beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxuduğunu bil, bildiyini anla, anladığını yaşa...

Hələ uşaqlıq illərindən bəri həmişə bir şeyi müşahidə eləmişəm ki, biz ya hansısa imtahan üçün oxuyuruq, ya da elə-belə vaxt öldürmək üçün.

Ona görə də çox zaman oxuduqlarımızı elə çöldən alıb, çöldən də yola salırıq. Bəlkə də, bəzi kitabları bizə tələbəlik illərində məcburi oxutduqları üçün bizdə oxu, oyrən, dərk et belə vərdiş yaranır. Amma iş orasındadır ki, Şərqin tanınmış mütəfəkkirlərini də elə həmin münasibətlə, həmin düşüncə ilə vərəqləyirik. Aşura günü baş yarmaq, zəncir vurmaq çoxumuz üçün adi haldır. Hamımız da özümüzü İmam Hüseyn aşiqi hesab eləyirik. Amma həyatımıza baxanda tamam fərqli mənzərə görürük. Çünki insan sevdiyinə bənzəməyə çalışar, sevdiyini də gərək yaxşı tanıyasan. Biz isə ya tanıya bilmirik, sevə bilmirik, ya da bənzəmək istəmirik. İmam Hüseyn aşiqi olan gərək yalan danışmasın, yaltaqlanmasın, haqsızın önünə keçib yolunu kəssin, xeyirxahlıqdan, yaxşılıqdan başqa bir şey düşünməsin, ədaləti bərpa eləmək üçün başından keçə bilsin… Bütün bunları düşünəndə özümdən utanıram. onu da etiraf edək ki, ümumiyyətlə klassik ədəbiyyatımız bizə doğru-düzgün tədris və təbliğ edilməyib. Sovet təbliğatı aparatından keçirilərək sosialist realizmi yağında qovrulan mütəfəkkirlərimizin döş cibinə partiya bileti olmasa da ən azı komsomol bileti soxublar. Üstəlik də, Nizami, Xaqani kimi sənətkarların əsərləri dilimizə çevrilərkən çox ciddi xətalara yol verilib, Füzuli haqqında bu zamana qədər qəbul olunmuş tezislər gerçəyi əks etdirmir. Etiraf edək ki, bu gün ölkəmizdə Nizamini, Füzulini tam demirəm, əslinə yaxın bilənləri barmaqla saymaq olar.
Bir məsələni unuduruq ki, oxumaqda əsas məqsəd mənən zənginləşmək olmalıdır, istər şeir oxuyaq, istər həndəsə. Amma iş orasındadır ki, bəzən nəyi və niyə oxuduğumuzu da bilmirik. Nə isə…
Mövlananın “Məsnəvi“si 700 ildən artıq bir müddət ərzində məktəb və mədrəsələrdə tədris edilib. Dinimizi başa salmaq üçün yeri gəldikcə bu möhtəşəm əsərdəki misallardan, deyimlərdən istifadə edilib. İstər Mövlana, istər Nizami, istər Yunus Əmrə, istər Füzuli, istər Sədi Şirazi, istərsə də burada adını çəkə bilmədiyimiz neçə-neçə mütəfəkkir yazmağa “Bismillah“ deyərək başlayıb. Hamısı da irihəcmli əsərlərini minacatla (Allah-Təalanın (c.c.) tərifi) ilə başlayıb, nətlə (Həzrəti-Məhəmmədin (s.ə.s.) tərifi) davam edəndən sonra mətləbə keçiblər. Demək olar ki, İslam Şərqində əsrlər boyunca bu ənənə pozulmaz qanun kimi mövcud olub.
Mövlana isə bütün yazdıqlarında insanlara sevgi öyrədib. Onun üçün sevgi bir xanıma ünvanlanmış xoş duyğu deyil, yaradılmışın Yaradana can atmasıdır. Həm də bu sevgi elə duyğulu, elə coşquludur ki, gərək hər şeyini unudub özünü bu selin içinə atasan ki, təşnəsi olduğun sonsuz ümmana qovuşa biləsən. Mövlanaya görə, yaradılanın Yaradana qovuşması üçün öz “mən“ini unutmalı, yaradanın iradəsinə təslim olmalıdır. Həm də hər kəs təslim ola bildiyi nisbətdə azad olur, yüksəlir, Haqqa qovuşur. İnsan gərək şəkər suda əriyən kimi İlahi sevgidə əriyib yox olsun. Hər kəslə Allah arasında bircə maneə var: mənimlə Allah arasındakı maneə mənəm, səninlə Allah arasındakı maneə sənsən… Mən “mən“dən, sən “sən“dən vaz kəçə bilsək, Allaha qovuşa bilərik, üstəlik də, biz Allahda qovuşa bilərik. Əgər sən bütün ruhunu, düşüncələrini, qəlbini tərtəmiz boşaldıb, nəfsinin istəklərindən təmizləyə bilsən, səhralara yağan yağmur kimi İlahi sevgi bütün ruhunu, könlünü doldurar, doyurar. İnsan nə halda olursa-olsun, gərək Allahdan ümidini kəsməyə, tövbə qalxanını əlindən yerə qoymaya. Gərək unutmaya ki, onun günahları Allah-Təalanın mərhəməti qarşısında yox sayılacaq qədər kiçikdir.
Bəli, bura qədər Mövlana dünyagörüşünün konturları ilə bir qədər qüsurlu da olsa oxucularımızı tanış etmək istədik. İnsanı xarakterizə edən əsas cəhət onun boy-buxunu, sifətinin cizgiləri deyil, hansı duyğularla yaşaması, hansı məqsəd uğrunda nəfəs tükətməsidir. Yəni söhbət Mövlananı sevməkdən və ona bənzəməkdən gedirsə, gərək hər birimiz onun yaşadığı mənəvi iqlimə daxil olmağa, onun udduğu havanı ciyərlərimizə çəkməyə çalışaq. Bunun üçün çox işlər görülməlidir. Son onilliklərdə ölkəmizdə həm Nizami, həm də Füzuli yubileyləri keçirilib. Amma üzülərək söyləyim ki, bu yubileylərdən hər hansı birində yubilyarın doğru-düzgün, olduğu kimi tanınması üçün mühüm işlər görüldüyünü iddia etmək mümkün deyil. Yəni çox işlər görülməlidir. Məsələ təkcə klassik əsərləri naqis bir tərcümə ilə çap edib yaymaqla bitmir, ən doğru izahlar, ensiklopedik lüğətlər hazırlanmalıdır. İstər Füzuli, istər Nizami, istərsə də Mövlana əsərlərindəki hər hansı ifadənin, deyimin hansı həqisi-şərifdən və ya ayədən gəldiyini göstərmək və mövzu ətrafında geniş bilgi vermək lazımdır. Bu işdə biliyi, qabiliyyəti çatan hər kəs əlindən gələni ortaya qoymalıdır, yəni hərəmiz bir az da olsa Mövlana olmalıyıq. Haqqında danışdığımız əsərlər oxuyub faydalanmaq, öyrəndiklərimizi yaşamaq üçün, mənən gözəlləşmək, ucalmaq üçündür. Bu sahədə Mövlananın əsərləri əsrlərin sınağından çıxmış mənbədir. Ona görə də bu böyük mütəfəkkirin ölkəmizdə təbliği üçün əlaqədar təşkilatlar, xüsusilə də, akademiyamız mühüm işlər görməlidir.


Tarix: 27.11.2014 / 12:27 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Ümumi Psixologiya