Çaydanı qazın üstünə
qoyub yataq otağına keçdi. Qapının
astanasında durub yatmış ərinə baxdı.
Fısıltısı otağı başına götürmüş kişinin
sinəsindən gələn xırıltı qadını vahiməyə salırdı. Ona elə gəlirdi ki, əri qəfil
gözlərini açıb üstünə atılacaq. Əvvəl var
gücü ilə sifətinə bir şillə endirəcək, dilini
dişlərinin arasında sıxıb yumruğunu
düyünləyəcək və aşağı endirmək
qorxusunu bir neçə sanıyə ona yaşadacaq, ancaq endirməyəcək.
Həmişə belə edirdi, sanki qadının qorxu
ilə altdan yuxarı ona baxıb var-gücü
ilə : “nə istəyirsən məndən?”- deyə
çığırmasından ləzzət alırdı. Sonra qadın
müvazinətini saxlaya bilməyib dizləri üstə yerə çökəcək. Bu dəfə də əri bir
təpik ilişdirib: “ayağa dur, artistlik
eləmə,”- deyəcək. Qadın boğula-boğula
ağlayacaq. Bütün bunları dəfələrlə
yaşayan qadının indi ən böyük arzusu
bu idi ki, əri heç vaxt yuxudan ayılmasın. O, hələ də bu adamla niyə
evləndiyinin səbəbini aydınlaşdıra
bilmirdi. Əvvəllər ona elə gəlirdi ki,
onsuz yaşaya bilməz. Evləndikdən
sonra ona olan hisslərinin heç də sevgi
olmadığını dərk etməyə başlayırdı. Bəlkə də, Qadın onu sevmişdi, ancaq
baş verənlər onun fikrilərini alt-üst edir,
yanıldığını düşünməyə məcbur olurdu.
Hər dəfə əri ilə üzbəüz oturanda
gözlərini ondan çəkmədən
düşünürdü:”Sən mənim həyatımın ən böyük səhvisən”. Gündüzlər evdə tək
qaldığından düşünməyə doyunca
imkanı olurdu. Bütün günü ürəyində
özü ilə danışdığından, hərdən ona elə
gəlirdi ki, dəli olur. Tələsik cumub
pəncərəni açır, ciyərdolusu nəfəs alır, gözlərini yumub bir qədər belə
dayandıqdan sonra özünə gəlirdi. Var
gücü ilə çığırmaqdan özünü zorla
saxlayırdı.Ərinin aradabir ona:
”xoşbəxtsən?” – deyə verdiyi sualına
verdiyi cavabın əzabını çəkirdi. Axı nə vaxta qədər yalan danışacaqdı, nə
vaxta qədər bu əttökən suala
yalandan:”hə”- deyib gözlərini
gizlədəcəkdi?!...Qadın barmaqlarının
ucunda ərinə yaxınlaşdı. Əyilib diqqətlə
üzünə baxdı. Əlindəki bıçağın dəstəyini var qüvvəsilə barmaqlarının arasında
sıxıb başı üzrərinə qaldırdı... ***Saat
beşə işləyirdi. Səhərin açılmasına az
qalırdı. Ərindən hələ də səs-soraq yox
idi. İşıqları söndürüb yatağına girdi.
Yata bilməyəcəyini bilsə də, özünü məcbur etmək istədi. Bir xeyli o tərəf-
bu tərəfə vurnuxdu. Yata bilmədi ki,
bilmədi. Ayağa qalxıb xalatını əyninə
keçirdi. Pəncərəyə yaxınlaşdı. Bayırda
darıxdırıcı sükut hökm sürürdü.
Qarşıdakı binada tək-tük evlərdən işıq gəlirdi. Yuxunun bu şirin vaxtı kim idi
oyaq? Geri, qapıya sarı boylandı. Dəhliz
qaranlıq olduğundan heç nə görə
bilmədi. Birdən bədəninə murdar bir
üşütmə gəldi. Elə bildi ki, bu qaranlıqda
kimsə qapının astanasında dayanıb ona baxır. Qarnının altından küt bir ağrı
tutdu. Bu ağrı, qorxusunu yadından
çıxardı. İki əli ilə qarnının altından tutub
taxtın qırağında oturdu. İkiqat olub
qarnını qucaqladı. Sanki evdə tək
olmadığını, bətnindəki körpənin də bu hissləri, qorxunu onunla birlikdə
yaşadığını indi başa düşdü. Elə bu vaxt
evin qapısı astadan döyüldü. Qadın
qəfildən ayağa qalxdı. Qarnının içi
göynədi. Özünü dəhlizə atdı ki, qapının
döyülməsini qonşular eşitməsin. Astadan: “Kimsən?”-dedi. Əri güclə
eşidiləcək səslə: “Mənəm,”- deyə cavab
verdi. Qadın tez qapının cəftəsini çəkdi.
Heç nə olmamış kimi özünü içəri salan
ərinə narahatlıqla: “Hardasan, -dedi, -
səhər açılır”. Əri heç halını pozmadan: “Uşaqlarla çayxanada oturmuşduq,
noolub ki?” –deyə suala sualla cavab
verdi.- Heç nə olmayıb, sadəcə səndən
nigaran idim. Dedim, görəsən, başına
nə iş gəlib.Əri birbaşa yataq otağına
keçib paltarını soyundu. Özünü guppultu ilə taxtın üstünə salıb
gözlərini yumdu, qollarını yana açaraq:
“Gəl yanıma,”-dedi. Qadın xalatını
çıxara-çıxara:- Heç soruşmursan
necəsən, səhərdən evdən çıxansan, bir
demirsən ki, birdən sancım-filan tutdu, mən neynəyəcəm?- Görürəm ki,
yaxşısan da. - Bəs birdən...- Yaxşı da, az
danış, gəl... Qadın tumbanın üstündəki
lampanı söndürüb yerinə girdi.
***Yuxudan səksənib ayıldı. Yuxulu-
yuxulu əlini ərinin yastığına atdı. Əri elə yatmışdı ki, evi söküb aparsaydılar
xəbəri omazdı. Ehmalca ayaqlarını
taxtdan aşağı salladı. Oturduğu yerdə
dartındı. Bütün bədəni sızıldayırdı. Bir
yandan yuxusuzluq, bir yandan
bədəninin ağrısı onu lap əldən salırdı. Ayağa qalxmaq istədi. Əri qəfil onun
qolundan tutdu. Qadın diksindi. -
Neynirsən?- Hara gedirsən?- Hamama.-
Getmə.- Niyə?- Səni istəyirəm.- Xəbərin
var saat neçədir? - Olsun da.- Necə yəni
olsun? Birdən evə gələn oldu, dur ayağa.Əri var gücü ilə onu özünə tərəf
dartdı. Qadın onun qolları arasında çox
gücsüz olduğunu başa düşürdü. Ona
görə də müqavimət
göstərmədi.***Səhər yeməyi hazır idi.
Qadın masa arxasında oturub ərini gözləyirdi. Əri hamam xalatında başını
qurulaya-qurulaya stulu çəkib oturdu.
Qadın əlini süfrəyə uzatdı. Əri hazır
süzülüb qoyulmuş çaya, qaynar tavada
cızıltısı kəsilmək üzrə olan yumurtaya
baxıb sanki nə isə fikirləşirdi. Qadın:- Nə fikirləşirsən, başla da, - dedi.- Baş
üstə!O, iştahla yeməyə başladı. Heç biri
danışmırdı. Əri gözlərini Qadından
çəkmirdi. Qadın bu baxışların altında
artıq sıxılmağa başlayırdı. - Nə olub?-
Heç nə, nəsə olmalıdı?- Niyə elə baxırsan?- Baxıram da, baxmaq
olmaz?- .......- Gecə mənə nə deyirdin
sən? – deyə əri qəfildən soruşdu.- Nə
deyirdim ki?- Mən evə gələndə, qapıdan
içəri girən kimi nə dedin? Harda
qalmısan bu gecə vaxtı?- Başa düşmədim, soruşmağa haqqım yoxdu?
Ərim səhərə yaxın evə gəlir, dörd divar
arasnda çırpına-çırpıına qalmışam,
soruşa bilmərəm ki, hardan gəlirsən?
Bəlkə, başına bir iş gəlib...- Yox! Soruşa
bilmərsən! Haqqın yoxdu! – deyə o bağırıb əlini stola çırpdı.Qadın diksindi. -
Sənə nə olub? Heç bunu soruşanda
belə hirslənmədin, üstündən neçə saat
keçib, indi yadına düşdü?- Hə, indi
yadıma düşdü. Nə vaxt istərəm, onda
da soruşaram, başa düşdün! Sən məndən soruşa bilməzsən hardan
gəlirəm. Özüm bilərəm, hara istərəm
gedərəm, nə vaxt istərəm gələrəm!
Qızam mən? Gec gəlsəm nə olacaq, məni
tutub zorlayacaqlar? Sən mənə göstəriş
verəcəksən?Qadın yerindən qalxıb pəncərəni örtdü.- Pəncərəni niyə
örtürsən?- kişi gözlərini bərəldib
soruşdu.- Elə-belə.- Necə yəni elə-belə?
İstəmirsən qonşular səsimi eşitsinO,
oturduğu yerdən uzanıb pəncərəni
açdı. Qışqıra-qışqıra:- Ala, qoy eşitsinlər, cəhənnəmə eşitsinlər, qara gora
eşitsinlər. Qonşuların da var-
yoxunu...Qadın yerindən qalxıb yataq
otağına keçmək istədi. Əri dalınca:- Hara
gedirsən?- Başım hərlənir, uzanmaq
istəyirəm.- Heç hara getmirsən, gəl otur çörəyini ye.- Yemək istəmirəm, iştaham
yoxdu, ürəyim bulanır.- Qorxma,
ölməzsən, gəl otur burda.Qadın qapının
kandarında dayanıb ərinin qan qoymş
gözlərinə baxdı. Nə edəcəyini, hara
gedəcəyini bilmədi. Otursun neynəsin, getsin neynəsin. O, qəfildən iti
addımlarla yataq otağına sarı getdi,
qapını dalınca çəkib üzü üstə taxta
sərildi. Əri bayaqdan bunu gözləyirmiş
kimi, özünü otağa saldı. - Dur
ayağa!- ...- Dur ayağa eşitmirsən?Qadın yerindən tərpənmədən var gücü ilə:-
Durmuram! Durmuram! Əl çək məndən!
– deyə qışqırdı.Əri əvvəlcə gözlərini
döydü, sonra:- Necə yəni durmuram?! –
deyə özünü qadının üstünə atdı. Onu
arxası üstə çevirib var qüvvəsi ilə Qadına bir şillə endirdi. - Dur ayağa!- ....-
Eşitmirsən?- ...Qadın cavab vermədi,
çünki heç nə hiss etmirdi... ***Yuxuya
getmiş körpənin əllərini sinəsindən
ayırıb, döşünü onun ağzından çıxardı.
Ehmalca götürüb yerinə qoydu. Əyilib totuq yanaqlarından öpdü, qoxusunu
ciyərlərinə çəkdi. Qapını yavaşca örtüb
ayağını çəkə-çəkə otaqdan çıxdı. Əri
televizora baxırdı. Qadın otağa – ərinin
yanına getdi. Neçə gün idi bir-birilərini
yaxşı görə bilmirdilər. Üç gün idi ki, ana olmuşdu. Körpəsini çox çətinliklə
gətirmişdi dünyaya. Həkimlər ikisindən
birinin sağ qalacağını desələr də,
möcüzə nəticəsində hər ikisi xilas
olmuşdu. Qadın qızının doğulmasına
sevinə bilməmişdi. Əri hər dəfə ona xatırlatdıqca ki, qızın olsa,
xəstəxanadan atan evinə gedərsən, o,
ana olmaqdan qorxurdu. “Birdən qızım
oldu? Birdən oğlum olmadı, mən
neynəyəcəm?- deyə özünü sualarla
dəng edirdi. Amma həkim ölümlə həyat arasında çırpınan qadına: “Qızın oldu,
gözün aydın!”-deyəndə bütün
ağrılarına rəğmən yerindən dik atılıb
göbəyi hələ kəsilməmiş körpəsini
görmək istədi. Qışqırıb : “Ola bilməz, ola
bilməz!”- demək istəsə də, bacarmadı. Bir yandan çəkdiyi ağrılar, bir yandan
da övladının qız olması onu yenidən
arxası üstə sərdi. Zarıyıb başını yana
çevirdi. Elə bu an qarnının üstünə
düşən isti bir şey onu qucaqladı.
Diksinib başını qaldıranda gördü ki, körpəsi sanki sürüşüb yerə düşəməmk
üçün isti əlləri ilə onun qarnını
qucaqlamaq istəyir, ancaq əlləri
sürüşdüyündən yumşaq, uzun
dırnaqları onu qıdıqlayırdı. Bu istilik
onun bütün vücudunu sardı, qəlbinə yayıldı. Birdən-birə o, körpəsini
qucağına almaq, sinəsinə sıxıb onu
üşüdən fikirlərdən qurtulmaq istədi.
Həkim körpəni Qadının üstündən
götürüb gülə-gülə:- Deyirlər körpə
doğulan kimi anasının qarnı üstünə qoyulanda anasını daha çox istəyir, -
dedi.Körpəni bir göz qırpımında bələyib
yan stolun üstünə qoydular. Qadın
qızına tərəf boylandı. İstədi desin ki,
yanıma qoyun, utandı. Körpə elə bir
ağız doğulanda ağladı, sonra heç səsini də çıxartmır, hələ anasından başqa heç
nəyi ayırd etməyən gözləri ilə ətrafı
“seyr edirdi”. Sanki doğulduğuna, özü
də qız olduğuna utanırmış kimi, səsini
içinə qısıb lal-mat dayanmışdı. Onunla
eyni vaxtda anadan olan oğlan uşağı ara vermədən cır səsi ilə çığırır, sanki
hamıya “Mən oğlanam, mən kişiyəm!”-
deyə acıq verirdi. Qadın qızının yanında
bar-bar bağıran bu oğlan uşağının
qalibanə hayqırtısına dözə bilmirdi. O,
öz zavallı körpəsinə baxıb düşünürdü: ”Səndən ötrü nəinki atam evinə,
cəhənnəmə də getməyə razıyam.
Cəhənnəm olsun hər şey, səndən ötrü
yaşayacam, yaxşı ki, sən qızsan, sən
mənim qızımsan, öz qızım”. Birdən ona
elə gəldi ki, körpəsi doğulmazdan əvvəl atasının dediklərini eşidib, ona görə
belə susur. Qadın üzünü yana çevirib
əlinin arxası ilə gözünün yaşının
sildi...Əri divanda uzanıb ayaqlarını
divanın qoltuq yerinə qoymuşdu.
Qadının otağa gəldiyini görsə də, özünü o yerə qoymadı. Qadın onun yerindən
tərpənmədiyini görüb yerdə, xalçanın
üstündə oturdu. Zorla ayaqlarını
qarnına tərəf yığdı. Ağrıdan ufuldadı.
Əri gözüucu ona baxdı. - Nə oldu?-
Heeç...otura bilmirəm...- Böyük şey olub. - O nə deməkdi?- Necə yəni nə
deməkdi?- Mən ölümün cəngindən
çıxmışam, sənin dediyin sözə bax.-
Qəhrəmanlıq eləmisən! Narkomanların,
alkaşların arvadı bir qucaq oğlan
doğur, mənim arvadım qızı doğub gəlib üstümə. Nə istəyirsən, könlündən nə
keçir? Səni qucağımda gəzdirim?- Bəsdi,
uşaq yatıb.- Cəhənnəmə yatıb, qara
gora yatıb.- Elə demə, Allaha acıq gedər.
O qızın bir dırnağından ötrü qurbanı
bağlı qalıb, evi dağılanlar var. Sən nə danışdığını bilirsən?- Kimə acıq gedər?
Allaha? Sənin də, sənin Allahının
da....Allah niyə sənə oğul vermədi, hə,
niyə? Verəydi də, ölürsən ondan ötrü.-
Elə danışma, uşağa bir şey olar.- Pah!
Oğlan uşağı deyil ki, olsun da...Qadın göz yaşlarını saxlaya bilmədi. Ayağa
durmaq istədi. Ağrıdan inildəyib aşağı
çökdü. Başını dizlərinə doğru əydi.
Ağrıdanmı, ya ağladığındanmı zarıdı.
***Mətbəxə keçdi. Pıqqapıqla
qaynayan çaydanın buxarı otağa dolmuşdu. O, çayı dəmə qoydu, qaza
söykənib dəmlənməsini gözlədi. Vaxt
ona o qədər uzun, zəhlətökən gəlirdi ki,
elə bil bir neçə dəqiqə yox, bir-neçə il
keçdi. Bayaqdan süzüb stolun üstünə
qoyduğu çay soyumuşdu. Düşünə- düşünə stəkanı o yan-bu yana fırladır,
gözlərini bir nöqtədən ayıra bilmirdi.
Artıq neçənci dəfə çayı dəyişib
təzələdyini xatırlamadığına görə
əsəbiləşirdi.... Qonaq otağının qapısını
örtdü, yazıq-yazıq ona baxıb ağlayan körpəni sinəsinə sıxdı ki, əri səsə
ayılmasın. Bilirdi ayılsa : “Görmürsən
yatmışam, niyə kəsmirsən bunun
səsini?”- deyə bağıracaq. Qadın da
cavab verə bilmədiyindən bütün hirsini,
acısını içinə vurub özünü didib- dağıdacaq. Möhkəm çığırmaq istəyəcək,
üstünə yüyürüb var gücüylə onu
yumruqlamaq, yumruqlamaq, bütün
hikkəsini, hirsini çıxarana qədər
yumruqlamaq istəyəcək, ancaq
bacarmayacaq.Yataq otağının qapısı cırıldadı. Qadın gözucu qapıya tərəf
baxdı. Əri qapını açıb içəri boylandı.
Yatmaqdan gözləri, dodaqları şişmişdi.
Qadın başını qaldırmadı. Əri heç nə
olmamış kimi soruşdu:- Neynirsən?
Qadın mızıldana-mızıldana cavab verdi:- Heç nə.- Nə olub, niyə burnunu
sallamısan?- Özün yaxşı bilirsən. - Nəyi
bilirəm, nəyi? - deyib özünə divanda,
qadının yanında yer elədi. Əlini onun
belinə keçirib, boynundan öpmək
istədi. Qadın əlilə yüngülcə, bir az da qorxa-qorxa onu itələdi. Kişi onu
özünə sıxdı. - Yanıma gəl, gəl
bura.Qadın ayağa qalxdı, körpəni
aparıb çarpayısına qoydu. Otaqdan
ərinin səsi gəldi:- Çay gətir.- Gətirirəm,-
deyə Qadın həvəssiz-həvəssiz cavab verib mətbəxə keçdi. Həmişəki kimi
çaydan qazın üstündə isti idi. Çayı
həmişə hazır olardı. Əvvəllər o, bütün ev
işlərini sevə-sevə eləyərdi, həmişə
deyərdi ki, ailədə hər şey məhəbbətdən
doğmalıdır. Çay da, yemək də, yuyulmuş paltarlar da, təmizlənmiş ev
də, elə övlad da. Məhəbbətsiz görülən
işdən iş olmaz. Ancaq indi ona daha
çox əziyyət verib incidən, ərinin
tənələri, təhqirləri deyil, gördüyü bütün
işləri sevgisiz, candərdi eləməsi idi. Gördüyü heç bir işdən zövq ala bilmir,
hər işi həvəssiz görürdü.Adəti üzrə,
məcməyiyə çayla bərabər bir
qənddanda qənd, birində konfet, bir
boşqabda da şirniyyat qoyub otağa
keçdi. Məcməyini stolun üstünə qoyub dönəndə əri qolundan tutdu:- Sən Allah
sənə nə olub?Qadın gözlərini
qırpmadan ərinin üzünə baxdı. Onun
söydüyü söyüşlər, təhqirlər Qadının
qulaqlarında hələ də əks olunarkən, O
artıq nə etdiyini belə unutmuşdu. Qadın cavab vermədi, qolunu onun kobud və
güçlü əlindən dartıb aldı və yenidən
mətbəxə qayıtdı. Əslində mətbəxdə heç
bir işi yox idi. Birdən ərinin ayaq
səslərini eşitdi. O, mətbəxə gəlirdi, özü
də çox hirsli gəldiyini ayaq səslərindən ehtimal etmək olardı. Qadın nə
edəcəyini bilmədi. Artıq yorulmuşdu.
Hiss edirdi ki, hər şeyin sonudur və o
son çox yaxınlıqda, bir addımlıqdadır.
Kişi mətbəxə keçdi. İki otağın
arasındakı beş addımlıq yol qadına nə qədər zəhlətökən, uzun göründü. Az
qala qışqırıb : ”Nə eləyəcəksən, tez elə,
bitsin hər şey,”- demək istədi, ancaq
buna ehtiyac qalmadı. Əri onun hər iki
qolundan tutub var gücü ilə sıxdı və
özünə çəkdi. Qadına elə gəldi ki, qolları dibindən üzüldü. Kişi gözlərini onun
gözlərinə dikib dəli kimi bağırmaq
istədi, ancaq astadan pıçıldadı:- Məndən
boşansan, harada rastıma çıxsan, səni
öz əllərimlə yortacam, küçənin
ortasında da olsa, qanına qəltan edəcəm.Qadın sakit, heysiz halda:- Kim
dedi ki, mən səndən boşanıram? -
dedi.- Heç kim, amma bir sözdü də
deyirəm, yadında saxla, - dedi və onu
özünə sıxdı.Qadın, sanki indi başa
düşdü ki, bir zamanlar nəfəsindən belə sevgi ətri duyduğu kişidən nə qədər
iyrənir. Hətta üzünə tüpürüb onu rədd
edəcək qədər, lakin hisslərini büruzə
verə bilməzdi, buna ixtiyarı yox idi, axı
o, öz hisslərinin və arzularının deyil,
onun qulu idi. Bunu anlamaq və qəbul etmək nə qədər ağır, cansıxıcı idi. Qadın
boğula-boğula başını onun sinəsinə
qoydu. Əri Qadının onu tərk edəcəyini
düşünəndə özünü alçalmış hiss edirdi.
Onu da bilirdi ki, hədə-qorxuları ilə
özünü sığortalayıb, Qadını qabaqlamaq istəyir. Qadın isə finalı görürdü artıq,
çünki bu final indi daha çox ondan asılı
idi. Buna bircə həmlə kifayət idi. Əslində,
o, növbəti dava-dalaşı arzu edirdi. Arzu
edirdi ki, yenə aləm qarışsın bir-birinə,
əri yenə üstünə şığıyıb var qüvvəsi ilə ona bir-iki şillə ilişdirsin. O, da özünü
saxlaya bilməyib dizləri üstə yerə
düşsün. Bundan sonra əri qapını çırpıb
gedəcək, O da həmişəki kimi üzünü
əllərinin arasına alıb əvvəl boğula-
boğula, sonra da hönkürə-hönkürə, yana-yana yorulub əldən düşənədək
ağlayacaqdı. Sonra ayağa qalxıb bir
xeyli güzgü qarşısında duracaq, qızarıb
şişmiş gözlərinə baxacaq, baxacaq, öz-
özünə: ”Bir də, bir də belə olsa, çıxıb
gedəcəm,”- deyib yenə də nəyisə gözləyəcək. Niyə bu evi tərk etməyə
cürəti çatmırdı, nə idi onu bura
bağlayan, özü də bilmirdi. Bircə onu
bilirdi ki, bu hiss hər nədisə, artıq sevgi
deyil.Bir dəfə əri ilə yola getməyən
yaxın rəfiqəsi ona demişdi ki, mən artıq ərimi sevmirəm, məni ona bağlayan
yataqdan başqa bir şey deyil. Özünə də
demişəm ki, mən səninlə ancaq buna
görə yaşayıram. Qorxuram ki, ayrılam,
sonra da özümü saxlaya bilməyib özgə
kişilərlə yatıb-eləyərəm, biabır olaram. Elə halal ərimsən də, ona görə də biz bir
yerdəyik. O zaman Qadın hələ ailə
qurmamışdı, bu söhbətin mənası ona
çatmamışdı. Ancaq başa düşə bilmirdi
ki, necə ola bilər ki, sevmədiyin biri ilə
bir tavan altında yaşamağa məcbur olasan, özü də gör nəyin xətrinə. İndi
öz başına gələnlərdən sonra subay
vaxtı onu heyrətləndirən bu məsələni
daha yaxşı dərk edir, fikrində qalırdı.
Çünki sevgisi öldükcə onun üçün ən
dözülməz əzab gecənin düşməsi, ərinin onu qucağına alması idi. Gecədən-
gecəyə, yalnız yataq otağında
nəvazişin, sevginin nə olduğunu
xatırlayan bu adamdan o qədər
çirkinmişdi ki, özünü halal-hümbət
ərinin qucağında küçə qadını kimi hiss edir, özünə nifrət edirdi və dərk edirdi
ki, belə yaşamaq olmaz. Getdikcə
rəfiqəsini anlamırdı. ***“Yox, bunun
əcəli mənim əlimdə tamam olacaq. Özü
də bu gecə, bu gün. Sən sabahı
görməyəcəksən”. Öz-özünə ürəyindəkiləri dilinə gətirdi. Öz səsindən
özü diksindi. Lakin əri ölü kimi yatmışdı.
Ərinin belə möhkəm yatması onu bir az
da ürəkləndirdi.Gözünə heç nə
görünmürdü.”O, ölər, məni də
həbsxanaya salarlar. Uşağı da uşaq evinə. Vaxt tez keçir. Çıxaram, sonra
gedib uşağımı alaram hökumətdən.
Baş-başa verib qalan ömrümüzü
yaşayarıq”. Körpənin səsi onu fikirdən
ayırdı. Tez onu qucağına alıb sinəsinə
sıxdı. Qonaq otağına keçdi. Əlindəki bıçağı stolun üstünə qoydu. Televizor
açıq idi. Film gedirdi. Ayaqüstə bir az
baxdı. Nəsə maraqlı gəldi. Deyəsən,
təzə başlamışdı. Divanda oturdu.
Maraqla filmə baxmağa başladı.Gecənin
bir yarısı idi. Qadın saata baxdı. - Ay aman, saat üçdü ki!- dedi özü-özünə -
mən neynəyim?O, nə edəcəyini bilmirdi.
Baxdığı film fikirlərini tamamilə alt-üst
etmişdi. Filmin baş qəhrəmanı ərinin
zülmlərindən təngə gəlib onu qətlə
yetirən qadın idi. Onun həbsxanada yaşadıqları Qadını sanki yuxudan
ayıltdı. Həyatını məhv etmək, ömrünün
ən gözəl çağlarını dörd divar arasında
keçirmək, övladına lazım olan vaxtlarda
onun yanında olmamaq.... Bütün bu
fikirlər sanki ona bir şillə kimi dəydi. Ürəyi sinəsində yaralı quş kimi
çırpınmağa başladı. Otaqda var-gəl etdi.
Nə edəcəyini bilmirdi. Ancaq nəsə
eləməliydi, özü də bu
gecə.Barmaqlarının ucunda yataq
otağına keçdi. Ərinin nəfəsinə qulaq asırmış kimi ona sarı əyildi. Yox, bərk
yatmışdı, ayılana oxşamırdı. Ana-bala
özlərinə lazım olan bəzi vacib pal-paltar
və əşyaları qaranlıqda əlhavası çantaya
yığdı. Otaqdan çıxanda dönüb ərinə
baxdı. O, hələ yatırdı...Uşağı yorğançasına büküb bağrına basdı.-
Bağışla məni, balaca, başqa çıxış yolum
yoxdur. Sən məni başa düşəcəksən,-
deyib körpənin alnından öpdü. Son
dəfə evinə baxdı, hər tərəfə göz
gəzdirib, işığı söndürdü.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 433 Bölmə: Sevgi varmı?