Bərdi bəyi Təbrizdə taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə qaldı və atasının xəstələndiyini eşidib Qızıl Orda dövlətinə qayıtdı.


Tarix: 22.01.2015 / 16:25 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Ümumi