beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərdab...

Zərdab rayon kimi 1935-ci ildə yaradılıb, Kür çayı sahilində, Şirvan düzündə yerləşir. Səthi düzənlik olan rayon ərazisinin çox hissəsi okean səviyyəsindən aşaıdadır. Burada neft-qaz yataqları aşkar edilib. Qışı mülayim, yayı quraq və quru çöl iqlimi xarakterikdir. Insanı haldan salan isti havası ilə yadda qalan Zərdabda yay aylarında temperatur müsbət 45 dərəcəyə qədər yüksəlir. Yarımsəhrada bitkilər geniş yayilıb. Kur çayı boyunca 1000 ha sahədə Tuqay meşələri uzanıb gedir. Zərdab həm də Həsən Bəy Zərdabinin vətənidir.

Sovet dönəmində pambıq mövsümündə, yəni sentyabr-noyabr aylarında buralara giriş- çıxış məhdud idi. Məktəblilərdən tutmuş, digər bütün sahələrdə çalışan insanlara qədər hər kəs bir nəfər kimi pambıq yığımına göndərilirdi. Yay fəslində isə öldürücü gün işığının şüaları altında səhər saat 6-dan axşam hava qaralanadək kolxozçu qızlar yaşıl sahələrdə alaq etmək, yəni pambıq kollarının ətrafını lazımsız otlardan təmizləməklə məşğul olurdular. Çalışanların hamısı "könüllü" olaraq alaq və pambıq toplama proseslərində iştirak etməli idi. Buraya ölkənin göbəyi də deyə bilərsiniz. Hətta zarafatla Zərdabı Azərbaycanın Mozambiki də adlandırırlar. Bölgəyə nabələd olanlar bir dəfə qızmar yay istisində rayona gələndən sonra bir daha buranı əsla yaddan çıxarmırlar. Gözlərdən uzaq, sakit əyalət həyatı yaşayan Zərdabda səssizliyi pozan tək şey ağcaqanadlardır. Rayonda otel yoxdur. Kürboyu yerləşən istirahət zonası adlanan yerlər isə restoranlardan ibarətdir.

Zərdab rayonuZərdab toponimi
N. Zeydlisin "Bakı quberniyası" kitabında "zərdab" sözü "soyuq su" kimi şərh edilir. Bunu farsca "sarı su" kimi də izah edirlər. Yəni axmaz, daşqın suyundan yaranmış gölməçə anlamındadır. Həqiqətən də keçmişdə burada Türyan çayının daşqın sularından Sarısu adlanan bataqlıqlar - axmazlar əmələ gəlirdi. Bir ehtimala görə, bu ad farsca zərd - sarı və ab - su sözlərindən alınıb. Sarı, zəhərli su mənasında işlədilir. Digər varianta görə isə, zərd əti yeyilən quş mənasını verlr. Bu, daha çox məntiqə uyğundur. Çünki Tuqay meşəsi ərazisində zərd - əncirqu şu çox olub və bu səbəbdən, zaman keçdikcə quşların adı yaşayış məskəninin adına çevrilib. Daha birfərziyyə yə görə, Zərdab qızıl su mənasını verir. Kür və Qarasu çaylarının daşması nəticəsində çökəklərdə, axmazlarda qalan su əkin sahələri və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Həqiqətən, hər il öz bəndindən aşan bu sular torpaqları yuyaraq təmizləyir. Deyilənlərə görə, məhz bu təmizlik bir sıra müqəddəs insanları bu torpağa gətirib çıxarıb. Söhbət vaxtilə Zərdabda yaşamış övliya, seyid və şıxlardan gedir. O da məlumdur ki, keçmişdə ruhanilərin geyindiyi sarı əba adlı üst geyiminə "zərdəba" deyilərdi.

Tarixi

XV əsrin ortalarından məlum olan yaşayış məntəqəsı 1578-ci ilə aid Osmanlı türk mənbəsində Zərdab sancağı kimi qeyd edilib. Xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub. Kür çayında vaxtilə gəmiçiliyin inkişafı ilə əlaqədar Zərdab yaşayış məntəqəsi də sürətlə böyüyür. Kür çayının Qarabağ tayına dəvələrlə neft daşıyanlar buradakı bərədən keçiblər. 1827-ci ildən yelkənli iri gəmilər Zərdab dayanacağına yan alardı. XIX əsrin II yarısından Zərdab sürətlə kiçilməyə başlayır. Çünki 1853-cü ildən sonra bəylərin himayəsindən azad edilən kəndlilər Zərdabı tərk edir, sahilboyu bağlara çəkilirlər. XIX əsrin 60-cı illərindən burada balıqçılıq təsərrüfatda mühüm yer tutmağa başlayır. Kür çayı sahilindən başlanan şəhər düzənə doğru müxtəlif istiqamətlərdə irəliləyir, eyni zamanda, sahilboyu uzanır.

Coğrafi mövqeyinə görə, bir zamanlar Kür əlverişli keçid kimi önəmli strateji rol oynayıb. Keçmişdə səyyahlar, karvan və qoşunlar Kür çayının Zərdab ərazisindən istifadə ediblər. 1500-1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edən Şah İsmaylın başçılığı altındakı Səfəvi qoşunları indiki Zərdab ərazisindən keçərək Şamaxıya gedib. Zərdabın qədim kəndlərindən olan Əlvənd tarixən biyan kökü və qənd istehsalı ilə məşhurdur. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində göstərir ki, Ağası xan 1775-ci ildə Əlvənd kəndində oturaraq bütün Şirvanı idarə edib. Əlvənd bazarı həmin tarixlərdə Şərqin böyük bazarlarından biri sayılıb, XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olub. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək əşyaları və s. üzə çıxdı. Hazırda bunlar Zərdab Tarix-Diyarşünaslıq Muzeyində sərgilənir.

İnqilab körpüsü

Kür çayı üzərində tikilən körpü burada Aran torpaqlarını Ağcabədi rayonu, ümumən isə Qarabağla birləşdirir. Zərdab ilə Ağcabədi rayonunu birləşdirən körpü el arasında rəmzi olaraq İnqilab körpüsü adlanır. 1985-ci ildə salınan körpünün qarabağlılar və şirvanlılar üçün müstəsna əhəmiyyəti var. Çünki həmin tarixə qədər Şirvandan Qarabağa getmək çox məşəqqətli idi. Yağış yağsa, çay daşsa, əmələ gələn sel bir anda yolları yuyub-aparır, bu da dərədən keçən insanlar üçün böyük təhlükə yaradırdı.

Veysəl Qara ziyarətgahı (VII əsr)

Zərdabın ən məşhur tarixidini abidəsi Seydilər və Bıçaqçı kəndləri yaxınlığında qeydə alınıb. Müqəddəs tapınacaq yeri burada dəfn olunmuş Peyğəmbər müridi, haqq-ədalət carçısı, Həzrəti Əli yadigarı Veysəl Qəraninin adı ilə əlaqədardır. Yerli əhali buranı pir hesab edir, niyyət tutaraq nəzir verir, əziz tutur. Yerli leksikonda, hətta belə and içirlər: "Veysəl qara pirinə and olsun, Veysəl qara haqqı...".

Rəvayətə görə, 650-ci illərdə Həzrəti Əlinin başçılığı ilə ərəblər islamı yaymaq üçün Azərbaycana gəlirlər. Tu- qay meşələri yaxınlığındakı Suffin şəhərində döyüş olur. Bu ərazidə indi Zərdabın Yuxarı Seyidlər kəndi yerləşir. Deyilənlərə görə, Məhəmməd Peyğəmbərin müridi Veysəl Qərani burada şəhid olur. Həmin tarixdən onun qəbri Veysəlqara ziyarətgahına çevilir. Dini inanc və etiqadların güclü olduğu yerlərdən sayılan Zərdabda bu ziyarətgah ən çox Məhərrəm ayında zəvvarlarn axınına uğrayır.

Azərbaycan xəritəsi, Zərdab
Məşğuliyyət

Zərdablıların ən sevimli məşğuliyyəti balıq tutmaqdır. Yerli kişilərin, demək olar, hamısının qarmağı var. İşdən- kənar vaxtlarını, əsasən, balıq tutmaqla keçirirlər. Ov bərəkətli keçəndə evlərdə böyük balıq ziyafəti qurulur. Böyük Vətən müharibəsi illərində Kür çayı yerlilərin əsas çörək ağacı olub. Aclıq illərində çaydan tutulan balıqlar buraları səfalətdən qurtarıb.

Kür sahilində böyüyən zərdablılar, adətən, çox yaxşı üzgüçü olurlar. Çünki üzməyi çox iti axan "dəli" çayda öyrənirlər. Çox vaxt yayın istisində sərinləmək üçün çayı adlayıb qarşı tərəfə üzürlər. Bu zövq, sadəcə, kişilərə aiddir. Sahilboyu səpələnmiş yüzlərlə taxta qayıq sakinlərə məxsusdur. Bunlar vasitəsilə mal-qaranı qarşı tərə fə otlamağa aparır, oradakı meşələrdən ot-alaq toplayıb gətirir, yaxud da yenə qarşı tərəfdəki sahələrdə əkdikləri məhsulu daşıyırlar. Çaydakı tək paroxod isə Şahvələd kişiyə məxsusdur. Zərdabdakı ən lüks və yeganə nəqliyyat vasitəsində Kür gəzintisinə çıxmaq üçün sahibinə müraciət etmək kifayətdir.

Kürün qarşı sahili qalın meşəlik ərazidir. Bura zərdablılar Qarabağ deyirlər. 1990-cı illərə qədər burada sıx yaşıl meşə vardı. Qarabağda başlayan müharibə və onun fəsadları, SSRİ-nin dağılması nəticəsində yaranan iqtisadi böhran onunla nəticələndi ki, meşələr yanacaq və ticarət məqsədilə tamamilə qırıldı. Qarabağa aparan əsas yollardan biri isə Zərdabdan keçir.


Tarix: 09.12.2014 / 16:15 Müəllif: Aziza Baxılıb: 312 Bölmə: Ümumi Melumat