beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kür Döyüşünün gedişi

Kəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa yollandı. Sonra o, Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən İbrahim Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Seyid Əhməd Orlat və gürcü hökmdarı I Konstantinlə ittifaqda on iki minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. İbrahim əvvəllər də gürcü hökmdarı ilə dostluq münasibətləri saxlayırdı və onunla müttəfiq idi. Qələbə çalacağına əmin olan Qara Yusif böyük qoşunla, soyurqal və hədiyyələr bağışladığı vassalları - Cənubi Azərbaycanın iri feodalları ilə birlikdə çıxış etdi.

Şeyx İbrahim Kür sahilində düşərgə saldı. Vuruşma h.815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4 dək) oldu. Qara Yusifin qüvvələri Şirvanşahın, gürcü hökmdarının və şəkili Seyid Əhməd Orlatın birləşmiş qoşunlarının qüvvəsindən xeyli üstün idi. Vuruşma zamanı müttəfiq qoşunlarının son dərəcə mərdliklə döyüşməsinə baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayıb gürcü silahlı qüvvələrinə tərəf çəkilərək onlarla birləşdi. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü.


Tarix: 22.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi